Paşinyanın “ideologiya nağılı” barədə bir neçə söz
İndiyədək Ermənistanın 44 günlük müharibədəki məğlubiyyəti ilə bağlı müxtəlif fikirlər səslənib. Şübhəsiz, bundan sonra da səslənəcək. Söhbət erməni düşüncə mərkəzləri tərəfindən ortaya atılmış mülahizə və tezislərdən gedir. Həmin tezislərdən birində deyilirdi ki, Ermənistan tipik erməni xəstəliyinin təsiri altındadır və ölkənin, eləcə də erməni xalqının bundan qurtulması üçün kütləvi qırğınlara ehtiyac var.
Bu, nə qədər qəddarcasına deyilsə də, erməni avantürizminin aradan qalxması baxımından başqa variantlar ağlabatan görünmür və yenə eyni durum müşahidə olunmaqdadır. Doğrudanmı, ermənilərin silkələnib özlərinə gəlmələri üçün hansısa qlobal fəlakətlə üzləşmələri labüddür? Yəni başqa yol, hansısa digər formul yoxdurmu? Suallara cavab tapmaq çətindir. Elə bu yazı tam anlamda məsələyə aydınlıq gətirmək məqsədi daşıyır. Elə isə mövzuya keçək.
Ermənistanın baş naziri dünyanın harasına gedirsə-getsin, orada erməni lobbi və diaspor təşkilatlarının təmsilçiləri ilə görüşür. Bu görüşlər, bir növ, adət halını alıb. Məsələn, Nikol ötən ay Davos Forumu çərçivəsində İsveçrədə olarkən, Sürixdə yerli erməni diasporunun nümayəndələri ilə bir araya gəldi və kifayət qədər, səs-küylü açıqlama verdi.
Paşinyan, faktiki olaraq, “erməni soyqırımı”nın saxta mahiyyət daşıdığını bildirdi və onun söylədiklərindən belə çıxdı ki, qondarma iddia ortaya imperialist dairələrin maraq və mənafelərinin təminatı məqsədilə atılıb. Əlbəttə, baş nazir subliminal şəkildə Rusiyanı günahlandırdı. Təxminən belə: keçmiş SSRİ ötən əsrin 30-cu illərində qabardılmayan “erməni soyqırımı” iddiasını 50-ci illərdə ona görə dövriyyəyə gətirdi ki, Türkiyə NATO-ya üzv olmuşdu. Moskva Alyans ölkəsinin Sovetlər Birliyinin, yəni Sovet Ermənistanın sərhədlərində görünməsini təhdid hesab etmişdi və istəmişdi ki, ermənilərdə Ankaraya qarşı nifrət ritorikası aktuallıq qazansın.
İndi N.Paşinyan ABŞ-da səfərdədir və Vaşinqtonda erməni icmasının təmsilçiləri ilə görüşüb. Nikol sözügedən təmas zamanı filosofluğa keçib və deyib ki, Ermənistanda ideoloji dəyişikliklər yaşanır. Ən mühüm dəyişiklik isə sən demə, hakimiyyət daxilində baş verirmiş: “Məsələ onda deyil ki, bizdən əvvəlki hakimiyyətdə fərqli ideologiya var idi və biz gəldik, onların ideologiyasını rədd etdik. Biz ideologiyanı təqdim edirik, indi ideoloji transformasiya gedir”.
Paşinyan bildirmək istəyir ki, əvvəlki erməni iqtidarlarında ideologiya olmayıb. Buna bir söz demirik. Çünki müasir Ermənistan dövləti qonşulara qarşı ərazi iddiasına köklənmiş amorf quruluşdur. Bu dövlət 1918-ci ildəki sələfi kimi torpaq ələ keçirmək “niyyətinə” köklənmiş, istər 1918-ci ildə, istər 1920-ci ildə və sonra, istərsə də ümumən ötən əsrin 20-60-cı illərində mənfur məqsədinə çatmağı bacarmışdı. Məsələyə mövcud prizmadan yanaşsaq, 1991-ci ildə müstəqillik qazanmış Ermənistanın işğalçılığı hədəfə çevirməsində təəccüblü heç nə yoxdur. Necə deyərlər, ot kökü üstə bitər. Bu xəttə isə barbarlıq deyilir.
Təəccüblü olan N.Paşinyanın indi ideologiya barədə söz açmasıdır. O vurğulayır ki, vaxtilə Ermənistanın daha yüksək məqsədlərə çatmaq üçün dayaq nöqtəsi olduğuna dair təsəvvür formalaşmışdı və sözügedən məqsədlər tarixi keçmişlə bağlı idi. Nikolun fikrincə, ideologiya belə dəyişir: “Ermənistanın özü ən yüksək milli məqsəddir və Ermənistandan daha yüksək milli məqsəd ola bilməz. Ermənistanın özü ən yüksək məqsəddir, ona görə də diqqəti ölkənin funksional əhəmiyyətinə – təhlükəsizliyinə, rifahına və vətəndaşlarının xoşbəxt gələcəyinə yönəltmək çox vacibdir”.
Bu yerdə yada N.Paşinyanın hələ müxalifətdə olarkən dilə gətirdiyi bir fikir düşür. Nikol demişdi ki, Qarabağ Ermənistanın üzərindən asılmış ağır daşdır və onu yerə atmaq lazımdır. Ancaq məlumdur ki, Paşinyan hakimiyyət kreslosuna əyləşib yerini möhkəmləndirdikdən sonra tamam başqa xəyala düşdü. Baş nazir müxtəlif bəhanələr gətirərək, Azərbaycanla danışıqlar prosesini pozdu, həmçinin, xalqımızın heysiyyatı ilə oynayaraq Cıdır düzündə sərxoş vəziyyətdə rəqs etdi. Ən əsası isə Xankəndinin mərkəzi meydanındakı çıxışı zamanı isə dedi: “Qarabağ Ermənistandır və nöqtə”.
Qeyd edək ki, Nikolun bu bəyanatı müasir Ermənistan dövlətindəki Qarabağ ideoloji xəttinin indiyədək görünməmiş həyasızlıqla vurğulanmasından başqa bir şey deyildi. Onun tərəfdarları isə həyasızlığı bir qədər də genişləndirərək, “yeni ərazilər uğrunda yeni müharibələr” şüarını irəli sürdülər.
Elə isə əvvəldə diqqətə çatdırdığımız məqama keçid alaq. İdeoloji transformasiya prosesinin erməni xalqının tutduğu yola görə yaşandığını diqqətə çatdıran baş nazir hazırkı ideologiyanın Ermənistana mövcudluq şansı formalaşdırdığı qənaətinə gəlib. N.Paşinyanın dediklərindən belə çıxıb ki, Ermənistan 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətdən, savaşın dərin, yaxud dayazlığından asılı olmayan səbəblərindən keçərək, müstəqil və suveren dövlətə sahib olmaq şansı qazanıb. “Mən bu barədə uzun müddət düşündüm və belə qənaətə gəldim ki, qurbanlar heç nəyə deyil, Ermənistanın suverenliyi naminə verilib və indi biz sadəcə olaraq bu qurbanların gətirdiyi fürsətdən istifadəyə diqqət yetirməliyik”.
Bəli, Ermənmistanın baş naziri dolayısı ilə təsdiqləyir ki, əgər 44 günlük müharibədəki acınacaqlı məğlubiyyət yaşanmasaydı, ölkəsi qəflət yuxusundan ayılmayacaqdı. Dolayısı ilə o, erməni milli identikliyi üçün qeyri-sağlam münasibətlər sisteminin mövcudluğu üzərində dayanır. Baş nazir sübut edir ki, bu identiklik yalnız zor yolu ilə anlayır. Başqa sözlə desək, Nikol məhz zora əsaslanmış rəftarı Ermənistanın ideoloji transformasiyası üçün başlıca seqment sayır. Necə deyərlər, ilan ulduz görməsə, ölməz.
Tam qətiyyətlə demək olar ki, N.Paşinyan fikirləri ilə eyni zamanda, tipik erməni xəstəliyindəki spesifikanı açıqlayır. Ancaq hesab edirik ki, hazırda başlıca məqam heç də bu deyil. Əsas məsələ baş nazirin və təmsil olunduğu komandanın özünün yaxın keçmişdə olanlardan nə dərəcədə dərs götürməsidir. Bu gün Ermənistan Azərbaycanla sülhə gəlmirsə, ölkəmizin şərtlərini qəbul etmirsə, tarixən erməni varlığının daşıdığı dağıdıcı missiyadan xəcalət çəkib üzr istəmirsə, deməli, Nikolun yüksək səslə söylədiyi və ideoloji görkəm verməyə çalışdığı hər bir tezis yalnız sabun köpüyüdür.
Ə.RÜSTƏMOV
XQ