Vurnuxma

post-img

Ermənistan hara gedəcəyini, nə edəcəyini anlamayan ölkədir

Yenə başlayıblar üzlərinə məzlum, əzabkeş maskasını taxıb hamıdan və hər kəsdən şikayətlənməyə. Hayların əsrlərlə formalaşmış və “daşlaşmış” bu vərdişlərini nə vaxtsa tərgidəcəklərinə ümid bəsləmək yersizdir. Son vaxtlar rəsmi İrəvan şikayətnamələrini “paket” şəklində, demək olar ki, müxtəlif müstəvilərdə və bütün məqamlar üzrə dünyaya faş etmək qərarına gəlib. İndi bu missiya Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovannisyana həvalə edilib. Onun fikrincə, “Bakı İrəvanın sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab verməyə tələsmir, eyni zamanda, ermənilərin “Dünyanın kəsişməsi” layihəsinə də, nədənsə, soyuq yanaşır”.

Rəsmi İrəvanın reallığı və faktları təhrif edən açıqlamasından aydın olur ki, Paşinyan komandası sülh danışıqları prosesində vasitəçi kimi hələ də Avropa İttifaqına arxalanır. Üstəlik, “kollektiv Qərb”in bu prosesdə iştirak etmədiyi üçün dərin təəssüf hissi keçirir.

Türkiyə ilə danışıqlara gəlincə isə İrəvan bu müstəvidə də “kədərlidir”. “Xarici işlər nazirləri, prezidentlər və baş nazirlər səviyyəsində Ankara ilə siyasi dialoq aparılır, amma razılaşmalar hələ də həyata keçirilməyib”. Bunu acı təəssüf ilə bildirən Hovannisyan hesab edir ki, Azərbaycanın şərti sərhədin Ermənistan tərəfində Aİ-nin casus missiyasının fəaliyyətinə mənfi münasibət bəsləməsinə baxmayaraq, onun yerləşdirilməsi bölgədə “eskalasiya ehtimalını azaldır”.

Aşkar riyakarlığın hiss olunduğu bu tip bəyanatlarla Ermənistanın nəyə nail olmağa çalışdığı bizə məlumdur. İrəvanın indi miskin və çarəsiz şəkildə danışıqlar prosesinin ləngiməsində qarşı tərəfin günahkar olduğunu sübut etməyə çalışması da təzə tezis deyil. Bu, sadəcə, hayların danışıqlar prosesini, ümumiyyətlə, inkişaf etdirmək niyyətində olmadıqlarının əlamətidir.

* * *

Beləliklə, hansı tərəfdən baxmağımızdan asılı olmayaraq, görünən odur ki, Ermənistan özünü geosiyasi dalana dirəyib. Onun ifrat “siyasi utancaqlığı” dünənki müttəfiqləri ilə də münasibətlərinin buzlaşmasına gətirib çıxarıb. Belə bir vəziyyətdə Paşinyan hakimiyyətinin arxalana biləcəyi qərbli “dostları” da vədlərinə xilaf çıxırlar. Avropalı “səlibçi” haypərəstlərin başı hazırda daxili problemlərinin həllinə qarışdığından İrəvana vaxt ayırmadıqları aydın görünməkdədir. Onlar nəinki Cənubi Qafqazda, heç qulaqlarının dibindəki Ukraynada “sülhməramlı missiya”larını düz-əməlli yerinə yetirməkdən məhrum olublar. Eyni vaxtda Rusiya, Çin və ABŞ ilə qarşıdurma vəziyyətinə salınmış Avropa “gücləri” üçün Nikol Paşinyanın onlara bəslədiyi ümidlər sadəlövh uşağın ucuz kanfetlə aldadılmasını xatırladır. Bundan əlavə, hazırda Aİ-nin Cənubi Qafqazdakı fəaliyyəti sönmək üzrədir. Axı, nə Ermənistan, nə Azərbaycan, nə də Gürcüstan Aİ-nin üzvüdür. “Qoca qitə”nin bu qurumunda onların real səlahiyyətləri də yoxdur. Digər vacib amil Aİ-nin regional proseslərə müdaxilə cəhdləri, ən azı, Rusiya və İran kimi “oyunçular” arasında ehtiyatlı davranmağa vadar edir. Əks-təqdirdə, nəticə təkcə onlar üçün deyil, Ermənistanın özü üçün də acınacaqlı ola bilər.

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, Ermənistan xarici işlər nazirinin müavininin bəzi reallıqlardan xəbəri yoxdur: “Ya da, o, bu reallıqları görməzliyə qoyur. O, yəqin müharibə qurtarandan dərhal sonra ilk sülh təklifinin Bakıdan səsləndiyini yadından çıxarıb. Azərbaycan bu gün də özünün sülhpərvər addımlarını atmaqdadır. Eyni zamanda, sülh sazişi ilə bağlı Bakı əsaslandırılmamış heç bir tələb irəli sürmür. Əgər hər hansı bir dövlətin əsas qanununda qonşulara qarşı ərazi iddiaları yer alırsa, qarşı tərəf buna necə reaksiya verməlidir? Yəni, Ermənistan konstitusiyasında bizə qarşı ərazi iddialarının olması faktına Azərbaycan susmalıdır? Yaxud, Qərbi azərbaycanlıların onlara hücum edəcəkləri ilə bağlı hay-küy qaldırıblar. Guya, soydaşlarımız tanklarla, təyyarələrlə basqın edəcəklər. Doğrusu, bütün bunlar uşaq söhbətlərinə bənzəyir. Dövlət rəsmilərinə yaraşmayan, diplomatik səviyyəyə qəti uyğun gəlməyən bəyanatlardır.

Hazırda iki ölkənin hökumətləri səviyyəsində delimitasiya komissiyaları işləyir. Dövlət başçıları görüşürlər, Bakının sülh sazişinə bir sıra təklifləri qəbul olunub. Çünki onlar özündə reallığı əks etdirən təkliflərdir. Sadəcə olaraq, Ermənistan qoyulan problemləri həll etdikdən sonra Azərbaycan sülh müqaviləsini imzalamağa hazır olacaq. Hayların nazir müavini onu da unutmasın ki, onlar Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayıblar. Yəni, indi bizim onlara inanmağımız üçün əlimizdə heç bir əsas yoxdur. Azərbaycanın üzləşdiyi vəziyyət, təbii ki, indi qonşusu ilə onu daha ehtiyatlı davranmağa vadar edir”.

* * *

İrəvanın sağa-sola, Qərbə–Şərq arasında vurnuxmaya çevrilmiş “siyasi səyahətləri”nin nə qədər vaxt aparacağı hələlik bəlli deyil. 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Nikol Paşinyan müxtəlif geosiyasi istiqamətlər arasında siyasi manevr etməyə çalışsa da, indi onun hərəkətlərinin arxasında Qərb qlobalistlərinin maraqlarının dayandığı məlumdur. Artıq ABŞ-da məğlubiyyətə uğrayan bu qüvvələr hələ də sabitliyi pozmaq üçün Cənubi Qafqazdan “katalizator kartı” kimi istifadə etməyə çalışırlar. Nəticədə Paşinyanın “qurbanlıq keçi”yə çevrilmək ehtimalı reallaşa bilər. Hayların baş naziri münaqişə ilə heç bir əlaqəsi olmayan kənar oyunçuları ikitərəfli dialoqa cəlb etməklə məsələni sülhlə yoluna qoymaq arzusunda olmadığını nümayiş etdirir. Əslində, bu, prosesi gecikdirmək və istənilən real sülh təşəbbüslərini pozmaq üçün klassik hay taktikasıdır. Bu prizmadan baxanda “nə sülh, nə də müharibə” prinsipi ilə hərəkət edən Paşinyanı əks-inqilabçı Trotskiyə bənzədə bilərik. O, hesab edir ki, Ermənistandakı Avropa missiyasının mandatının uzadılması İrəvanın siyasi asılılığının daha bir sübutudur. Maraqlıdır ki, İrəvan BMT-yə və ya digər bitərəf təşkilatlara üz tutmaq əvəzinə, öz ərazilərinin ixtiyarını “dosyesi mübahisəli qüvvə”yə – Rusiya və İranla qarşıdurmada olan Aİ-yə verib. Bu, əlbəttə ki, Ermənistana qonşuların – Azərbaycanın, Türkiyənin, İranın, Rusiyanın və hətta Gürcüstanın etimad səviyyəsini azaldır.

Beləliklə, Paşinyanın ikiüzlü siyasəti sülh razılaşmasına deyil, münaqişənin uzanmasına gətirib çıxara bilər. Aİ missiyasının Ermənistanda qalması isə dağıdıcı nəticələrdən başqa heç nə vəd etmir. Əsas mesaj ondan ibarətdir ki, Ermənistan, guya, İkinci Qarabağ müharibəsi şəraitinin qurbanı olub. Bəli, bu, faktdır və İrəvan indi Bakının tələblərinə əməl etməyə məcburdur. Bu zaman beynəlxalq hüquqdan dəm vuran hayların nazir müavini BMT Təhlükəsizlik Şurasının 32 il bundan əvvəlki, Ermənistanın silahlı qüvvələrinin Qarabağdan çıxarılmasını tələb edən dörd qətnaməsinə məhəl qoymadan Azərbaycan ərazilərini işğal etməsi faktını da qulağında sırğa etməlidir.

Erməni nazir müavininin çıxışının digər mühüm məqamı “Dünyanın kəsişməsi” təşəbbüsünü xatırlatması oldu. Kənardan adı cəlbedici görünsə də, əslində, Paşinyanın ortaya atdığı bu avantürist ideya Zəngəzur dəhlizi ilə bağlı artıq əldə edilmiş real razılaşmaları dondurmağa yönəlib. Bundan əlavə, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyini ortaya qoyduğunu nəzərə almaq lazımdır. İlk addım Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olmalıdır, çünki bunsuz ölkələr arasında tam ticari-iqtisadi əməkdaşlıq və etimad mümkün deyil.

* * *

Kənar müşahidəçidə belə şübhə doğuran, erməni nazirin qeyd etdiyi, Azərbaycanla sərhəddə “Aİ missiyasının məqsədəuyğunluğu” məsələsidir. Əgər Azərbaycan təcavüzkar ölkə olsaydı, İrəvanın bu mövqeyi məntiqi sayılardı. Amma hamı Bakının belə bir niyyətinin olmadığını bilir. Azərbaycan Ermənistanın işğalı altında olan əraziləri üzərində nəzarəti və konstitusiya quruluşunu bərpa edib.

Odur ki, Ermənistan xarici işlər naziri müavininin çıxışının təhlilini ümumiləşdirərək, nəticədə danışıqlar prosesinin təxirə salınması istiqamətində iş aparıldığını deməyə əsas verir. Bu, Bakı üçün heç də təəccüblü sayılmamalıdır. Çünki zatlarına çoxdan bələd olduğumuz hayların hansı durumda necə hərəkət edəcəklərini artıq əvvəlcədən proqnozlaşdırmaq bizə çətin deyil...

İ.HƏSƏNQALA
XQ



Siyasət