ABŞ-nin yeni Administrasiyasının Ukrayna-Rusiya münaqişəsi ilə bağlı mövqeyinin əsaslı surətdə dəyişməsi, Prezident Donald Trampın son günlərdəki açıqlamalarının doğurduğu siyasi təlatümlər fonunda dünyada güc amilinin beynəlxalq hüquq normaları üzərində üstünlüyü barədə səslənən fikirlərin nə qədər əsaslı olduğunu bir daha təsdiqləyir. Proseslərin gedişi ABŞ-nin artıq Ukraynaya hərbi-siyasi yardımları davam etdirmək niyyətində olmadığını, sözügedən münaqişənin həllində yenə də güc amilinin əsas götürüləcəyini deməyə ciddi əsaslar verir.
Aşkar görünür ki, aparıcı dövlətlər dünyada mövcud müharibə və münaqişələrə məhz konyunktur maraqları çərçivəsindən yanaşır, hətta strateji tərəfdaşlarını “qurban verməkdən” belə çəkinmirlər. İqtisadi-siyasi maraqları həyata keçirmək, təbii resurslar üzərində nəzarəti ələ almaq məqsədi güdən bu qərarlar bəzən bütöv bir xalqın mənafeyinin kənara qoyulmasına, dövlətlərin parçalanmasına gətirib çıxarır. Bəzi Qərb ölkələrinin münaqişələrin həllində təkbaşına qərar vermək cəhdləri haqlı olaraq beynəlxalq hüququn nəyə lazım olması sualını da meydana çıxarır. Qəribə səslənsə də, dünya artıq xaotik “qaydalarla” idarə olunur, aparıcı dövlətlər öz maraqlarını və ideologiyalarını digər dövlətlərə diktə etməyə çalışırlar.
İmperialist yanaşmadan əl çəkə bilməyən bəzi dövlətlərin hegemonluq iddialarını buxovlaya biləcək beynəlxalq hüquq normaları isə artıq təsir gücünü itirib. Bu vəziyyətdə mövcud müharibə və münaqişələrin həllinə ədalətli yanaşma arzusu isə, sadəcə, illüziyaya çevirib. Beynəlxalq hüquqa aşkar hörmətsizlik göstərən bəzi Qərb dövlətlərinin müxtəlif regionlarda geosiyasi maraqlarını reallaşdırmaq üçün demokratiya bayrağını əldə dəstəvuz etmələri, insan hüquqları məsələsini qabartmaları da məhz ikili standarların təzahürüdür. Uzağa getməyək, ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycanı ABŞ-nin humanitar yardımından məhrum edən məlum “907-ci düzəliş”in ötən il yenidən qüvvəyə minməsi deyilənləri bir daha təsdiq edir.
Beynəlxalq hüquq normalarının üstünlüyünü təmin etməli olan Birləşmiş Millətlər Təşkilatının yaradılmasından 80 ilə yaxın vaxt keçməsinə baxmayaraq, təşkilatın beynəlxalq təhlükəsizlik arxitekturasının üzləşdiyi çağırış və təhdidlərə vaxtında, səmərəli yanaşması sualı hələ də açıq qalır. Bu, əsasən, təşkilatda çıxarılan qərarların həyata keçirilməsi mexanizmlərinin müasir tələblərə cavab verməməsi ilə şərtlənir. 2011-ci ildə Liviyaya qoşun yeridilməsi ilə bağlı tələm-tələsik qərar qəbul edən BMT Təhlükəsizlik Şurası sonrakı mərhələdə istər Suriya, istər İraq, istərsə də Ukraynada baş verən proseslərə müdaxilə imkanlarını itirmiş təşkilat təsiri bağışlayıb. Qəbul etdiyi qətnamələr yerinə yetirilmədikdə, beynəlxalq sülh üçün təhlükə yarandıqda təşkilatın Təhlükəsizlik Şurasının məcburi qərarlar qəbul etmək hüququ var. Lakin reallıq göstərir ki, təşkilat bu qərarları yalnız müəyyən hegemon dövlətlərin təsiri əsasında qəbul edir.
Qeyd edilənlər Azərbaycan Prezidenti İlham Əliyevin təşkilatın yenidən strukturlaşması məsələsindəki mövqeyinin nə qədər haqlı olduğunu təsdiq edir. Dövlət başçısı beynəlxalq hüquq normalarının işləmədiyi, “kim güclüdürsə, o da haqlıdır” prinsipinin hakim olduğu müasir dünyada iqtisadi, siyasi və hərbi baxımdan güclü olmağın vacibliyini dəfələrlə vurğulayıb. Beynəlxalq hüququn kobud şəkildə pozulması, münaqişələrin həllində güc amilinin önə çıxması fonunda rəsmi Bakının qlobal konfrontasiyalarda tərəf kimi çıxış etməməkdə nə qədər haqlı olduğu bir daha təsdiqlənir.
Hərbi bloklara qoşulmamaq, qonşu dövlətlərlə münasibətləri sivil məcrada, qarşılıqlı maraqlar əsasında inkişaf etdirmək, geosiyasi təsirlər altında üçüncü dövlət əleyhinə platsdarm rolunu oynamamaq xətti yürüdən, münaqişələrin hamılıqla qəbul edilmiş beynəlxalq hüquq prinsipləri əsasında həllinə çalışan Azərbaycan bunun nəticəsində çoxvektorlu xarici siyasət yürütməyə nail olub. Ölkəmiz istər 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş 5 günlük müharibə, istərsə də hərbi təyyarənin vurulması zəminində 2015-ci ildə Türkiyə ilə Rusiya arasında yaranmış siyasi gərginlik zamanı sabitləşdirici və barışdırıcı rol oynayıb.
Bunlarla yanaşı, rəsmi Bakı ölkəmizin milli təhlükəsizliyini təhdid edən xoşagəlməz geosiyasi meyillərə də qətiyyətli və çevik reaksiya verir. Eyni zamanda, bəzi dövlətlərin beynəlxalq hüquqa adekvat olmayan davranışlarına prinsipial və barışmaz mövqeyini açıq ifadə edir. İqtisadi-maliyyə resursları Azərbaycana heç bir ölkədən asılı olmadan qarşıya qoyduğu hədəflərə yetişmək imkanı yaradıb.
Azərbaycan postmünaqişə dövründə uğurlu xarici siyasətini davam etdirərək Ermənistanla danışıqların siyasi gündəmini müəyyənləşdirib, müxtəlif güc mərkəzlərinin diqqətini öz maraqları ilə bağlı regional məsələlərə cəlb edib. Cənubi Qafqazın sülh, təhlükəsizlik və inkişaf adasına çevrilməsi, nəqliyyat və kommunikasiyaların açılması, 3+3 formatında əməkdaşlıq formatının təşviqi bunun bariz nümunəsidir.
Nəhayət, Azərbaycanın həyata keçirdiyi müstəqil xarici və daxili siyasət, beynəlxalq hüquq normalarına əsaslanan diplomatiya postkonflikt dövründə ölkəmizin formalaşdırdığı sülh gündəliyinin beynəlxalq miqyasda qəbulunu, danışıqlar prosesinin milli maraqları çərçivəsində aparılmasını təmin edir.
MTM Analitik Qrup