Azərbaycanın Efiopiyadakı səfiri Cibuti Prezidentinə etimadnamə təqdim edib

post-img

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Ruslan Nəsibov etimadnaməsini Cibuti Respublikasının Prezidenti cənab İsmayıl Ömər Gillehə (Guelleh) təqdim edib.

Ölkəmizin Efiopiyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, təqdimat zamanı səfir Prezident İlham Əliyevin Cibuti Prezidentinə səmimi salamlarını çatdırıb. Cibuti Prezidenti də öz növbəsində Prezident İlham Əliyevə səmimi salamlarının çatdırılmasını xahiş edib. Eyni zamanda, səfir Ruslan Nəsibov Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Məhəmməd Əli Yusuf, Dəniz Limanları və Azad Ticarət Zonaları Şurasının sədri (nazir) Əbubəkir Ömər Hədi, Milli Assambleyada (parlament) fəaliyyət göstərən Cibuti-Azərbaycan Dostluq Qrupunun sədri İlaya İsmayıl, habelə Cibutidə yerləşən və Şərqi Afrika regionunun 8 ölkəsini birləşdirən İnkişaf naminə Hökumətlərarası Şuranın (IGAD – Intergovernmental Authority on Development) icraçı katibi Vorkneh Gebeyehu ilə görüşlər keçirib.

Görüşlərdə regional vəziyyət, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra regionda yaranmış yeni reallıq, Ermənistanla normallaşma prosesi, Azərbaycan-Cibuti münasibətlərinin beynəlxalq və ikitərəfli müstəvilərdə inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, IGAD çərçivəsində əməkdaşlığın inkişafı və region ölkələri ilə əlaqələrin genişləndirilməsi üçün atılacaq praktiki addımlar barədə fikir mübadiləsi aparılıb.







Siyasət