İndi biz “Enaket” analitik mərkəzinin təsisçisi və rəhbəri, Ermənistan parlamentin müxalif deputatı Tiqran Abramyana necə başa salaq ki, gəlmə soydaşlarının yaşadığı Qarabağ bir yana, Ermənistanın özü də onlar üçün vətən deyil. Və kimisə özününkü olmayan torpağa xəyanət etməkdə suçlamağın özü absurddur.
Haqq etdiyiniz reallıqla barışmalı, layiq olduğunuz sözləri eşitməyi bacarmalısınız. Özünün “Facebook” sosial şəbəkə səhifəsində Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanı “ağ yuyub qara sərən” Abramyanın hikkəsinin dərəcəsinə fikir verin: “Artsaxdan (oxu - Qarabağdan) olan Armen Qriqoryan nəinki çirkab və tikanları “udur”, həm də alnında hakimiyyətin şüarını daşıyır: “Qarabağ Azərbaycandır, vəssalam!”.
Hay deputat sonra sözlərinin ətraflı izahını verir: “Obyektiv olaraq, biz hamımız Paşinyan və Alen Simonyan kimi iyrənc şəxsiyyətlərin Artsaxla bağlı anti-erməni bəyanatlarına diqqət yetiririk. Amma əksər hallarda unuduruq ki, onların arxasında və ya onların arasında Artsaxdan olan yüksək rütbəli bir məmur dayanır. Həmin məmurun həmvətənləri (?) bütün müharibələrdə (?) fəal iştirak ediblər və onların çoxu həlak olub. O öz vətənindən (?) və soydaşlarından imtina edərək, tutduğu mövqeyi və statusunu saxlamaq üçün Artsaxa qarşı çirkin kampaniyalara belə dözməyə hazırdır”.
Tiqran Abramyan sonra təhqir etdiyi subyektin avtobioqrafiyasına, xidməti xarakteristikasına üz tutur: “Artsaxın Martuni şəhərində doğulmuş, böyümüş və şəxsiyyət kimi formalaşmış Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan “artsaxlılara” qarşı təhqir və düşmənçiliyin qızışdırılması faktı ilə barışıb. Armen Qriqoryan bu iyrəncliyi və istehzanı nəinki “udur”, həm də indiki hakimiyyətin elan etdiyi “Qarabağ Azərbaycandır və nöqtə!” şüarını daşıyır. Xalqının xidmətlərinə (?), qurbanlarına hörmət etməyənin komanda yoldaşlarına deməyə sözü yoxdur. Çünki onun kimilər üçün Vətən və torpaq (?) vəzifə və puldan sonra gəlir”.
Hamınız udacaqsız. Qarabağın və Qərbi Azərbaycanın heç vaxt vətəniniz olmadığı və bundan sonra da olmayacaq həqiqətini həzm etməyə məcbursunuz. Nə qədər tez udsanız mədəniz üfunət iyi verən revanşist-separatçı kanalizasiyadan bir o qədər tez qurtular.
Deputat Tiqran Abramyan dörd il bundan əvvəl sosial şəbəkə səhifəsində Laçın yolunda İrəvan dövlət universitetindəki dostları ilə ağac əkmələrini xatırladaraq həmin vaxt bu torpaqlara “sahiblik” etdiklərini yazmışdı. Hətta həmin anın fotosunu da paylaşmışdı. İndi həmin şəkillərə haqq etdiyi pəjmürdəliklə baxan Abramyan baş nazir Nikol Paşinyanı hədəfə alır: “Nikol, sən bizim ümidlərimizi xərclədin, bizim “tariximizi”, “erməni qürurumuzu”, təhlükəsizliyimizi – nə var idisə, hamısını düşmənə təslim etdin. Sənin nəsilin satqın damğasını daşıyacaq. Bu, səni gözləyən son aqibətdir”. Hərdən hirsi soyuyanda politoloji gəlişmələrə də yer ayıran hay deputat yazır: “Erməni xalqının taleyi xarici qüvvələrin nəzarətinə keçib və biz bu ölkələrin prioritetlərindən asılıyıq. İndiki fəlakətli reallıq şəraitində Ermənistan hakimiyyəti inandırmağa çalışır ki, güclü Ermənistan qurmağa ehtiyac yoxdur, sadəcə təslim olmaq lazımdır”.
Daşnak-revanşist zehniyyətli Tiqran Abramyan bir məsələdə qismən haqlıdır: “Bizim ayağa qalxmağımız, güclü olmağımız, mübarizəni aparmaq şansını əldə etməyimiz üçün illər, onilliklər lazımdır”. Ona görə qismən yazdıq ki, bu fikrin cüzi redaktəyə ehtiyacı var. “İllər, onilliklər” ifadəsi “min il”, ya da “heç vaxt”la əvəzlənməlidir. Əgər Abramyan bunu etməsə, indiki dövlətinin də, xalqının da məhv olmasının baiskarına çevriləcək. Bu isə satqınlıqdan daha betərdir...
İ.HƏSƏNQALA
XQ