Kreml Allahşükür Paşazadəni nə üçün Azərbaycan rəhbəri etmək istəyirdi?
Qoşunların Bakıya yeridilməsi kommunist rejimini saxlamaq, milli azadlıq hərəkatını boğmaq məqsədinə xidmət etmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun 1990-cı il yanvarın 14-də keçirilmiş iclasında fövqəladə vəziyyətin tətbiq edilməsi ilə əlaqədar irəli sürülmüş təkliflər hakimiyyəti itirmək qorxusu ilə bağlı olmuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərarından
29 mart 1994-cü il
Əvvəlcə onu qeyd edək ki, həmin günlər ( 1990-cı il yanvarın 14- dən 18-dək) müasir tariximizin olduqca eybəcər və hamımıza üzqaralığı gətirən faktlarla yadda qalmışdı.
Birinci, yanvarın 14-də Azərbaycan KP MK-nın plenumu öz işinə başlamış və dörd gün (?!) davam etmişdi. İkinci, plenum öz işini başa çatdırmamış MK-nın büro iclası da çağırılmışdı. Üçüncü, Mixail Qorbaçovun Bakıya göndərdiyi partiya və hökumət təmsilçiləri bütün Qafqazın Şeyxülislamı Hacı Allahşükür Paşazadəyə təklif etdilər ki, ölkə rəhbərliyini öz üzərinə götür, Bakıya qoşun yeritməyək. Dördüncü, Kreml rəsmiləri Ali Sovetin Sədri Elmira Qafarova Bakıda olmaya-olmaya parlamentin iclasının çağırılmasına və sədrin adından sənəd qəbul edilməsinə nail olmuşdular. Beşinci, Ali Sovetin həmin iclasında yetərsay olmadığına görə spiker iclasda iştirak etsəydi belə, həmin qərar hüquqazidd idi. Ancaq SSRİ rəhbərləri bütün hüquqazidd əməllərini hüquqauyğun donunda təqdim etməyi bacarırdı.
Məhz həmin “hüquqauyğunluq” nəticəsində Azərbaycan KP MK-nın yanvarın 14-də başlamış plenumu ayın 18-də başa çatdı və ertəsi günü – yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan paytaxtı sovet qoşunları tərəfindən alt-üst edildi.
Tarixçilər yazırlar ki, Mixail Qorbaçovun Bakıya göndərdiyi Yevgeni Primakovun missiyası bu Cənubi Qafqaz respublikasında “sabitlik yaratmaq” adı ilə paytaxtımızda milli azadlıq hərəkatını boğmaq, azadlıqsevər insanların gözünü qorxutmaq üçün Bakını qanına qəltan eləmək idi. Moskvanın missionerləri bu missiyanı sovet ordusunun və muzdlu başkəsənlərdən ibarət dəstələrin əli ilə reallaşdırdı.
Məlum məsələdir ki, 20 Yanvar faciəsi ərəfəsində Azərbaycanda ciddi hakimiyyət böhranı yaranmışdı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun iflasa uğramış idarəçilik siyasəti respublikada siyasi vəziyyəti dalana dirəmişdi. Göz qabağında olan fakt idi ki, Bakıda siyasi gərginlik getdikcə pik nöqtəsinə çatırdı. Yanvarın 10-dan sonra SSRİ rəhbərliyinin nümayəndələri və güc strukturlarının nazir müavinləri ard-arda Bakıya gəlməyə başlamışdılar. SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Yevgeni Primakov, Sov.İKP MK katibi Andrey Girenko və müdafiə naziri Dmitri Yazov Mixail Qorbaçov tərəfindən Bakıya ezam edilmişdi.
Yəni müasir Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan 20 Yanvar faciəsi bilavasitə Kreml rəsmilərinin nəzarəti altında başlamış, obrazlı desək, onların dirijor çubuğu ilə idarə edilmişdi.
Tarixçilər yazırlar ki, Azərbaycan KP MK bürosunun 1990-cı il yanvarın 14-15-də keçirilən iclasında SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Yevgeni Primakov və Sov.İKP MK katibi Andrey Girenkonun iştirakı adı “müttəfiq” olan Azərbaycan Respublikasının hüquqlarının kobud şəkildə pozulması idi. Belə ki, o dövrün qanunlarına görə müttəfiq respublikaların rəhbər partiya toplantılarında Sov.İKP MK-nın hansısa məsul şəxsi iştirak edirdi. Bakıdakı plenum və büro iclasına isə SSRİ-nin qanunverici orqanının rəhbərlərindən biri göndərillmişdi. Xeyir ola? Nə xeyir olacaq? Kreml Bakıda faciə törətməyə açıq şəkildə hazırlaşmış və bu müdaxiləni “qanuniləşdirmək” üçün əvvəlcədən müvafiq tədbirlər görülmüşdü.
Kremldə yaxşı bilirdilər ki, o dövrün mövcud qanunlarına görə, hansısa respublikada fövqəladə vəziyyət ancaq respublika Ali Sovetinin qərarı ilə tətbiq edilə bilərdi. Yevgeni Primakov məhz Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinə təzyiq göstərmək üçün Bakıya göndərilmişdi. Üstəlik, parlamentin iclasında yetərsay olmadan DQMV, zəruri halda isə ona bitişik rayonlarda və sərhəd boyu ərazilərdə fövqəladə vəziyyət elan olunması haqqında qərar qəbul etdirilmişdi. İttifaq orqanlarından “xahiş olunurdu” ki, bu qərarın icrasında respublikaya lazımi kömək göstərilsin.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 yanvar 1990-cı il tarixində təzyiq altında yetərsay olmadan qəbul edilmiş saxta qərarına “əsaslanan” SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyət tətbiq olunması haqqında” həmin tarixdə fərman vermişdi. Fərmanda Bakı və Gəncə şəhərlərində ictimai asayişin pozulduğu bildirilir, Respublika Ali Soveti Rəyasət Heyətinə tövsiyə olunurdu ki, yuxarıda adıçəkilən şəhərlərdə və digər yaşayış məntəqələrində komendant saatı tətbiq ediisin.
Prezident Kitabxanasının bu məzmunlu materialları arasında araşdırmaçı jurnalist Nadejda İsmayılovanın qeydlərinə də rast gəldik. Xanım həmkarımız yazır ki, yanvarın 14-də Əbdürrəhman Vəzirov Mərkəzi Komitənin iclasını çağırdı: “Axşama yaxın ikinci iclas Moskvadan gəlmiş Primakovun iştirakı ilə keçirildi. Primakov kəskin suallardan qaçaraq çıxış edənlərin sözünü kobud formada kəsirdi. Azərbaycan rəsmiləri və ziyalıları deyirdi ki, xalq Dağlıq Qarabağ probleminin həllini tələb edir. Bu problem həll edilsə, qarşılıqlı anlaşma əldə olunacaq. Primakov isə cavabında “Dağlıq Qarabağdan danışmayın! Deyin görək Bakıdakı ekstremistlərlə nə edək?” soruşurdu. İclasda büro üzvləri Primakova deyiblər ki, meydana çıxan xalqın yalnız bir tələbi var: Qarabağda vəziyyəti normallaşdırmaq. Primakov isə qəzəbli halda etiraz edib: “Onlar hakimiyyəti deviriblər. Nə üçün buna göz yumursunuz?”.
Başqa bir materialda oxuyuruq ki, Yevgeni Primakov yanvarın 14-dən 16-dək Azərbaycan Xalq Cəbhəsi rəhbərliyi ilə 4 görüş keçirmişdi. Görüşlərin əsas mövzusu hərbi obyektlərin və hərbi hissələrin, yolların blokadasının götürülməsindən ibarət idi. MK-dakı toplantıdan bir gün sonra Bakı Şəhər Partiya Komitəsinin fövqəladə plenumu keçirilmiş və orada da Xalq Cəbhəsi nümayəndələri ilə danışıqların nəticələri müzakirə edilmişdi. Bütün danışıqlarda cəb-
həçilərin bilavasitə iki tələbi var idi: “Qarabağ məsələsinin həlli, Vəzirovun istefası”. Kreml rəsmiləri bu tələblərin heç birinin yerinə yetirilməsinə imkan verməzdilər və vermədilər.
Həmin günlərin ən absurd qərarlarından biri isə Yevgeni Primakovun Şeyxülislam Allahşükür Paşazadəyə ölkəyə rəhbərlik etmək tapşırığı (bəli tövsiyə və ya təklif yox, məhz tapşırıq) verməsi idi. Məlum idi ki, Kreml rəsmiləri kommunistlər ölkəsindəki müttəfiq respublikalardan birinə İslam dininin təmsilçisinin rəhbərlik etməsini “uğurlu bir tələ” kimi düşünmüşdülər. Onlar güman edirdilər ki, Allahşükür Paşazadə hakimiyyəti ələ almağa razılaşacaq və dərhal Azərbaycanı islam radikalizmində ittiham edərək “şumlayacaqlar”.
Ancaq tələyə düşməyən Allahşükür Paşazadə onların həmin planını ustalıqla pozmuş oldu. Bununla da, Sovet rəhbərliyinin dünya birliyini çaşdırmaq üçün Azərbaycanda islamçı fundamentalistlərin hakimiyyəti ələ keçirməsi haqda yaydığı məlumatlar səmərəsiz olmuşdu. Ancaq buna baxmayaraq, sovet rəhbərliyi Bakıda 20 Yanvar faciəsini törətmiş və çoxsaylı insan tələfatına səbəb olmuşdu. Azərbaycan xalqı cəllad Mixail Qorbaçovun törətdiyi həmin faciənin qurbanlarına “20 Yanvar şəhidi” adı verərək azadlıq mücahidlərinin mübarizəsini müqəddəsləşdirmişdir.
…Xatırladaq ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdı. Ulu öndər faciənin ertəsi günü – yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirmiş, 20 Yanvar faciəsinə siyasi qiymət vermiş, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, Mərkəzin və o zamankı respublika rəhbərlərinin xəyanəti üzündən yol verilmiş kobud siyasi səhv olduğunu bəyan etmişdi.
Hamının yadındadır. 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edilmişdi. Naxçıvan Ali Məclisində qəbul olunmuş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda, Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar ulu öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşmüşdü.
Təəssüf ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da – 1993-cü ilin yayına qədər iqtidarda olanların heç biri bu faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmamışdı. Həmin cəsarət də Heydər Əliyev müdrikliyində tapılmış və Ulu öndər bu istiqamətdə lazım olan bütün addımları atmışdı.
…Bu gün üçrəngli Azərbaycan Bayrağının respublikamızın bütün şəhər və kəndlərində dalğalanması, işğal altındakı torpaqlarımızın hamısının azad edilməsi, ən başlıcası, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin düşmən əsarətindən xilas edilmiş bütün ərazilərimizi qarış-qarış, həm də qürurla gəzməsi sübut edir ki, 20 Yanvar şəhidlərinin qanı yerdə qalmamış, onların arzuları reallaşdırılmışdır.
İttifaq MİRZƏBƏYLİ