“Şimal küləyi”nin “Oskanyan əsintisi” – dövlət çevrilişinə çağırış

post-img

Keçmiş XİN rəhbərinin növbəti anti-Paşinyan tezislərində nələr var?

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan özünün anti-Paşinyan tezislərindən qalmır. Bu dəfə o, ölkənin baş nazirini daha geniş miqyasda qınamağa üstünlük verib. Əslində, Vardanyanın söylədikləri yenilik deyil və onun bildirdiklərinə Ermənistandakı şovinist-revanşist kəsimin “fəaliyyətinin” aktivliyi prizmasından yanaşmağa ehtiyac var. Nəzərə alaq ki, belə bir kəsimin mövcudluğu bütövlükdə Cənubi Qafqazda sülhə və əminamanlığa təhdiddir. Oskanyanın fikirlərini Ermənistanın aparıcı media orqanları tirajlayırsa, bu, o deməkdir ki, ölkədə revanşistlərin ictimai rəyə təsir imkanları böyükdür. 

Bəli, V.Oskanyanın “knopkasının” haradan basıldığı məlumdur. Ermənistanı “Şimal” küləkləri cənginə elə alıb ki, ondan qurtulmaq mümkünsüz təsiri bağışlayır. Görünür, qurtulan yer, böyük hesabla, ancaq ölkənin Nazirlər Kabinetidir. O da görünür ki, sabiq XİN rəhbəri Paşinyanı ittiham etməklə həmin məkanın, belə demək mümkünsə, işğal fətvasını verir. 

V.Oskanyan deyir ki, N.Paşinyanın Ermənistanın lideri kimi fəaliyyətini milli fəlakətdən başqa bir şey adlandırmaq olmaz: “Onun hakimiyyəti dövründə Ermənistan müasir tarixində ən sarsıdıcı məğlubiyyətə uğradı – “Artsax”ın tamamilə itirilməsi, erməni əhalisinin köçkünə çevrilməsi və minlərlə qurban. Bu, sadəcə olaraq, döyüş meydanında uğursuzluq hekayəsi deyil. Onun təkəbbürü, məlumatsızlığı və sağlam məsləhətlərə məhəl qoymaması ölkəni məhv olmaq həddinə çatdıran bir liderin hekayəsidir. Bu gün Bakıda erməni girovlarının (?) hələ də əziyyət çəkdiyi, suveren Ermənistanın ərazilərinin bir hissəsinin verildiyi(?) və yeni güzəşt tələblərinin gözlənildiyi vaxtda, Paşinyan ölkəni idarə etməklə bağlı bütün mənəvi və siyasi legitimliyini itirib. Ölkənin varlığı üçün onun dərhal uzaqlaşdırılması lazımdır”.

Göründüyü kimi, Oskanyan açıq şəkildə hakimiyyəti devirməyə çağırır. Hesab edirik ki, Ermənistan dövlətinin müvafiq strukturları bu məxluq barədə tədbir görməlidirlər. Amma inanmırıq ki, görsünlər. Çünki onlar, faktiki olaraq, iflic durumdadırlar. O qədər iflicdirlər ki, Oskanyanın üsyana çağırış ritorikasını demokratiya kimi də qiymətləndirə bilərlər. Halbuki, demokratiya anarxiya yox, qanunun aliliyidir. Ancaq erməni iqtidarının revanşistlərə qarşı qəti davranmamasının bir səbəbi də var ki, onu yazımızın ən sonunda diqqətə çatdıracağıq.

Hələlik isə deyək ki, sərsəm məntiqindən süzülənləri sosial şəbəkə hesabına ifraz etməklə məşğul olan V.Oskanyan detallara getməyi də yaddan çıxarmayıb. Məsələn, o bildirib ki, N.Paşinyanın təxribatçı ritorikası müttəfiqlərini özündən uzaqlaşdırdı və Azərbaycanı 2020-ci ildə dağıdıcı müharibəyə sövq etdi. “Qaçılmaz fəlakət baş verəndə, onun (Paşinyanın – red.) qərarları bizə sarsıdıcı məğlubiyyət zəmanəti verdi. Onun ucbatından beş min erməni əsgəri canını tapşırdı, daha on mini yaralandı və gələcək taleyindən məhrum edildi”, - deyən Oskanyan Nikolun mövcud durumdan nəticə çıxarmadığını da vurğulayıb. 

Əlbəttə, sabiq XİN rəhbərinin Paşinyana ünvanlanmış “nəticə çıxarmamaq” ifadəsi tam yerindədir. Çünki erməni baş nazirin hansı bədən üzvü ilə düşündüyünü müəyyənləşdirmək çox çətindir. Belə nəticəyə gəlmək olar ki, o, ümumən düşünmür, ancaq verilən qərarları icra edir. Fikrimizin sübutu kimi, bir çox məqamların üzərində dayana bilərik. Ancaq buna ehtiyac duymuruq. Məlumdur ki, Ermənistan hakimiyyəti Qərbin direktivləri ilə hərəkət edir. 

Əlqərəz, V.Oskanyan bildirir ki, Paşinyan ölkənin üzləşdiyi fəlakətdən dərs almaq əvəzinə, daha çox səhvlər etdi, ləyaqətlə istefa vermək əvəzinə, məsuliyyətdən boyun qaçıraraq hakimiyyətdən yapışmağa başladı: “Onun kabineti öz uğursuzluqlarında əvvəlki hökumətləri, xarici müttəfiqləri və hətta erməni xalqını günahlandıraraq, rüsvayçı bir şəkildə “günah keçisi” kampaniyasına başladı. Amma tarix yalan demir. Məhz onun hakimiyyəti “Artsax”ın tamamilə itirilməsinə, 120 min erməninin məcburi köçkünə çevrilməsinə və Ermənistanın ərazi bütövlüyünün görünməmiş şəkildə pozulmasına səbəb oldu”.

Keçmişin mənasız klişelərini təkrarlayan V.Oskanyanın dediklərində həqiqət payı budur ki, “Artsax”ın, yəni Qarabağın erməni varlığı üçün itirilməsinin səbəbkarı rəsmi İrəvandır. Ölkə iqtidarı bölgəni, sözdə yox, sözün əsl mənasında, Azərbaycanın yurisdiksiyası altında tanımalı idi. Paşinyan və komandasındakılar Qarabağ ermənilərinə beynəlxalq hüquqi təminat mövzusunu qabardıb, ölkəmizin suverenliyini şübhə altına almamalı, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə bənzər idarəçilik formasının tətbiqinə nail olmağa çalışmamalı idilər. Ancaq buna getdilər və uğur qazana bilmədilər. Belə olduqda, Paşinyan 2023-cü ilin sentyabrında bildirdi ki, Qarabağın özünün seçkili hakimiyyəti var. Nikolun yanaşması onun 2019-cu ildə səsləndirdiyi “Qarabağ Ermənistandır nöqtə” bəyanatının bir qədər fərqli təkrarı idi. O, bu fikri dilinə almamalı idi. Düşünməli idi ki, sözügedən ifadənin dövriyyəyə gətirilməsi Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair bəyanatı ilə ziddiyyət təşkil edir. 

Digər tərəfdən, Qarabağın özünün seçkili hakimiyyətinin olduğunu iddia etmək, Ermənistanın bölgə erməniləri ilə bağlı əvvəllər özünə hansısa formada yer eləmiş məsuliyyət kazusunu heçə saymaq effekti verirdi. Belə çıxırdı ki, rəsmi İrəvan ölkəmizi tanıyır, tanımayan bölgədəki “seçkili hakimiyyətdir”. Söhbət, separatçı hakimiyyətdən gedir. O hakimiyyət ki, onun Qarabağ ermənilərinin taleyi ilə bağlı məsuliyyəti məsələsi Azərbaycan iqtidarı tərəfindən heç zaman qəbul edilməyib, edilə də bilməzdi. 

Ancaq rəsmi Bakı Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasına dair təkliflər səsləndirmişdi. Özü də dəfələrlə. Buna, guya ki, bölgənin separatçı rejimi ­maneəçilik törədirdi. Əslində, əngəl İrəvandan gəlirdi. Paşinyan iqtidarı Qarabağ ermənilərini bölgə ilə bağlı Qərbin ortaya atdığı erməni avantürizminin alətinə çevirirdi. Lokal xarakterli antiterror tədbirlərindən sonra onların yaşayış yerlərini tərk etmələri məhz belə yanaşmanın nəticəsi idi. Bu mənada, V.Oskanyanın Paşinyan hakimiyyətinə ünvanlanmış ittihamları haqlıdır. Çünki Qarabağdan erməni izini yoxa çıxaran rəsmi İrəvan olmuşdu. 

Ancaq Paşinyan və komandasının təmsilçilərinin özlərindən əvvəlki iqtidarı günahlandırmalarında ədalət payı var. Məsələn, Oskanyan deyirsə ki, Qarabağ məğlubiyyətindən sonra Nikol istefa verməli idi, bunun nə üçün baş vermədiyini nəzərə almalıdır. Ancaq Paşinyan 2021-ci ildə istefa vermiş və növbədənkənar seçkilərə getmişdi. O zaman sual olunur: nəyə görə müharibə məğlubu olan iqtidar yenidən seçki qalibinə çevrildi? Məntiqlə savaş rüsvayçılığından sonra onun prosesdə zəfər çalması mümkünsüz olmalı idi. Hə, bax, bu məsələdə Oskanyan həm də özünü və vaxtilə təmsil olunduğu komandanı günahlandırmalıdır. Keçmiş XİN rəhbərinin tərkibində yer aldığı düşərgə Ermənistanı, erməni vətəndaşlarını elə bir günə qoymuşdu ki, ikincilər onlardansa yenidən Paşinyanı seçməyə üstünlük vermişdilər. 

V.Oskanyan onu da bildirib ki, Paşinyanın dövründə Ermənistan vassal dövlətə çevrilib, daimi güzəştlərə getməyə məcbur olub: “Onun xarici siyasəti qeyri-sabit və intihara meyillidir.  Müttəfiqləri ilə körpüləri yandırdı və heç bir alternativ təklif etmədi. Onun uğursuzluqları Ermənistanı təcrid, müdafiəsiz və düşmənlərindən asılı vəziyyətə saldı. İndi də erməni məhbuslar Azərbaycan həbsxanalarında olarkən onun hökuməti onların azad edilmələri üçün mübarizə aparmır”.

Bu yerdə bildirək ki, N.Paşinyanın səhvi daha çox Ermənistanı vassal dövlətə çevirməkdə yox, vassallıq ampluasının başqa trayektoriyasını seçməyindədir. Halbuki, Nikol V.Oskanyanın təmsil olunduğu komandanın ölkəni saldığı asılı durumu aradan qaldırmaq imkanında idi. Ancaq bunu etmədi və yenə eyni “dəst-xətti”nə sadiqdir. Dediyimiz kimi, Paşinyan iqtidarı Qərbin göstərişləri ilə oturub-durur. Rəsmi İrəvan bir vaxtlar Kremldən tapşırıqlar alırdısa, indi Fransanın və ABŞ-ın göstərişlərinin əsiridir.  

Beləliklə, V.Oskanyan hesab edir ki, Paşinyan adına ən utancverici məqam onun bu günlərdə qondarma “erməni soyqırımı” ilə bağlı söylədikləridir. Daha doğrusu, “soyqırımı” inkar etməsidir. Keçmiş XİN rəhbəri Nikolun sözlərini xəyanət saydığını açıqlayıb: “Ermənistan rəhbərinin erməni xalqının ən böyük faciəsini alçaltması və təhrif etməsi sadəcə olaraq, qəbuledilməzdir. Bu, fəlakətli uğursuzluqlarına görə artıq hədsiz bədəl ödəmiş bir ölkəyə qarşı ən böyük təhqirdir”.

Nəhayət, Paşinyanın hakimiyyətdə qalmasını təkcə siyasi məsələ deyil, həm də milli fövqəladə hal olaraq qələmə verən V.Oskanyan onu da bildirib ki,  Nikolun rəhbərliyi daim alçaldılma, məğlubiyyət və tənəzzül dövrüdür. O, lider yox, gücdən ümidsizcəsinə yapışan adamdır və idarəçiliyə belə yanaşır. “Ermənistan artıq onun uğursuzluqlarına dözə bilmir. O, hakimiyyətdə nə qədər çox qalsa, bir o qədər ziyan vurar. Bəhanələrin vaxtı bitdi. Paşinyan Ermənistanın ləyaqəti, təhlükəsizliyi və gələcəyi naminə getməlidir”, - deyən sabiq nazir diqqəti baş nazirin müdafiəçilərinin ­mövcudluğu faktına da yönəldib və vurğulayıb ki, onlar şəxsi və maddi maraqlar güdərək, Nikola haqq qazandırmağa çalışırlar: “Bu adamlar heç də az təhlükəli deyillər. Çünki onlar Paşinyanın destruktiv siyasətinə töhfə verirlər və millətin tərəqqisinə mane olurlar. Onların bəhanələri kəsilməlidir”. 

Sonda əvvəldə vurğuladığımız məqama qayıdaq və bildirək ki, fəaliyyəti küçə iti kimi boşuna hürmək təsiri bağışlayan V.Oskanyan və onun düşüncəsində olanları da qoruyanlar var və belələrinin Ermənistanın siyasi səhnəsində qalmaları ölkə üçün son dərəcə təhlükəlidir. Hazırda Paşinyan iqtidarı qarşısında duran ən böyük vəzifə onları neytrallaşdırmaq, ­bəsləndikləri “Şimal” küləyi ilə bağlarını kəsmək olmalıdır. Ancaq belə təəssürat yaranır ki, Nikol və tərəfdarları bu vəzifənin öhdəsindən gəlməkdə acizdirlər və mövcud reallığa qarşı çıxmaq gücündə deyillər. Hərçənd, erməni baş nazirin lazım olanda repressiv metodlara əl atdığını görə bilirik. O zaman daha bir sual yaranır: Paşinyan nəyə görə oskanyanların gündəmdə olduğu ölkədə rahat şəkildə küçədə velosiped sürə, evdə pomidor-yumurta bişirə və etdiklərini sosial şəbəkə hesabında paylaşa bilir? Cavab çox sadədir: Ermənistan rəhbərliyi revanşist baxışların erməni cəmiyyətinin canından çıxmasını istəmir, revanşizm və şovinizm üzərinə siyasi sərmayə yatırır. 

Ə.CAHANGİROĞLU
XQ

 

Siyasət