Canilər cəzasiz qalmamalıdırlar

post-img

Estoniya–Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb. Sənəddə deyilir: “Estoniya–Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir. Estoniya parlamentinin Estoniya–Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir və onu törədənləri məsuliyyətə cəlb etməyə çağırır. Biz 600-dən çox günahsız dinc sakinin, o cümlədən çox sayda uşaq, qadın və qocanın qətlə yetirildiyi Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşürük. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı dinc azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayətləri qətiyyətlə pisləyirik”.

Bəyanatda daha sonra qeyd edilir ki, bu kütləvi qətlin səbəbkarları ədalət qarşısında cavab verməlidirlər: “Regionun bütün ölkələrinin suverenlik və ərazi bütövlüyü, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var. Biz Azərbaycana öz ərazisində davamlı sülhün bərqərar olması, inteqrasiya və yenidənqurma işlərində dəstəyimizi ifadə edirik”.

Qeyd edək ki, Estoniya–Azərbaycan parlamentlərarası dostluq qrupuna Riina Solman (sədr), Mariya Yufereva-Skuratovski (sədr müavini), Yaak Aab, Vadim Belobrovtsev, Zuleyxa İzmailova, Aleksey Yevqrafov, Ester Karuse, Toomas Kivimaqi, Ayvar Kokk, Anastasiya Kovalenko-Kılvart, Lauri Laats, Andres Metsoya, Eduard Odinets, Helyo Piekhof, Yuku-Kalle Raid, Urmas Reynsalu, Ayvar Sıerd və Hendrik Yoxannes Terras daxildirlər.

XQ

Siyasət