Almaniya bu dəfə “sağ”ı seçdi

post-img

Yeni kansler Avropanı güclü və müstəqil görmək istəyir

Almaniyada seçkilər sürpriz nəticələrlə yekunlaşmadı. Xristian Demokratlar İttifaqı (XDİ) /Xristian Sosialistlər İtttifaqı (XSİ) bloku 30 faizdən bir qədər az səs toplayaraq inamla qalib gəldi.

Sağçı populist Almaniya üçün Alternativ isə (AfD) ilk dəfə 20 faizdən bir qədər çox səs qazanaraq ikinci yeri tutdu. Olaf Şoltsun lideri olduğu Sosial Demokratlar Partiyasının (SDP) isə ağır məğlubiyyətə məruz qaldı (16 faiz). Bununla da, Almaniyanın yeni kansleri mühafizəkarların lideri Fridrix Merts olacaq.

Alman seçiciləri öz seçimini etdilər. Fevralın 23-də keçirilən səsvermənin yekun nəticələri hələ tam məlum olmasa da, XDİ/XSİ blokundan olan mühafizəkarların qalib gəldiyi artıq aydındır. Göründüyü kimi, Almaniyanın sosial demokrat Olaf Şoltsun yerinə gələcək yeni kansleri XDİ-nin lideri Fridrix Merts olacaq. İndi yeni kansler hökumətin formalaşdırılmasna başlamalıdır. Almaniya mediası yazır ki, yeni koalisiyasının yaradılması heç də asan olmayacaq. Ona görə ki, ultrasağçı Alternativ (AfD) partiyasının səslərə görə ikinci olduğunu nəzərə alsaq, bunun asan məsələ olmayacağını deyə bilərik.

Bəs yeni hökumətin xarici siyasətində hansı dəyişiklik gözlənilir? Mühafizəkarların lideri Fridrix Merts ARD televiziya kanalında bir neçə proqram xarakterli bəyanatlar verdi. Cənab Merts bildirdi ki, yalnız Almaniya deyil, bütün Avropa təhlükəsizlik sahəsində müstəqil olmalıdır. Yeni kanslar etiraf etdi ki, belə bir çağırış edəcəyini düşünmürmüş: “Amma Donald Trampın bəyanatlarından sonra məlum olur ki, amerikalılar, ən azından bu Amerika hökuməti Avropanın taleyinə böyük ölçüdə biganədir”. O, əlavə etdi ki, Avropanı mümkün qədər tez gücləndirmək lazımdır və Avropa liderləri ilə bu barədə sıx müzakirələr aparacaq.

Bundan əlavə, Almaniya liderinin NATO barədə də fikirləri maraqlıdır. O, alyansın yay sammitinə qədər “daha tez müstəqil Avropa müdafiə potensialının yaradılmasının zəruri olacağını” istisna etmədi və hərbi blokun hazırkı formada həyat qabiliyyətinə şübhə etdiyini açıqladı. Cənab Merts hətta NATO-nun yerinə Fransa və Böyük Britaniya ilə nüvə əməkdaşlığını da əhatə edən yeni Avropa müdafiə ittifaqı yaratmaq ideyasını da irəli sürür.

Nəhayət, Avropa təhlükəsizliyi kontekstində Kiyevə yardımın qızğın tərəfdarı olduğunu çoxdan sübut edən Fridrix Merts Ukrayna məsələsinə də toxundu. Ukraynaya Avropa qoşunlarının göndərilməsinin hazırda gündəmdə olmadığını qeyd etməklə yanaşı, o etiraf edir ki, əsas vəzifə “Ukraynanın özünü müdafiə edə bilməsi üçün onu necə dəstəkləyə biləcəyimizə” qərar verməkdən ibarətdir. “Məncə, biz indiyə qədər bunu kifayət qədər etməmişik”, – deyən alman siyasətçi qeyd edir ki, ölkəsi Kiyevə hərbi yardım baxımından ABŞ-dan sonra ikinci ən böyük donordur.

Bununla belə, mütəxəssislərin sözlərinə görə, qalib blok üçün daha aktual vəzifə sabit koalisiya yaratmaq olacaq. Frisrix Merts söz verir ki, yeni hökuməti katolik Pasxa bayramına qədər (aprelin 20-də qeyd olunur-red.) formalaşdıracaq. Siyasi müşahidəçilərin fikrincə, XDİ/XSİ bloku ifrat sağçı AfD ilə hər hansı əməkdaşlığı qəti şəkildə rədd edir və buna görə də, mühafizəkarlar sosial demokratlar “Yaşıllar” partiyası ilə razılığa gələrək böyük koalisiya hökuməti formalaşdıra bilər. Yeri gəlmişkən, “Yaşıllar” parlamentdə xarici siyasət məsələləri üzrə səsvermə zamanı gələcək koalisiyanın əlavə dəstəyə ehtiyacı olarsa, Mertsi dəstəkləməyə hazır olduqlarını artıq açıqlayıblar. “Yaşıllar”ın lideri Robert Habek deyir ki, “amerikalılar təkcə Avropanı tək qoymurlar, həm də Avropaya qarşı işləyirlər. Ukraynanı darmadağın edirlər. Deyərdim ki, ona xəyanət edirlər. Bu, ən pis halda imperializmdir”.

Amma gələcək “böyük koalisiya” xarici siyasət məsələlərində anlaşa bilsə də, daxili siyasi problemlərlə bağlı razılığa gəlməsi asan olmayacaq. Çünki partiyaların iqtisadi problemlərə baxışları fərqlənir. Bundan başqa, mühacirət məsələsində də fikir ayrılıqları var. Məlum olduğu kimi, seçkilər ərəfəsində Fridrix Merts qeyri-qanuni mühacirlərlə mübarizə üçün son dərəcə sərt tədbirlər vəd edərək, partiyasının mərkəzçi mövqeyindən nəzərəçarpacaq dərəcədə uzaqlaşdı. Amma siyasi müşahidəçilər iddia edirlər ki, sosial demokratlarla mümkün ittifaq qaçılmaz olaraq Mertsi geri çəkilməyə məcbur edəcək. Mühafizəkarların mühacirət məsələsində nisbətən mülayim mövqe sərgiləməsi də ifrat sağçı AfD-nin populyarlığını artıracaq.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət