USAID: demokratiya və hüququn əks tərəfində

post-img

III MƏQALƏ

“Zəif demokratiya” modeli

Demokratiyanı güclü və zəif kateqoriyalarına bölməyin nəzəri əsası vardır. Hansısa bir dövlətdə demokratik həyat tərzi, sosial münasibətlər və hüquqi təminat klassiklərin müəyyən etdiyi demokratik prinsiplərə daha çox uyğun olarsa, onu şərti olaraq “güclü demokratiya” kimi adlandırmaq olar. Ancaq burada baza prinsip cəmiyyətdə vurğulanan demokratikliyin, həqiqi mənada, toplumun maraqları kontekstində mövcud olmasından ibarətdir. C.Lokk və İ.Kantın anlamında bu şərt ödənməsə, gerçək demokratiyadan danışmaq absurddur.

Buna oxşar məntiqlə təsəvvür edə bilərik ki, “zəif demokratiya” reallıqda demokratik tələblərin dövrün tələbləri səviyyətində ödənməməsi ilə bağlı ola bilər. Bu da yalnız demokratiyanı inkişaf etdirməkdə səmimi niyyət və planların olması şərti ilə nəzəri və praktiki anlama çevrilə bilər. Bundan kənarda demokratiyanın zəifliyi termini müxtəlif siyasi və ideoloji spekulyasiyaların “dəyirmanına su tökmək rolu”nu oynayacaq.

Bizim USAID anlamında “zəif demokratiya” ifadəsinin ehtiva etdiyi “zəif”liklə “demokratikliyin” sintezinə olan geniş yanaşma cəhdimiz bununla bağlıdır. Yəni USAID problemi, əslində, göründüyündən daha dərin qatlarda gedən qlobal proseslərlə sıx bağlıdır.

Bu mənada “yeraltı suların” yaratdığı fəsadların mahiyyətini anlamadan USAID məsələsi haqqında səthi təsəvvürlərə malik olacağıq. Həmin rakursda da D.Tramp və İ.Maskın hansı dəyərlər və siyasi kriteriyalar uğrunda bu cür savaşa girdiklərinin mahiyyətini aydınlaşdırmaq mümkün ola bilər. Bir qədər də konkretləşdirmək üçün qəribə də olsa, baxış bucağını genişləndirməliyik. Onu vurğulayaq ki, qəzet formatına uyğun olaraq problemin fəlsəfi, sosioloji, kulturoloji və siyasi-nəzəri ümumiləşdirmələrindən çox praktiki faktorlara diqqət etməliyyik.

Uilyam Robinson yazır ki…

Uilyam Robinson maraqlı tədqiqatçıdır. O, ABŞ-ın Tenessi ştatının universitetində çalışır. Qlobal kapitalizmi araşdırır. Qloballaşma haqqında maraqlı fəlsəfi və politoloji fikirləri mövcuddur. Tezislərindən biri ondan ibarətdir ki, XXI əsrdə dünyanın sosial, siyasi, iqtisadi və mədəni-ideoloji proseslərinin hərəkətverici qüvvəsinin “fundamental strukturu” qloballaşmadır.

U.Robinson, məsələn, F.Fukuyama səviyyəsində məşhur olmasa da, çox ciddi tədqiqatlar aparır. Yuxarıda qloballaşma ilə bağlı ümumi tezisi çərçivəsində konkret olaraq USAID-in fəaliyyətini xarakterizə edən çox maraqlı və düşündürücü tezisi vardır. U.Robinson yazır ki, ABŞ-ın USAID kimi institutları həqiqi demokratiyanı yaymır, onun dünyada inkişafı ilə məşğul olmur. USAID reallıqda poliarxiyanın xüsusi növü olan “zəif demokratiya” modelini təşviq və tətbiq edir. Elə bir model ki, tətbiq olunduğu ölkədə sosial nəzarətin kənardan həyata keçirilməsinə geniş imkanlar yaradır.

Deməli, əslində, USAID aysberqin yalnız görünən, ictimaiyyətin görə bildiyi qədər təqdim olunan hissəsidir. Bu mənada, o, bir ilğım, maska, rəmzdir. Əsas məsələ bu ilğımı yaradan güclü, iqtisadi və siyasi dairələrdir. Bununla U.Robinson nəyə işarə edir?

Oliqopolistik birliklər

Bu, XXI əsrdə transmilli şirkətlərin münasibətlərinə aid olan yeni termindir. Özlüyündə “oliqopoliya” (yunanca “azsaylı” və “ticarət edirəm” sözlərindən yaranmışdır) iqtisadiyyatda məhdud sayda şirkətin hökmranlığını ifadə edir. Yəni bir tərəfdən bazarda dominantlığı ancaq çox məhdud sayda şirkət edir, digər tərəfdən “natamam rəqabət” mühiti yaradırlar ki, istənilən an onu yeniləşdirə bilsinlər, yəni özlərinə sərf edən şərtləri “qanuniləşdirsinlər”.

“Oliqopolistik birliklər” isə artıq qloballaşma şəraitində hökmranlığın daha geniş miqyasda və çox az sayda şirkətlər tərəfindən təmin edilməsini ifadə edir. Yəni onlar ikidən çox olmamalıdır. Bu vəziyyətə “duopoliya” deyirlər, yəni bir-biri ilə monopolistik münasibətlərdə olmayan iki nəhəng güc dünya bazarına nəzarət edir. Məsələn, sərnişin təyyarələri istehsalında “Boeinq” və “Airbus” duopoliya yarada bilərlər və s.

Lakin “oliqopolistik birlik” özündə bir vacib məqamı ehtiva edir – lider olan iki gücün arxasında çox sayda transmilli şirkətlər dayana bilər. “Birlik” termini buna işarədir. Bununla aydın olur ki, “oliqopolistik birliklər” özlərində həm dominantlıq və həm də yeraltı ciddi, amansız rəqabət özəlliklərini daşıyırlar. İndi USAID bu rəqabətin tən ortasındadır. Oradan D.Tramp və İ.Mask duopoliyası necə görünür?

Tramp – Mask duopoliyası və USAID

Belə görünür ki, D.Tramp və İ.Mask hansısa transmilli oliqopolik gücə qarşı ciddi savaş açmışlar. Onlar (Tramp-Mask duopoliyası) rəqiblərinə qarşı hərəkətə keçmişlər. Bunun üçün hər ikisi əllərində olan bütün vasitələrdən istifadə edirlər. Bu vasitələr siyasi, diplomatik, iqtisadi, maliyyə, informasiya, ən yeni texnologiyalar və s. kimi faktorları əhatə edir. Onda belə çıxır ki, USAID məsələsi, sadəcə, bir şirkətin yanlışlıqlarını düzəltmək olayı deyildir – onun Qərb dövlətçilik və demokratiya ənənəsinin ən dərin qatlarındakı xüsusiyyətlərlə sıx bağlılığı vardır.

Eyni zamanda, müşahidələr göstərir ki, Tramp-Mask duopoliyası məzmunca qeyri-kooperativ strategiyaya aiddir. Bunun səbəbi İ.Maskın dünyada ən çox kapitala sahib olması və D.Trampın da çox zəngin olması ola bilər. Onlar rəqib istəmirlər. İndi dünya bazarında D.Tramp “fırtınası”nın əsməsi həmin tendensiyanı ifadə edir. Bu baxımdan USAID əməlli-başlı “ilişmişdir”!

Bu, politoloji-nəzəri düşüncələri hələlik bir kənara qoyaq. Real qlobal mənzərəyə baxaq.

USAID və transmilli qlobal maliyyə

U.Robinson yazır ki, 1990-cı illərin sonlarında qlobal maliyyə bazarlarında hər gün 25 trilyon dollar (!) həcmində pul kütləsi dövriyyədə olmuşdur. Ən iri maliyyə bazalarında gündəlik dövriyyə isə 1 trilyon dolları keçmişdir. Həmin mərhələdə dünya ticarətinin gündəlik dövriyyəsi isə “vur-tut” 10 milyard dollar olmuşdur. Bununla sərmayə kapitalı deyil, pul kapitalı qlobal istehsal şəbəkəsinin requlyatoru halına gəlmişdir. Bir faktı da vurğulayaq. Qlobal transmilli şirkətlərin sayı və iqtisadi təsir potensialı 1970-2000-ci illər arasında 7 mindən 60 minə yüksəlmişdir ki, bu da dünya ticarətinin üçdəikisinə nəzarət etmək deməkdir! 1996-cı ildə transmilli kapitalizmin dünya üzrə ÜDM-ə nəzarəti artıq 33 faiz təşkil edirdi! Bu göstərici 1960-cı illərin ortalarında cəmi 17 faiz idi (USAID-in yaradıldığı dönəmlərdə).

Maraqlısı odur ki, bu proseslər yalnız və heç də iqtisadi-maliyyə sferasında ciddi struktur və funksional dəiyşiklikləri stimullaşdırmamışdır. Uyğun olaraq, geniş siyasi, diplomatik, idarəetmə və ideoloji platformalar formalaşmışdır.

Yeni qlobal kapitalist bloku

Nə qədər qəribə də olsa, bu proses gedir. XXI əsrdə onun çox ciddi daxili nizam-intizama, struktur və funksional özəlliklərə malik təşkilatanması həyata keçir. Buraya siyasi güc mərkəzləri, dövlət təşkilatları, beynəlxalq qurumlar (məsələn, Ümumdünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu və s.), müxtəlif təsir gücünə malik fondlar və s. daxildir. Nəticədə dünya üzrə milli dövlətçiliklə qlobal idarəetmə arasında müxtəlif istiqamətlərdə ciddi ziddiyyətlər meydana gəlmişdir. Onların tənzimlənməsi cəhdləri, təəssüf ki, müxtəlif regionlarda böyük ziddiyyətlər, hərbi toqquşmalar və münaqişələrlə müşayiət olunmaqdadır. USAID öz böyük maliyyə imkanları və siyasi təsir gücü ilə bu kimi proseslərin mərkəzindədir.

Bu faktlar fonunda USAID-in “zəif demokratiya” modelində kənar sosial nəzarət faktorunun yeri və rolunu aydınlaşdırmaq çətin deyildir.

“Zəif demokratiya”nın əlamətləri

Yuxarıda qoyulan suala nəzəri izahların fonunda yenidən baxsaq, “zəif demokratiya” termininin dərin qatlarda anlamlarının var olduğu nəticəsini çıxara bilərik. Yəni bu, hansısa bir təşkilatın “ixtirası” deyildir – daha geniş miqyasda gedən proseslərlə əlaqəsi mövcuddur. Belə görünür ki, demokratiyanın zəifliyi dedikdə hər hansı ölkədə qanunların aliliyinin natamam olması, onun tam reallaşmaması, dövlətin “hüquqi onurğası”nın kövrək olması nəzərdə tutulur. Qanun həmin ölkədə o dərəcədə zəif olmalıdır ki, sifarişçilər istədikləri zaman onu öz maraqları naminə manipulyasiya edə bilsinlər. Eyni zamanda, o dərəcədə güclü inklüziv olmalıdır ki, siyasi, iqtisadi, hüquqi, sosial, mədəni anlamlarda yerini alternativ qanunlar tuta bilməsin.

Bu, xeyli dərəcədə “zəif demokratiya”nın cəmiyyətlərdə iti bıçaq üzərində hərəkət etməli olduğunu göstərir. Burada çevik və təsirli davranmaq lazım gəlir. Eyni zamanda, anında kənardan informasiya, təbliğat, siyasi, seçki, ideoloji və s. təsirləri göstərmək imkanını hazır saxlamağı nəzərdə tutur. Onu elmi olaraq “sosial nəzarət” adlandırmaq olar. Deməli, reallıqda USAID-in sosial nəzarəti təmsil etdiyi nəhəng transmilli güclərin maraqlarını hər bir kritik dönəmlərdə konkret ölkədə təmin etməkdən ibarət olmuşdur. Afrikada və Yaxın Şərqdə bu ssenarilərin çoxlu sayda nümunəsini göz önünə gətirmək olar.

Sözdə mədəni görünən bu nəzarətin praktiki tətbiqi milyonlarla insanın göz yaşı, kasıbların daha da kasıblaşması və ölkədə üsyanların, qan tökülməsinin, siyasi mübarizədə amansız olmanın, cəmiyyətdə mənəviyyatsız və əxlaqsız davranışları kimlərinsə dəstəkləməsinin və digər neqativ halların olması deməkdir. Burada hibrid və posthibrid savaşın priyomlarını, sərt hərbi müdaxiləni, incə informasiya müharibəsinin elementlərini, süni intellektin tətbiqini və başqa məqamalrı görə bilərik.

Beləliklə, USAID dünya miqyasında özünü göstərən ən yeni tendensiyaların daxili məntiqi ilə bağlı olan dinamik fenomendir. Azərbaycan kontekstində problemin bu aspekti olduqca əhəmiyyətlidir.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət