Ermənistan baş nazirinin fevralın 10-da “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş naziri Nikol Paşinyanın həmin iddiaları ilə bağlı şərhində bildirilir ki, hərbi potensial hüququnu müdafiə edən baş nazir 30 illik işğaldan əlavə, üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibə bitdikdən sonra 3 il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş 10 mindən çox hazırlıqlı silahlı birləşmə saxlamış ölkəni təmsil edir.
XİN sözçüsü qeyd edir ki, 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri, təqribən, 3 dəfə artaraq 2021-ci ildəki 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə görə, Ermənistan, əsasən, Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir.
Ermənistan Konstitusiyasında və hüquqi aktlarında hələ də qalan ərazi iddiaları, ölkədə revanşizmin artması zəminində Ermənistanın hərbi potensialını gücləndirməsini əsaslandırmaq cəhdi qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir. Məqsədləri beynəlxalq hüquqa əsasən, qovulduqları torpaqlara təhlükəsiz, ləyaqətlə qayıdış olan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və məqsədləri haqqında Ermənistanın iddiaları da tamamilə əsassızdır.
Mətbuat katibi daha sonra bildirir: “Baş nazirin canfəşanlıqla irəli sürdüyü silahlara nəzarət mexanizmlərinin yaradılmasına gəldikdə isə, 30 ildən artıq müddətdə Ermənistanın özünün iştirak etdiyi silahlara nəzarət mexanizmlərini kobud şəkildə pozduğu və deqradasiya etdiyi, hərbi texnika və silahların böyük hissəsini beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi, onları bizim ərazilərimizdə qanunsuz yerləşdirdiyi yaxşı məlumdur. Beynəlxalq müqavilələrə bu cür yanaşma Ermənistanın mövqeyinin qeyri-səmimiliyi barədə nəticə çıxarmağa imkan verir. Biz qətiyyətlə Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq”.
XQ