Ermənistan baş naziri Nikol Paşinyan növbəti cəfəng açıqlama ilə çıxış edib. Yanvarın 25-də ölkəsinin İctimai televiziyasına müsahibə verən N.Paşinyan deyib ki, Bakıda saxlanılan “erməni məhbuslar”dan (?) ifadələr almaq üçün onlara qadağan olunmuş psixotrop maddələr (?) verilir. O iddia edib ki, Azərbaycan tərəfi bunu, guya, regionda eskalasiyaya rəvac vermək məqsədilə edir: “Bizdə belə bir məlumat var ki, regionda gərginliyin artmasına səbəb olacaq bəyanatları qızışdırmaq məqsədilə Bakıda saxlanılan “erməni məhbuslar”a qadağan olunmuş psixotrop maddələr verilir”.
N.Paşinyan bildirib ki, Bakıda saxlanılanlardan heç kimi siyasi rəqibi hesab etmir. Üstəlik, baş verənlər təkcə ciddi narahatlıq doğuran məsələ deyil, həm də regionda baş verəcək yeni eskalasiyanı qızışdırmaq məqsədilə edilir: “Bizdə məlumat var ki, regional eskalasiyanı qızışdırmaq üçün onlardan ifadə almaq və şahidlik etmək üçün istifadə olunur. Ona görə də “məhbuslar” qadağan olunmuş psixotrop maddələrə (?) məruz qalırlar. Biz bu məsələni bütün mövcud vasitələrlə həll etməyə çalışırıq”.
Qeyd etdiyimiz kimi, Paşinyanın bu açıqlaması cəfəngiyyatdır və heç bir dəlil-sübuta əsaslanmır. Bu bəyanat heç bir çərçivəyə sığışmır. Azərbaycanda saxlanılan və Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi davam etdirilən şəxslərin hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxslər vəkillə təmin ediliblər. Baş Prokurorluğun yaydığı məlumatda bildirildiyi kimi, həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib. İş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış ediliblər. Baş Prokurorluq hələ 2024-cü il dekabrın 17-də yaydığı məlumatda bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət etmişdi.
Məhkəməsi keçirilən şəxslərin özlərinin proses zamanı verdikləri açıqlamalar da N.Paşinyanın açıqlaması ilə daban-dabana ziddiyyət təşkil edir. Məsələn, keçmiş qondarma rejimin başçılarından olmuş Arayik Arutyunyan yanvarın 21-də keçirilən açıq məhkəmə hazırlıq iclasında bildirmişdi ki, sağlamlıqla bağlı problemi yarandıqda təcridxanada həll olunur. Təqsirləndirilən A.Arutyunyan digər təqsirləndirilənlərdən fərqli olaraq ev dustaqlığına buraxılması barədə vəkili və ya özü tərəfindən vəsatət verilmədiyini, eləcə də səhhəti ilə bağlı şikayətinin olmadığını qeyd etmişdi. O bildirmişdi ki, ümumiyyətlə, digər təqsirləndirilən şəxslərdən sağlamlıqları ilə bağlı şikayət eşitməyib.
Güman etmək olar ki, N.Paşinyanın açıqlaması A.Arutyunyanın digər bəyanatı ilə bağlıdır. Yada salaq ki, Arayik yanvarın 17-də keçirilən ilk məhkəmə prosesində bildirmişdi ki, Gəncə şəhərinin raketlərlə vurulması ilə bağlı əmri o verməyib. Arutyunyan bəyanatında demişdi ki, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı onun bəyanatı olub və buna görə təəssüflənir: “Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə verdiyimi istintaq zamanı ifadəmdə izah etmişəm”.
Arayik bəyanatında Gəncənin vurulması ilə bağlı əmrin kim tərəfindən verildiyini açıqlamamışdı. Amma ehtimal etmək olar ki, bununla bağlı göstəriş Ermənistan hakimiyyətinin yuxarı eşalonu tərəfindən verilib. Dolayısı ilə, Arayik bu açıqlama ilə Paşinyanı nişan verir. İndi Paşinyan da bundan narahat olub və saxlanılan şəxslərin ayıq başla verdikləri bəyanata şübhə ilə yanaşır, onların qadağan olunmuş hansısa psixotrop maddələrin təsiri altında (?) ifadələr verdiklərini iddia edir. Yəni, bu yolla təqsiri öz boynundan atmağa uğursuz cəhd edir.
Ermənistan baş nazirinin açıqlamasına münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Paşinyanın, guya, regional eskalasiyaya rəvac vermək məqsədilə keçmiş separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və tamamilə gülüncdür. Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalan olduğu təsbit edilib.
Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Paşinyan, əslində, özünə görə qorxur. Çünki bilir ki, məhkəmə zamanı elə ifadələr səslənə bilər ki, bu, Nikolun məsuliyyətini ortaya qoya bilər: “Məsələn, Arutyunyan məhkəmənin ilk günündə dedi ki, Gəncənin bombalanması əmrini o verməyib. O, sadəcə, belə bir açıqlama verdiyini və buna görə təəssüfləndiyini bildirdi. Əgər Gəncənin bombalanması əmrini Arutyunyan verməyibsə, deməli, Paşinyan verib. Yəqin ki, məhkəmə prosesi zamanı başqa açıqlamalar da veriləcək. Ona görə Paşinyan psixotrop maddələr iddiasını ortaya atır ki, sabah məhkəmədə onun adı hallansa, desin ki, mühakimə olunanlara təsir edilib. Guya, onlar təsir altında Paşinyanın məsuliyyəti barədə açıqlamalar veriblər”.
Politoloq bildirdi ki, Nikol öz canından qorxur: “Paşinyanın Arayik Arutyunyanla, Ruben Vardanyanla heç bir bağlılığı yoxdur. Əksinə, Nikol həmin şəxslərin hazırda azadlıqda olmalarını və Ermənistana gəlmələrini heç istəməz. Bəlkə də onların uzun müddət Azərbaycanda həbsdə qalmaları Paşinyanın ürəyincədir. Sadəcə, məhkəmənin gedişatından qorxur ki, prosesdə onun əleyhinə ifadələr səslənəcək və bu ifadələri Qarabağ separatçıları özləri səsləndirəcəklər. Buna görə də qabaqdangəlmişlik edərək Azərbaycanı ittiham etməyə çalışır ki, guya, psixotrop maddələrdən istifadə olunub”.
Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə dedi ki, verdiyi açıqlama N.Paşinyanın narahatlığından irəli gəlir. Onun sözlərinə görə, Paşinyan başa düşür ki, müharibə zamanı verdiyi əmrlər beynəlxalq cinayətdir. Burada söhbət təkcə iki ölkə arasındakı münasibətlərdən getmir. Özünü demokrat adlandıran Paşinyanın gələcəkdə cinayət məsuliyyətinə cəlb edilməsi hüquqi əsas yarada bilər: “Arayik Arutyunyan vaxtilə Gəncənin bombalanmasına dair əmr verdiyini bildirmişdi. İndi isə məhkəmədə bu səlahiyyətə malik olmadığını deyir. Açıq şəkildə qeyd edir ki, bu işdə Ermənistan rəhbərliyi günahkardır. Əlbəttə, məhkəmə istintaqı davam edir və nəticələr barədə ictimaiyyətə məlumat veriləcəkdir. Ermənistan rəhbərliyinin verdiyi bəyanatlar isə narahatlığın nümunəsidir. Əgər Paşinyan narahatdırsa, deməli, onun bu və ya digər hadisələrdə əli var”.
Z.Məmmədov qeyd etdi ki, müharibənin bitməsi müharibə vaxtı törədilən cinayətlərin cəzasız qalacağı demək deyil: “Ermənistan dövləti məğlub oldu. Hər kəs etiraf etdi ki, Ermənistan işğalçı dövlət kimi Azərbaycan torpaqlarını nəzarətdə saxlayıb. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, müharibə vaxtı törədilən cinayətlərlə bağlıdır. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsidə cinayətlərə yol verənlər cəzalarını almalıdırlar. Məlumdur ki, Birinci Qarabağ müharibəsi dövründə Zori Balayan, Robert Koçaryan, Serj Sarkisyan, eləcə də digərləri Azərbaycan xalqına qarşı böyük cinayətlər törədiblər. Onların imici də hər kəsə məlumdur. İndiki Ermənistan dövlətini idarə edənlər isə bu və ya digər şəkildə sudan quru çıxmaq, dünyada özləri barədə müsbət rəy yaratmaq istəyirlər. Məhkəmə prosesi tam şəffaf şəkildə keçirilməkdədir. Azərbaycan üçün önəmli olan ədalətin zəfər çalması, haqqın qalib gəlməsi, cinayətləri icra edənlərin və sifarişçilərin aşkara çıxarılması və onların cəzalandırılmasıdır”.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov isə bildirdi ki, Ermənistan baş nazirinin Bakıda məhkəməsi keçirilən erməni separatçılarının, guya, psixotrop dərmanların təsiri altında ifadə verməsi ilə bağlı açıqlaması gülüncdür və bu, İrəvanın ölkəmizə qarşı növbəti təxribatıdır. Polkovnik qeyd etdi ki, Paşinyan bu kimi bəyanatlarla məsuliyyətdən yayınmağa çalışır: “Heç kəsə sirr deyil ki, məhkəmə prosesinə cəlb edilən erməni separatçılarının hamısı həm işğal zamanı, həm də Vətən müharibəsi günlərində xalqımıza qarşı böyük vəhşiliklər törədiblər. Bu gün məhkəmə qarşısına çıxarılan keçmiş qondarma rejimin nümayəndələrinin bəd əməlləri hər kəsə bəllidir. Hazırda həmin əməllərin hüquqi müstəvidə qiymətləndirilməsi, törətdikləri əməllərə görə ədalətli cəzanın müəyyənləşdirilməsi prosesi gedir və Azərbaycan həmin prosesi bütün dünyanın gözü qarşısında, açıq və şəffaf şəkildə həyata keçirir. Paşinyanın məhkəmədə dindirilən separatçıların, guya, psixotrop dərmanların təsiri altında ifadə verməsi ilə bağlı səsləndirdiyi fikirlər absurddur”.
C.Xəlilov hesab edir ki, məhkəməsi keçirilən şəxslər ifadələrində törətdikləri əməllərin bir çoxunun məhz Paşinyanın göstərişi ilə həyata keçirdiklərini deyə bilərlər: “Bununla da, Paşinyanla bağlı yeni ittihamlar, törətdiyi bəd əməllərlə bağlı əlavə sübut və faktlar ortaya çıxacaq. Məhz həmin prosesi qabaqlamaq, ictimai rəyi çaşdırmaq üçün Paşinyan bu cür sərsəm bəyanatlar verir. Ancaq buna ehtiyac yoxdur. Ermənistanın baş naziri bilməlidir ki, heç bir halda məsuliyyətdən qaça, Azərbaycanın separatçılarla bağlı keçirdiyi şəffaf məhkəmə prosesinə kölgə sala bilməyəcək. Azərbaycan xalqına qarşı vəhşiliklər törədənlər mütləq şəkildə məsuliyyətə cəlb olunacaq və layiq olduqları cəzanı alacaqlar”.
Səxavət HƏMİD
XQ