“Tərəfkeş” vasitəçilər kimə lazımdır?

post-img

Gülşən PAŞAYEVA,
Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin üzvü

Məlum olduğu kimi, 1992-ci il martın 24-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinin (ATƏM) Xarici İşlər Nazirlər Şurasının Helsinkidə keçirilmiş əlavə iclasında ATƏM-in himayəsi altında Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsinə dair Minsk konfransının keçirilməsi haqqında qərar qəbul edildi. Bu konfrans ATƏM-in prinsip, öhdəlik və müddəalarına əsaslanaraq, danışıqlar aparmaq vasitəsilə münaqişənin sülh yolu ilə həll edilməsi üçün daimi fəaliyyət göstərən bir qurum olmalı idi.

Lakin 1992-ci ilin iyununda 11 dövlətin –ABŞ, Almaniya, Belarus Respublikası, Çexiya və Slovakiya Federativ Respublikası (1993-cü il yanvarın 1-də Çexiya və Slovakiya bir-birindən ayrılaraq müstəqil dövlətlərə çevrildilər), Fransa, İsveç, İtaliya, Rusiya Federasiyası, Türkiyə, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilməli olan bu konfrans baş tutmadı. Elə həmin dövrdən etibarən 11 dövlətin nümayəndələri Minsk qrupu adı altında danışıqlar prosesinə vasitəçilik etməyə başladılar.

1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin qətiyyətli qərarları, apardığı müdrik siyasət nəticəsində 1994-cü ilin mayın 12-də tərəflər arasında atəşkəs haqqında razılıq əldə edildikdən sonra 1994-cü ilin 5-6 dekabr tarixlərində keçirilmiş ATƏM-in Budapeşt Zirvə toplantısında Ermənistan–Azərbaycan münaqişəsinə vasitəçilik edən Minsk qrupunun həmsədrlik institutu təsis edildi. İlk olaraq bu təsisata iki həmsədr təyin edildi.1997-ci ilin yanvarın 1-dən isə ATƏT-in Minsk qrupuna Rusiya Federasiyası, Fransa və ABŞ həmsədrlik etməyə başladılar. Eyni zamanda, ATƏT çərçivəsində bu münaqişə ilə məşğul olan daha iki təsisat – Vyanada üzv dövlətlərin hərbi ekspertlərindən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma qrupu və Tbilisidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi yaradıldı.

Lakin 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşması dövründən İkinci Qarabağ müharibəsinə qədər davam edən 26 il ərzində Minsk qrupunun vasitəçilik səyləri bir nəticə vermədi. 2018-ci ildə hakimiyyətə gəlmiş Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş Ermənistan Prezidentləri Robert Koçaryan və Serj Sarkisyan kimi, 1992–1994-cü illərdə əldə edilmiş status-kvonu qoruyub saxlamaqla və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimi dəstəkləməklə yanaşı verdiyi “Qarabağ Ermənistandır və nöqtə” təxribatçı bəyanatı danışıqlar prosesini tamamilə məhv etdi.

Nəticəsiz danışıqlar, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və Ermənistan hökumətinin hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi. Nəhayət, Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatmış 44 günlük müharibə və 2023-cü ilin 19–20 sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri boyu öz suverenliyini bərpa etməsini labüd etdi və beynəlxalq hüququn təntənəsi ilə yekunlaşdı.

Bu gün Azərbaycan və Ermənistan rəsmiləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında saziş üzərində işləyirlər. Bu 17 maddədən ibarət sənədin artıq 15 maddəsi Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılmışdır. Yalnız iki maddənin və iki şərtin razılaşdırılması tələb olunur. Onlar arasında Ermənistan konstitusiyasından, eləcə də normativ aktlardan Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasını, ATƏT-in Minsk qrupunun rəsmi olaraq ləğv edilməsini, Ermənistanın və Azərbaycanın beynəlxalq məhkəmələrdə bir-birinə qarşı qaldırdıqları iddialarını geri götürməyə hazır olmalarını və hər iki dövlətin sərhədləri boyunca başqa ölkələrin qoşunlarının yerləşdirilməməsini qeyd etmək olar.

Beləliklə, Ermənistan və Azərbaycan arasında davamlı sülhün əldə edilməsi üçün ATƏT-in Minsk qrupunun rəsmi olaraq ləğv edilməsi vacib şərtlərdən biridir. Bu gün həm məntiqi, həm də siyasi baxımdan tamamilə aydındır ki, ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Qrupu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi öz dövrünü başa vurmuş təsisatlara daha ehtiyac yoxdur. Eləcə də onların ATƏT tərəfindən maliyyələşdirilməsi əsassızdır.

Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında bu məsələni daim diqqətdə saxlayır. Digər tərəfdən, son dövrlər Ermənistan baş naziri Nikol Paşinyan da ATƏT-in Minsk qrupunun buraxılması haqqında şərhlər vermişdir. Beləliklə, ATƏT-in Minsk qrupu və yuxarıda qeyd edilən digər təsisatların rəsmi olaraq ləğv edilməsi ilə bağlı hər iki ölkənin liderinin ATƏT-ə müraciət etməsi Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad tədbirlərinin qurulması baxımından əhəmiyyətli ola bilərdi.

 

 

Siyasət