“Pakistan və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi müasir dövrdə xüsusi əhəmiyyət daşıyır. Qlobal ittifaqların dəyişdiyi bir zamanda qarşılıqlı hörmət, ortaq dəyərlər və səmimi yoldaşlıq əsasında qurulan münasibətlər zamanın sınağından uğurla keçir. Bu münasibətlər içərisində Pakistan və Azərbaycan arasındakı əlaqələr qardaşlıq münasibətlərinin əsl nümunəsidir”.
Pakistan Gənclər Hərəkatının lideri Qeysər Nəvvab Azərbaycan mediası üçün bu açıqlamasının davamında qeyd edib ki, tarixi, mədəni və ortaq arzulara əsaslanan bu əlaqə Prezident İlham Əliyevin uzaqgörən liderliyi ilə daha da möhkəmlənib. Prezident İlham Əliyevin son müsahibəsi Azərbaycanın nailiyyətlərini, ambisiyalarını və gələcəkdə bu unikal tərəfdaşlığı daha da inkişaf etdirmək üçün Pakistan üçün əhəmiyyətli dərsləri əks etdirir.
Dost ölkənin QHT rəhbəri daha sonra bildirib ki, Prezident İlham Əliyev Azərbaycanı tərəqqi yolunda güclü irəliləyiş əldə edən bir ölkəyə çevirməkdə böyük rol oynayıb. Onun rəhbərliyi əməkdaşlıq təşəbbüslərini gücləndirmək və etimada əsaslanan münasibətlər qurmaq öhdəliyinə söykənir: “İllər ərzində Azərbaycan Pakistana ardıcıl və davamlı dəstək göstərib. Pakistan da öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Qarabağ münaqişəsində onun haqlı mövqeyini dəstəkləyib. Bu qarşılıqlı dəstək sadəcə diplomatik jest deyil, prinsiplərə və ortaq dəyərlərə əsaslanan dərin bağların göstəricisidir”.
Qeysər Nəvvab qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsində Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və səmərəli tərəfdaşlıqlar yaratmaq istiqamətində atdığı addımlar geniş şəkildə vurğulanır. Bu strategiya Pakistanın iqtisadi dirçəlişə və enerji sahəsində etibarlı tərəfdaşlar tapmağa yönəlmiş məqsədləri ilə üst-üstə düşür. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan regional enerji mərkəzi kimi mühüm rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi regional enerji əlaqələrinin modelidir və Pakistana enerji təchizatında kömək edə bilər.
Pakistan və Azərbaycan arasındakı əlaqələrin mərkəzində mədəni və təhsil mübadiləsinin dayandığını deyən Pakistan Gənclər Hərəkatının lideri deyib: “Hər iki ölkənin zəngin tarixi və mədəni irsi əməkdaşlıq üçün çoxsaylı imkanlar yaradır. Prezident İlham Əliyevin mədəni irsin qorunmasına və təhsilə verdiyi önəm xalqları bir-birinə yaxınlaşdırmaq üçün mühüm vasitədir. Birgə festivallar, sərgilər və incəsənət mübadiləsi kimi mədəni diplomatiya iki ölkə arasındakı oxşarlıqları vurğulaya və daha dərin bağlar yarada bilər. Ortaq dini dəyərlər bu əlaqələri daha da möhkəmləndirir.
İki ölkə arasında əməkdaşlığın perspektivləri genişdir. Enerji və ticarətin şaxələndirilməsi sahəsində əməkdaşlıq nəzərəçarpacaq dərəcədə inkişaf edə bilər. Bundan əlavə, turizm, kənd təsərrüfatı və texnologiya sahələrində də tərəfdaşlıq imkanları araşdırıla bilər”.
Azərbaycanın və Pakistanın beynəlxalq arenada güclü mövqeyə sahib olmalarını, onların qlobal məsələlərə yanaşmalarında eyni prinsipləri əsas almasına imkan verdiyini xatırladan gənc lider Q.Nəvvab sonda bildirib: “Bu yanaşmalar, hər iki ölkənin dünya üzrə siyasi təsirini artırar və qlobal tərəfdaşlıqların qurulmasına şərait yaradar. Pakistan və Azərbaycan arasındakı münasibətlərin gələcəkdə daha da möhkəmlənməsi, regional və qlobal miqyasda qarşılıqlı fayda gətirəcək və hər iki xalqın rifahını yüksəldəcək”.
XQ