Binokllulara yenə “yaşıl işıq” yandırdılar

post-img

Avropa İttifaqının Ermənistandakı casus missiyasının mandatının uzadılması nəyə xidmət edir? 

Avropa İttifaqının (Aİ) səfirləri Ermənistandakı müşahidə missiyasının mandatının 2 il müddətinə uzadılmasını təsdiqləyiblər. Bu barədə “Armenpress” “Azadlıq” radiosuna istinadla  məlumat yayıb. 

Qərara əsasən, avropalı müşahidəçilər 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar. Müqavilə layihəsində müşahidəçilərin tərkibinin və sayının əvvəlki kimi – 209 nəfər (165 xarici və 44 erməni üzv) olacağı nəzərdə tutulur. Missiyanın İrəvandakı nümayəndəliyinin açıqlamasına görə, bu qərarı yaxın vaxtlarda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri təsdiqləməlidirlər.                       

***

Xatırladaq ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas qurumun Ermənistanda mülki missiyasının mandatının daha 2 il  uzadılmasını təklif etmişdi. Onu da yada salaq ki, Aİ-nin Ermənistandakı mülki missiyasının mandatında Ermənistanın sərhədyanı və münaqişədən zərər çəkmiş rayonlarında insidentlərin sayının azaldılmasına kömək etmək, bu rayonlarda yaşayan əhali üçün təhlükə səviyyəsini azaltmaq və bununla da Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına töhfə vermək qeyd olunub. 

Əslində isə adı mülki olan bu missiyanın kəşfiyyat fəaliyyəti ilə məşğul olduğu barədə qəzetimiz, fakt və sübutlar əsasında, dəfələrlə materiallar dərc edib. Bu günlərdə missiyanın kəşfiyyat əməlləri barədə yeni faktlar üzə çıxdı. Yəni “müşahidəçilər”in casusluq faktını təsdiqləyən video-süjeti mediada yayımladılar. Görüntülərdə Aİ misiyasına məxsus “Toyota” markalı 2 avtomobildə “monitorinqçilər”in Ermənistan–Azərbaycan sərhədinə yaxınlaşaraq durbinlə Qazax istiqamətində Azərbaycan ərazilərini müşahidə etməyə başladıqları aydın şəkildə görünür. Onların bu “xidməti səyahətini” Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları da qeydə alıblar. Yəqin, onlar bu hərəkətləri ilə bölgədə fəaliyyət müddətlərinin uzadılacağına əminliklərini “vizual şəkildə” nümayiş etdirməyə çalışıblar.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov XQ-yə açıqlamasında Avropa İttifaqının Ermənistanındakı missiyasının müddətinin uzadılmasının gözlənilən bir qərar olduğunu bildirdi: 

“Çünki bu qərarın arxasında Fransanın Cənubi Qafqazda və bilavasitə Ermənistanda təhlükəsizlik məsələlərində mövcudluğunu təmin etmək planı dayanır. Monitorinq missiyasının Ermənistanı nədənsə qoruması kimi bir faydası yoxdur. Onlar, sadəcə olaraq, şərti sərhəddə kəşfiyyatla məşğuldurlar. Bayraqlarını nümayiş etdirirlər ki, baxın, biz burada varıq. Yəni guya, özlərinə plastdarm hazırlayıblar. Sərhəd zolağında binoklla gəzən fransızlar və almanlar öz ağılları ilə Ermənistanın müdafiəsini təşkil edirlər. Haylar da həmin ərazilərdə istehkamlar yaradır, müəyyən qoşun növlərini yerləşdirir, bir sözlə, müdafiə xəttini möhkəmləndirməklə məşğuldurlar. Başa düşmək istəmirlər ki, onların qurduqları müdafiə xəttini Azərbaycan bir zərbə ilə darmadağın edəcək. Qarabağda dörd-beş qat betondan tikdikləri, “keçilməz” dedikləri həmin “Ohanyan xətti”ni Azərbaycan Ordusu bir neçə günə “şumladı”. İndi də özlərini aldadırlar. 

O ki, qaldı Avromissiyanın qalma müddətinin uzadılmasına, Azərbaycan Prezidenti bu barədə demişdi ki, bizim tərəfdən kimsə ucadan öskürsə, şərti sərhədin o üzündəkilər hər şeylərini qoyub qaçacaqlar. Ermənilər əbəs yerə bu missiyaya böyük ümidlər bağlayırlar. Bütün hallarda bu addım Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə mənfi təsir göstərəcək. Axı Bakı əvvəlcədən xəbərdarlıq etmişdi ki, ikitərəfli razılığa söykənən bu əməkdaşlıq müvəqqəti xarakter daşımalı idi. Amma madam ki, İrəvan bu məsələni birtərəfli qaydada missiya ilə həll edirsə, onda anlamalıdır ki, bu halda Bakı da avroittifaqla münasibətlərinə zəruri korrektələr edəcək. 

Bu gün Azərbaycanın, şükürlər olsun ki, Avropa İttifaqına heç bir ehtiyacı yoxdur. Ondan asılı da deyilik. Bu qurumun nə siyasi, nə maliyyə yardımlarına, nə də vasitəçiliyinə ehtiyacımız var. Əksinə, Avropa İttifaqı Azərbaycana möhtacdır. Enerji böhranı ilə üzləşmiş Avropa üçün, ehtiyaclarını tam şəkildə ödəməsə də, Azərbaycan yeganə alternativdir. Düşünürəm ki, missiya ilə bağlı Brüsseldə qəbul edilən qərardan tərəflər özləri üçün lazımi nəticələri çıxaracaqlar”.

***

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Aİ-nin Ermənistandakı mülki missiyasının mandatı Azərbaycanla məsləhətləşmədən, özbaşına formada təsdiqlənib, sonra da genişləndirilib. Əgər bu missiyanın əsl məqsədi regional sabitlik və iki ölkə arasında qarşılıqlı etimad mühiti yaratmqdırsa, o, bu hədəflərin heç birinə çatmayıb və bundan sonra da çatması böyük sual işarəsi altındadır. Onun lap əvvəldən heç belə bir niyyəti də olmayıb. Əksinə, missiyanın “kollektiv Qərb”in Azərbaycana qarşı təbliğat kampaniyasında əsas alət kimi istifadə olunmaq kimi alt niyyətə xidmət etdiyi artıq heç kəsdə şübhə doğurmur. 

Ermənistanın silahlandırılması və regionda vəziyyətin gərginləşməsinə yönəlik bəyanatlar səsləndirən Aİ-nin hansı statusda “sülhyaratma” missiyasından yararlandığı da Bakıya məlumdur. Bu cür bədniyyətli təşəbbüslər neytral vasitəçilik roluna iddialı Brüsselin nüfuzunu sıfıra endirməklə yanaşı, bütövlükdə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşma prosesinə yalnız xələl gətirdiyi şübhə doğurmur. Rəsmi İrəvanın davranışına nəzər yetirsək, görərik ki, Paşinyan hökuməti missiyanın müddətinin uzadılmasına növbəti dəfə göz yumur. İki ölkə arasında sülh təşəbbüslərinin yenidən gündəmə gəldiyi indiki məqamda Ermənistanın bu cür davranışını heç cür səmimi adlandırmaq olmaz. 

Sual yaranır: Ermənistanın təhlükəsizliyinə kim problem yaradır? Bu gün nə Azərbaycan Ermənistana qarşı ərazi iddiası ilə çıxış edir, nə Türkiyə, nə də başqa bir dövlət. Deməli, məsələ hərbi deyil, siyasi baxımdan yanaşma tələb edir. Bu zaman Aİ-nin yeni qərarının Rusiya ilə bağlı olması ehtimalı özünü doğruldur. Bəli, “kollektiv Qərb”in Ermənistan planında Rusiyanın bölgədən tamamilə sıxışdırılıb çıxarılması prioritet olaraq qalmaqdadır.   

Rəsmi Bakı “binokllu missionerlər”in təxribatçı fəaliyyətinin təkcə Azərbayacana  qarşı deyil, eyni zamanda, Rusiya, Türkiyə və İrana qarşı yönəldiyini ən yüksək səviyyədə bəyan edib. Sadəcə, bəyan etməklə kifayətlənməyib, həm də bu fəaliyyəti ifşa edib. Yuxarıda misal çəkdiyimiz yeni insident bunun əyani sübutudur. 

Bəzi ekspertlər belə güman edirlər ki, Gürcüstan hakimiyyəti “kollektiv Qərb”in ölkənin daxili işlərinə qarışmaq cəhdlərinə qətiyyətlə müqavimət göstərdikdən sonra ermənipərəst şəbəkə fəaliyyətini Gürcüstana qədər genişləndirməyə çalışacaq.

***

Oxuculara xatırladaq ki, Aİ missiyası 2023-cü ilin fevralında 100 nəfərlə fəaliyyətə başlayıb. Bu buqələmun missiya bölgəyə daxil olduğu ilk gündən burada mövcudluğuna haqq qazandırmaq, eyni zamanda, ölkəmiz ətrafında qara piar yaratmaq məqsədilə Azərbaycanın Ermənistana qarşı “təcavüzkar planları” ilə bağlı Qərbdə feyk şou-tamaşa düzənləməyə başlamışdı. İki il bundan əvvəl – 2023-cü ilin yazında Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter müsahibəsində bunları deyəcək qədər irəliyə getmişdi: “Ermənilərin bir çoxu Azərbaycanın yazda hücuma keçəcəyini gözləyir. Əgər bu baş verməsə, onda bizim missiyamız artıq uğurlu sayıla bilər”. 

Bunun ardınca həmin ilin dekabrında Aİ-nin şərti şərhəddəki missiyasının sayının 209 nəfərə qədər artırıldığı elan edildi. 2024-cü ilin martında isə Ermənistan parlamenti bu missiyanın statusu ilə bağlı Aİ ilə sazişi ratifikasiya edib, onun üzvlərinə toxunulmazlıq və güzəştlər, o cümlədən həbs toxunulmazlığı kimi imtiyaz verib.

Adı mülki olan missiya sərhəddə patrul xidməti, kəşfiyyat və kamuflyaj funksiyalarından əlavə, həm də simvolik funksiyanı da yerinə yetirir. Müxtəlif cinsli və mövqeli Qərb siyasətçilərinin Ermənistanın bu ərazisinə səfərləri mütəmadi hal almaqla, “yaxşı ənənəyə” çevrilib. Fransa başda olmaqla, hayların qərbli təəssübkeşləri bu missiyanın əli ilə Azərbaycana qarşı düşmənçilik meyillərini açıq şəkildə nümayiş etdiriblər. Buna misal olaraq 2024-cü ilin iyul ayında ABŞ Konqresinin nümayəndə heyətinin Aİ missiyasının nümayəndələri ilə birlikdə Ermənistan–Azərbaycan sərhədində vəziyyətin monitorinqini aparmasını göstərmək olar. 

Noyabr ayında isə Bakıdan sonra İrəvana gedən Polşa Prezidenti Andjey Duda missiyanın durbinini Azərbaycan tərəfə çevirərək, buradakı müşahidə məntəqəsinə baş çəkib, fransız, alman və polyak kəşfiyyatçıları ilə görüşüb. Fransanın İrəvandakı səfirinin “kəşfiyyatçılarla” şərti sərhəddin o üzündə “quş ovuna” çıxması isə onun, az qala, gündəlik diplomatik missiyasına çevrilib.

Rəsmi Bakı dəfələrlə missiyanın fəaliyyətinə öz etirazını bəyan edib. Prezident İlham Əliyev missiyanın müddətinin uzadılması ilə bağlı məsələnin Bakı ilə razılaşdırılmadığını bildirib. 2023-cü ilin dekabrında isə dövlətimizin başçısı sülh sazişinin şərtlərindən birini – üçüncü ölkələrin silahlı qüvvələrini sərhəddə yerləşdirməkdən imtina etməsini İrəvanın diqqətinə çatdırmışdı.

İndi İrəvanın Aİ missiyasının mandatının uzadılmasına nail olması sülh danışıqlarına əngəl olmaq üçün atdığı daha bir addım kimi qiymətləndirilməlidir. Üstəlik, belə bir məlumat da var ki, casus missiyasının mandatı uzadıldıqdan sonra ona hərbi funksionallıq vermək də planlaşdırırlar. Bu isə Aİ-nin təkcə Rusiyaya deyil, dünyaya meydan oxumaq anlamına gəlir.

İmran BƏDİRXANLI 
XQ

 



Siyasət