Regionu qanlı münaqişəyə sürükləyən separatizm

post-img

1988-ci il fevralın 13-də Xankəndi xəyanət meydanına çevrildi

Ötən yazılarımızın birində Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsinə və bu regiona çoxsaylı ermənilərin köçürülməsinə səbəb olmuş Türkmənçay müqaviləsinin dəhşətli fəsadları barədə söz açmışdıq. Onu da əlavə etmişdik ki, həmin sənədin törətdiyi yaraları hələ də sağalda bilmirik. Ancaq o yaralar sağalmasa da, zaman keçdikcə qaysaq bağlayırdı.

Xalqımıza və Türk dünyasına düşmən olan siyasi dairələrin əlində alətə çevrilmiş ermənilər həmin yaranın qaysağını 1988-ci il fevralın 13-də məhz Azərbaycan ərazisində – gorbagor olmuş DQMV-nin mərkəzi Xankəndi şəhərində (o dövrdə Stepanakert adlanırdı) qopartmışdılar. Müasir tarixə öz iyrəncliyi ilə yazılan həmin aksiya “Qarabağ məsələsi ilə əlaqədar ermənilərin ilk nümayişi” adı ilə yaddaşlarda qaldı.

XX yüzilliyin tarixinə ən uzunömürlü və faciəli münaqişələrdən biri kimi daxil olmuş Ermənistan – Azərbaycan konflikti barədə dəqiq faktları, səbəbləri və nəticələri özündə əks etdirən yüzlərlə mənbə var. Ancaq biz bu sətirləri qələmə almaq üçün ən mötəbər mənbəyə – President.az saytına müraciət etdik. Orada yazılıb ki, 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib.

Belə ki, Kremlin milli ayrı-seçkilik siyasətindən bəhrələnən ermənilər türk xalqının böyük oğlu Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu vəzifələrdən istefa verməsini öz çirkin niyyətlərini reallaşdırmaq üçün fürsət bilərək, ölkəmizə qarşı açıq ərazi iddialarına başlamışdılar. Bədnam qonşularımız həm də SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək ermənicəsinə fəallaşmışdılar. Belə ki, məhz Moskvada cızılmış ssenarilərin icrasına srart verən haylar Azərbaycan ərazisində – 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçmişdilər.

Bu “münbit şəraitdə” – 1987-ci ilin sonlarında Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiyası prosesi başlanmış, 1988-1989-cu illərdə Ermənistanın müxtəlif şəhər və rayonlarında yaşayan azərbaycanlılar da eyni aqibətlə üzləşmişdilər. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulmuş, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 1154 nəfər isə yaralanmışdır. Həmin zərərdidələr erməni zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalmışdılar.

O da xüsusilə vurğulanmalıdır ki, azərbaycanlılar 1988-ci ilə qədər Ermənistan ərazisində kompakt şəkildə yaşayıblar. Ancaq Sovet hakimiyyəti Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərdən fərqli olaraq, azərbaycanlıların yığcam məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status vermək istəmirdi.

Qərəz, 1988-ci il fevralın 13-də DQMV-nin mərkəzi Xankəndi şəhərində Qarabağ məsələsi ilə əlaqədar ermənilərin ilk nümayişi keçirilib. Fevralın 16-dan martın 2-dək DQMV-də müxtəlif mitinqlər təşkil edilib. Fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin erməni əsilli deputatları vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifinin lehinə səs veriblər (azərbaycanlı və digər millətlərdən olan deputatlar iclasda iştirak etməyiblər). Fevralın 21-də isə Sov.İKP MK “Dağlıq Qarabağ hadisələri haqqında” qərar qəbul edib. Həmin sənəddə DQMV XDS-nin qərarı “millətçi elementlər tərəfindən təhrik edilmiş” aksiya adlandırılıb. Buna baxmayaraq, fevralın 22-də Xankəndi – Ağdam şosesi üzərində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açıblar. Nəticədə iki azərbaycanlı gənc şəhid olub. Martın əvvəllərində Dağlıq Qarabağı Ermənistana birləşdirməyi qarşısına məqsəd qoyan “Qarabağ” təşkilatı maneəsiz şəkildə Yerevanda, “Krunk” təşkilatı isə Xankəndidə fəaliyyətə başlayıb.

…Ermənilərdən alət kimi istifadə edən qüvvələrin dəstəyi ilə 1988-ci il fevralın 13-də Xankəndi şəhərində keçirilən ilk siyasi aksiyanın fəsadları necə sürətlə artmışdısa, nəticədə region barıt çəlləyinə çevrilmiş, çoxsaylı soyqırımı və dağıntılar törədilmişdi. Rəsmi məlumatlarda bildirilir ki, 1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb ocağı, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılmışdı.

SSRİ rəhbərlərinin milli ayrı – seçkilik siyasətinin nəticəsi olan bu insident sonradan dövlətlərarası münaqişə xarakteri almışdı. Ona görə də beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən Ermənistan – Azərbaycan münaqişəsi beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb olmuş, problemlə bağlı bir sıra mühüm sənədlər qəbul edilmişdi.

Çox təəssüf ki, beynəlxalq təşkilatların həmin sənədlərin hamısı 2020-ci ilin sentyabrınadək kağız üzərində qalmışdı. Bundan sonra isə dünya ictimaiyyəti Azərbaycanın yaratdığı yeni reallıqlarla üzləşmişdir. Həmin reallıqlar artıq Ermənistanın kiməsə ərazi iddiaları irəli sürməsini tamamilə mümkünsüz etmişdir.

İndi artıq Ermənistanda hamı anlayır ki, bu ölkənin son beş ildə üzləşdiyi bütün bədbəxtliklərin təməli 1988-ci il fevralın 13 – də Qarabağ xanının kəndində – hayların Stepanakert adlandırdığı Azərbaycan şəhərində qoyulmuşdur. Bu yerdə bir hind məsəli yada düşür: “Oturduğu budağı kəsənlərə yeni budaq göstərən tapılmaz”.

İttifaq MİRZƏBƏYLİ

 

Siyasət