Türkiyə parlamentində “Xocalıya ədalət!” çağırışı

post-img

Türkiyə Böyük Millət Məclisində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Bu barədə XQ-yə məlumat verən Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin işlər müdiri Əvəz Səfərov bildirib ki, parlamentdəki bütün partiyaların qrup başqanlarının iştirak etdiyi mərasim Xocalı qurbanlarının xatirəsinə bir dəqiqəlik sükut və faciəni əks etdirən qısa filmlə başlayıb. Sonra “Xocalı soyqırımı” sərgisinə baxış olub.

Anım məclisində qardaş ölkənin millət vəkilləri Şamil Ayrım, Uğur Bayraktutan, Filiz Kılıç, Ayyüce Türkeş, Səlçuk Özdağ çıxış edərək Xocalı soyqırımının bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri olduğunu, soyqırımın yalnız Azərbaycan türklərinə deyil, bütün Türk dünyasına qarşı törədildiyini qeyd ediblər.Onlar Türkiyə parlamentarilərinin Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün çalışmağa davam edəcəklərini bildiriblər.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Azərbaycan Respublikası Prezidentinin Türk Dövlətləri Təşkilatında səlahiyyətli nümayəndəsi, dövlət xadimi Həsən Həsənov tariximizin ortaq acısı olan Xocalı faciəsini – Qarabağ bölgəsində törədilən soyqırımı aktının heç zaman unudulmayacağını söyləyiblər.

Anım mərasiminin davamında Xocalı soyqırımına həsr olunmuş panel müzakirə təşkil olunub. Paneldə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Mehmet Akarca “Xocalı soyqırımının insan hüquqları baxımından dəyərləndirilməsi” mövzusunda çıxış ediblər.

Türkiyə – Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin təşəbbüsü, Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun birgə təşkilatçılığı ilə keçirilən mərasimin sonunda TADİV-in sədri, Türkiyə Respublikası Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar hər il Xocalı şəhidlərinin xatirəsinin Türkiyə Böyük Millət Məclisində ehtiramla qeyd edildiyi üçün təşəkkürünü bildirib.

Anım mərasimi "Xocalıya ədalət" çağırışı ilə sona çatıb.

Namiq QƏDİMOĞLU
XQ



Siyasət