Haykanuşun vətən  xaininə çevirdiyi Bobik

post-img

Yaxud ermənipərəstliyin özünün cinayət olduğunu gec anlayan senatorun acı sonluğu 

Kuba əsilli hüquqşünas, ABŞ Senatının keçmiş üzvü, 71 yaşlı Bob Menendez “son dayanacağına” gəlib çatdı. Buradan o tərəfə onu dəmir barmaqlıqlar arxasında “macəra dolu” məhbus həyatı gözləyir. Prokurorlar haypərəst senatora 24 ildən 30 ilə qədər həbs tələb edirlər. İntəhası, ABŞ Probasiya Xidməti keçmiş senatorun yaşını, dövlət qulluğunda “təcrübəsini” nəzərə alaraq və “ən iyrənc cinayətlərdə əli olduğunu” etiraf edərək 12 il həbs cəzası ilə kifayətlənməyi qərara alıb. 

Federal prokurorlar Menendezin ABŞ-ın milli təhlükəsizliyinə təsir edən unikal rüşvət sxeminə görə uzunmüddətli həbs cəzasına layiq olduğunu birdirsələr də, onun, ən azı, 15 il həbsdə yatacağı şübhə doğurmur. Bu barədə ABŞ-ın “New Jersey Monitor” saytı məlumat yayıb.

“Bu cür tədbirlər hakimiyyətdən sui-istifadə və ictimai etimada xəyanətə görə ədalətli cəza olacaq və başqalarını da oxşar hərəkətlərdən çəkindirəcək”, – prokurorların təqdim etdikləri 108 səhifəlik hesabatda deyilir. Məhkəmə hökmü yanvarın 29-da elan edəcək.

Məsələnin maraqlı trərəflərindən biri də odur ki, son dörd ildə ABŞ Senatında və Konqresində rüşvət qalmalqallarında adları halananların, demək olar ki, hamısı hakimiyyətdəki Demokratlar Partiyasının təmsilçiləri, erməni lobbisinin qonorarları müqabilində anti-Azərbaycan fəaliyyəti göstərən satqınlardır. Prokurorlar 2023-cü ilin sentyabrında rəsmi ittiham irəli sürülən demokrat Menendezin dövlət vəzifəsində çalışarkən xarici agent kimi fəaliyyətdə günahlandırılan ilk senator olacağını xüsusi vurğulayırlar. Onların dediyinə görə, ABŞ-da 1807-ci ildən bəri yalnız 12 senator belə ittihamla üzləşib. Prokurorlar doqquz həftə ərzində Bobun cinayət əməllərini təfərrüatı ilə araşdırmış və bu sırada Menendezin ölkənin milli təhlükəsizliyinə təhdid yarada biləcək gizli məlumatları Misir xüsusi xidmərlərinə  sızdırmasını da üzə çıxarmışdır. Onlar korrupsioner senatorun ABŞ-ın Qahirədəki səfirliyinin işçilərinin təhlükəsizliyini təhlükə altına atması, məmurlara ət ixracı üzərində inhisara göz yummaq üçün təzyiq göstərməsi, bir neçə cinayət işini ötr-basdır etməyə çalışması faktlarını da sübuta yetiriblər.

Hesabatdakı bu ifadələrə diqqət yetirin: “Bu pozuntuların hər birinin ciddiliyi yalnız onları motivasiya edən çılpaq tamahkarlığı vurğulayır”. Bəs, Bobun tamah dişini itiləyən kim olub? Əlbəttə, Haykanuş – Nadine Arslanyan. İş adamları Hana və Daibes məhkəməyə ifadələrində Menendez və onun həyat yoldaşına yüz minlərlə dollar rüşvət, o cümlədən, nağd pul, qızıl külçələr, Nadinenin uydurma sahibkarlılığına dair saxta çeklər, dəbdəbəli kabriolet və s. verdiklərini etiraf ediblər. Haykanuşun vətən xaininə çevirdiyi, tamahının və ermənilərin güdazına getmiş bədbəxt senatorun ittiham aktında onun başının dəstəsi ilə qanunsuz əməllərə öz bizneslərini inkişaf etdirmək, hökumətin diqqətini özlərindən və tərəfdaşlarından yayındırmaq üçün əl atdıqları qeyd olunur. “ABŞ-ı və Nyu Cersi ştatını təmsil etmək üçün and içən Menendez yüksək vəzifəsini satışa çıxarıb”, – prokurorlar bu şifahi ittihamı da hesabata yazıblar. Prokurorlar 15 illik həbs cəzasına əlavə olaraq, müttəhimlərin cinayət yolu ilə qazandıqlarını müsadirə etməyə çağırıblar.

Menendez üçün bu, 922,188 dollar nağd pul, üstəgəl “Mercedes-Benz” avtomobili, qızıl külçələr, qiymətli hədiyyələr və sairdir. Bu arada “PBS News” telekanalı xəbər verib ki, prokurorlar öz hesabatlarında Menendezin cinayət işini nadir hadisə kimi adlandırıblar. Haypərəst senatorun özünün “nadir tarixi nüsxə” olduğunu bir kənara qoysaq belə, prokurorların təbirincə, müttəhimlərin cinayətləri ABŞ qanunverici orqanın ən yüksək səviyyəsində ölkənin xarici işlər və hüquq-mühafizə sahəsində suverenliyini korlamaq üçün edilən misli görünməmiş bir cəhddir. 

Prokurorların hesabatında tamahkarlığının və ermənipərəstliyinin cəzasını çəkəcək Menendezin Misirə gizli məlumatlar ötürməsi, eləcə də Misir hökuməti adından təbliğat aparması da vəzifə səlahiyyətlərindən ciddi şəkildə sui-istifadə halı kimi təsnifatlandırılır. Prosesdə ara-sıra adı hallanan Bob Menendezin erməni əsilli arvadı Nadin Arslanyanın da Femida qarşısına çıxarılacağı qaçılmazdır. Onun əri ilə təxminən eyni ittihamlarla fevralın 5-də məhkəmə qarşısına çıxarılacağı planlaşdırılır. Keçən il döş xərçənginin müalicəsi və əməliyyat olunması üçün məhkəməsi təxirə salınan Arslanyanın ömrünün son illərini “sevgilisi” Menendezlə qonşu kamerada keçirəcəyini proqnoz edənlər də var. Nə deyək, buyursunlar, həbsxananın qapıları satqınların üzünə taybatay açıqdır...

İ.HƏSƏNQALA 
XQ

 

Siyasət