USAID: Demokratiya və hüququn əks tərəfində

post-img

V MƏQALƏ

Dünyanın “immun” boşluqları

Azərbaycanın da cəlb edildiyi informasiya müharibəsinin dinamikasında USAID-in xüsusi yeri və rolunun olduğunu iki səviyyədə faktlarla sübut etmək olar. Birincisi, bütövlükdə dünya miqyasında bu təşkilatın açıq və gizli olaraq informasiya resurslarına, vasitələrinə, məlumatların yayılmasına, onların məzmunlaşdırılmasına və təsir hədəflərinin müəyyənləşdirilməsinə nüfuz etməsi ilə bağlıdır. İkincisi, konkret ölkələr üzrə USAID-in informasiyalarla işləmək tərzidir. Bu iki səviyyənin qarşılıqlı əlaqəsində agentliyin dünya və ayrı-ayrı ölkələrdəki əsl simasını aydınlaşdırmaq olur.

Faktlar göstərir ki, bu sima Azərbaycanda cəmiyyət tərəfindən heç də xoş qarşılanmır. Hərçənd USAID-in fəaliyyətinin dayandırılmasına ABŞ-ın bir sıra KİV orqanlarının verdiyi reaksiyalar və bu quruma haqq qazandırmaq üçün gətirdikləri “arqumentlər” düşündürür.

ABŞ-da bu təşkilatı müdafiə edən KİV orqanları, adətən, ümumi şəkildə belə bir ifadə işlədirlər: USAID dünyanın immun sistemini möhkəmləndirməkdə fəal rol oynayır.

Burada “immun sistemi” ikimənalı işlədilir. Birincisi, kasıb ölkələrdə müxtəlif infeksion xəstəliklərə qarşı mübarizədə USAID-in göstərdiyi yardımlar (məsələn. sifilis, QİÇS, vərəm, COVID19 və s.). İkincisi, informasiya sahəsində USAID-in yerli mediaya etdiyi kömək sayəsində cəmiyyətdə informasiya təminatına göstərilən yardımlar.

Hər iki aspekt reallıqda mövcuddur. Lakin əsas məsələ bu humanitar addımların arxasında dayanan məqsəd və planlardan bəhs etməyə həmin KİV orqanları elə də həvəsli deyillər. Buna baxmayaraq, ümumi halda həqqəti tam inkar edə də bilmirlər. Məsələn, BBC və ya “Amerikanın səsi” USAID-in yardımlarında iki məqsədi ümumi kontekstdə vurğulayırlar: Biri insanların həyatlarının müxtəlif sahələrinə yardım göstərmək, digəri yardım olunan ölkədə ABŞ maraqlarını təmin etmək.

Rubionun üç sualı

ABŞ-ın Dövlət katibi M.Rubionun USAID-i bağlamaqla bağlı gətirdiyi arqumentlər də həmin prizmada maraqlıdır. M.Rubio deyir ki, xərclədiyimiz hər bir dollar, reallaşdırdığımız hər bir proqram və həyata keçirdiyimiz bütün siyasət üç sadə suala cavabda bəraət ala bilər: “Bu, Amerikanı daha təhlükəsiz edirmi?”, “Bu, Amerikanı daha güclü edirmi?”, “Bu, Amerikanı daha çiçəklənən edirmi?”.

Bu suallar USAID-in fəaliyyətinin dayandırılmasının əsl mahiyyətini və məqsədini tam aydınlaşdırır. Belə ki, USAID ABŞ-ın güclənməsi, təhlükəsizliyinin daha da inkişaf etməsi və çiçəklənməsinə gözlənilən xidməti edə bilmədiyinə görə bağlanır. Bu anlayışlardan kənarda onun saxlanmasının anlamı yoxdur. Yəni USAID nə Trampın, nə də Maskın alutirst duyğuları və ya dünyanın dərdini çəkmək mərəzləri ilə əlaqəli deyildir. Qısaca: Bu təşkilat korrupsiyaya, rüşvətə və mənasız pul xərcləmələrinə uyaraq Amerikaya xidmət yolundan sapmış, onun maraqlarının təmin edilməsində gözlənilən effekti verməmişdir.

Bu gerçək tezisdən yuxarıda KİV-də vurğulanan “dünyanın immun sistemi” gəlişi – gözəl ifadəsinin ikinci mənasına keçək.

ABŞ-ın informasiya təsiri marağı

Beləliklə, Amerika KİV-i özü yazır ki, USAID dünya üzrə ABŞ-ın maraqlarını müdafiə etməlidir. Bu kontekstdə ayrı-ayrı ölkələrdə “müstəqil media” adı altında yaradılan informasiya şəbəkəsi də məhz əsas olaraq Amerikanın maraqlarına xidmət etməlidir. Əks-halda USAID ona niyə pul xərcləməlidir? Onda sual yaranır: Həmin media şəbəkəsinin harası müstəqil və ümumbəşəri dəyərlərə xidmət nümunəsi ola bilər? Axı, ABŞ dünya deyil, onun sadəcə, qüdrətli bir dövlətidir! Ən qüdrətli dövlət belə dünyaya ağalığa bu cür iddia etmək haqqına sahib deyildir. Çünki bu dünyada hər bir dövlətin öz haqqı, həqiqəti, hüququ vardır və Vestfal sazişi əsasında BM kimi təşkilatlar bunu təmin etməyə müvəkkildirlər! USAID isə gizli olaraq bütün bunların üstündən xətt çəkir, əlavə olaraq dünyanın bir ölkəsinin dəyərlərini ümumbəşəri kimi sırımağa çalışır. Amerika KİV-i buna da ad qoymuşdur: “yumşaq güc”ün dövlətin nüfuzu yolunda tətbiqi!

Sonra da təəssüf edirlər ki, D.Tramp Administrasiyası “yumşaq güc” tətbiqi indeksində ABŞ dünyada birinci yeri tutan zamanı USAID-ə hücum etmişdir. İkinci yerdə Böyük Britaniya və üçüncü yerdə Çindir. Buradan nəticə çıxarırlar: USAID-in bağlanması ilə yaranmış boşluğu Çin tuta bilər! D.Tramp bunu niyə nəzərə almır?

Bu da amerikasayağı yardım, humanitarlıq və “dünyanın immun sistemi”ni möhkəmlətmək istiqamətində fəaliyyət! Qətiyyən aidiyyatı yoxdur – əsas dərdləri ABŞ-ın maraqlarıdır!

Onda Azərbaycan məsələsinə informasiya müharibəsi kontekstində daha geniş prizmada baxa bilərik.

Azərbaycan “zəif demokratiyası” planı

Uzun illərdir ki, Azərbaycanın informasiya məkanında özünü göstərən proseslərin ümumi dinamikası və yekun mənzərəsinə baxanda “zəif Azərbaycan demokratiyası”nın nə demək olduğunu anlaya bilərik. Bunun riskli və təhlükəli əlamətləri haqqında konkret təsəvvür əldə etmək olur. Belə bir vəziyyətin yaranmasında “müstəqil media” adı altında yaradılmış müxtəlif KİV orqanlarının fəaliyyətindəki əsas məqsədi (adətən, üstüörtülü ifadə edirlər) aydınlaşdıra bilərik. Vurğulanan aspektdə onların fəaliyyəti, bir qayda olaraq, sistemli və müxtəlif istiqamətləri özündə birləşdirən informasiyaların yayılması ilə bağlı olur. Həm də burada məlumatlandırma, təbliğat və təşviqat bir-biri ilə sıx əlaqədə təqdim edilir.

Zahirən bu əlaqə hiss edilmir, insanlara elə gəlir ki, məqsəd yalnız həqiqəti cəmiyyətə çatdırmaq, onları “oyatmaq”, “əsl gerçəkliyi görmələri”nə yardım etməkdir. Situasiyanın aldadıcı və şirnikdirici tərəfi də məhz bununla bağlıdır.

Məsələ belədir ki, informasiyaların bu cür verilməsi texnologiyasını Qərbin müxtəlif təşkilalarının gizli dəhlizlərində illərlə müzakirə etmiş, konkret məzmuna salmışlar və onları sistemləşdirərək xüsusi fəaliyyət proqramı formasında praktikada tətbiq etməyə başlamışlar. Ona görə də informasiya ilə həmin kontekstdə işləmək olduqca hiyləgər “örtüklərlə” pərdələnir. Faktiki olaraq adi insan onları görə bilmir. Ona elə gəlir ki, “müstəqil media” düzünü deyir, rəsmi KİV isə yaltaqlıq edir, baş aldadır.

Bəs, nə etməli? Etiraza və üsyana qalxmalı, yoxsa “bütövükdə cəmiyyət və millət məhv olacaq”! Bu aldadıcı qənaətdən “rəngli inqilaba” cəmi bir addım qalır, hətta kiçik qığılcım bəs edir ki, çox sayda insan ayağa qalxsın. Ərəb ölkələri, Ukrayna, Gürcüstan, Moldova buna əyani misaldır.

Konkret olaraq Azərbaycanda həmin istiqamətdə informasiya təsirləri bir neçə səviyyədə və istiqamətdə illərdir ki, aparılır (təəssüf ki, indi də onun müxtəlif formaları qalmaqdadır).

Hər şeydən öncə, “müstəqil media” ölkə rəhbərliyini gözdən salmağa xidmət edən uydurma informasiyaları xüsusi “arqument” və “pafosla” yaymağa çalışır. Bu zaman azərbaycanlı mentalitetinin qırmızı xətlərini həyasızcasına keçməkdən çəkinmirlər. Məsələn, bilinir ki, ailə dəyərləri azərbaycanlı üçün tarixən müqəddəs olmuşdur. Buna görə də dövlətə başçılıq edən liderin ailə mentalitetinə qarşı sərhədsiz hücumlar etməyə girişirlər. Əsas məqsəd liderin legitimliyini yox etməkdir. Bununla bağlı kifayət qədər fakt cəmiyyətə məlumdur. Bir qədər geniş kontekstdə dövlətə rəhbərlik edən komandanın ayrı-ayrı üzvlərinə qarşı analoji informasiya hücumları olur. Bu da bütövükdə iqtidarın gözdən salınması cəhdidir.

Digər istiqamət Azərbaycan xalqının milli, mənəvi, əxlaqi, birgəyaşam fəlsəfəsi, adət-ənənələrini gözdən salmaqla əlaqəlidir. Burada da əsasən ziyalı təbəqəsinin “keyfiyyətsizliyi” təəssüratı yaratmağa çalışırlar. Yerlərdə rəhbər şəxslərin mənəvi-əxlaqi dəyərlərini qondarma “faktlarla” cəmiyyətə sırımağa çalışırlar. Son zamanlar müxtəlif səviyyələrdə rəhbər vəzifə tutan insanların əxlaqını “ifşa” edən video görüntülərin çoxalması, şantaj xarakterli materialların təhdidlə yayılması və s. bunun əlamətləridir. Hətta nazirliklər səviyyəsində azərbaycanlı məmurların əxlaqsız imicini yaratmaq cəhdləri də mövcuddur.

Cəmiyyətə yönəlik digər istiqamət, ümumiyyətlə, azərbaycanlı məmurların mənfi imicini yaratmağa istiqamətlənmiş qondarma informasiyaların yayılması ilə bağlıdır. Bu prosesdə azərbaycanlıların bütövlükdə dövlət tərbiyəsinin olmadığı, onların şəxsi həyatda layiqli olmamaları ilə yanaşı, konkret işini bacara bilmədiyi təsəvvürü yaratmaq cəhdləri aydın görünür. Bir sıra hallarda bunu, guya, Azəraycanın təəssübünü çəkərək, “əşi filankəslər işləyə bilmirlər, heç nə qanmırlar, bacarmırlar” və s. kimi cümlələrlə ifadə edirlər.

Yekun olaraq, bu cür informasiya təxribatı cəmiyyətin, demək olar ki, bütün sferalarını əhatə edir. Onların sırasında Azərbaycanın müttəfiq olduğu dövlətlərə, strateji tərəfdaşlarına, fəal olduğu təşkilatlara, qonşu ölkələrlə münasibətlərə şər-böhtan atmaq ayrıca yer tutur.

Məsələn, Türkiyə haqqında bir sıra “müstəqil milli KİV” orqanı qərəzli, təhqiredici tonda informasiya verməkdədirlər. Müəyyən hallarda özünü Türk dünyasının informasiya şəbəkəsinə qoşulmuş və milli mövqeli KİV kimi göstərərək ancaq neqativ informasiyalar yaymağa çalışırlar. Nümunə: Qazaxıstandan informasiya verirlər ki, “traktor bu qədər adamı basıb öldürdü”, “avtomobil qəzasənda filan qədər insan öldü”, “Türkiyədə dəhşətli zəlzələ gözlənilir”, “Türkiyədə filankəs aktyor evlənib və çox əxlaqsız paltar geyinib”, “Türkiyəyə ağır zərbə” (məzmununda isə boş və yalan ifadələr), “Azərbaycanın filan bölgəsində belə bir əxlaqsızlıq olmuşdur” və s. Bir sıra hallarda məzhəbçilik mövzusunda uydurma və qızışdırıcı, birliyin pozulmasına hədəflənmiş “faktlar” təqdim edirlər. Bu istiqamətdə əsasən İranı hədəf alırlar.

Bu kimi təxribatların hətta elmdə də əks-sədası özünü göstərir. Məsələn, hər hansı elmi həqiqəti, guya, yeni baxışla və “mənbələrə istinadla” fərqli izah etmək niyyəti altında tariximizi¸sosial həyatımızı, təfəkkürümüzü, poetik ənənəmizi ləkələmək məqsədi daşıyan qondarma informasiyaları “azadfikirlilik”, “müstəqil yanaşma” kimi sırımaq cəhdləri çoxalmışdır. Dərinlərə gedəndə elmi mənbə kimi fars, yunan, rus və ya Qərb mənbələrinin təhrif olunmuş vaiantından istifadə edildiyi məlum olur. Bir sıra hallarda kimlərinsə kimlərləsə şəxsi münasibətlərini bütövlükdə cəmiyyətə xas olan nöqsan kimi tədqim etmək cəhdi özünü göstərir.

Bu da Türk dünyasından verilən “müstəqil və obyektiv informasiyaların qısa bir qismi! Sizcə, belə informasiyalar Türk dünyası haqqında hansı təsəvvürü formalşdırar? Əlbəttə, cəhənnəm, əxlaqsızlıq, gerilik məkanı obrazını Azərbaycanın aidiyyatlı orqanları bu cür təxribat xarakterli, gizli niyyətli KİV-ləri müəyyən edib, tədbir görməlidirlər.

Lakin “zəif demokratiya” informasiya sferasında bunlarla da məhdudlaşmır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət