III məqalə
Yeni ciddi geosiyasi oyunçu
Prezident İlham Əliyev yeni dünya nizamının formalaşması üçün yeni ciddi geosiyasi oyunçuya ehtiyacın yarandığını vurğulayır. Qlobal səviyyədə bu tezisin əhəmiyyəti və aktuallığı aydındır. Çünki uzun müddətdir ki, siyasi liderlər belə bir ehtiyacın meydana gəldiyindən bəhs edirlər. İnkişaf etməkdə olan dövlətlər sırasında yeni ciddi geosiyasi oyunçu olmağa iddialılar da az deyildir. Lakin İlham Əliyevin məsələyə yanaşmasında iki mühüm siyasi özəllik vardır.
Birincisi, Azərbaycan Prezidenti yeni dünya nizamının qalıcı və davamlı fəaliyyət göstərən sistem olması üçün ciddi geosiyasi oyunçu kimi konkret dövlətlər qrupuna üstünlük verir. Onlar müəyyən bir təşkilatda birləşməlidirlər. Təbii ki, həmin təşkilat öz məqsədi, məramı və fəaliyyət üsulu ilə müasir dövrün sivil tələblərinə tam cavab verməlidir.
İkincisi, Azərbaycanın dövlət başçısı yeni ciddi geosiyasi oyunçu kimi müsəlman və türk dövlətlərinin yaratdıqları təşkilatları perspektivli görür. Nümunə kimi TDT və D8-ə işarə edir.
Liderlik baxımından burada kollektiv fəaliyyətə üstünlük verildiyi aydın görünür. Kollektivçilik müasir politologiyada dövlət identikliyinin iki əsas növündən biridir (A.Vendt). Kollektiv dövlət identikliyi müstəqil dövlətin beynəlxalq miqyasda fəaliyyətində birgə, koordinasiyalı və ahəngdar addımların atılmasını nəzərdə tutur. Eyni zamanda, kollektivçi dövlət identikliyi təşkilat səviyyəsində üzv dövlətlərin xarici siyasət kurslarını identikliyin formalaşmasına xidmət etməyə yönəltməyə üstünlük verir. Bu isə geniş bir geosiyasi məkanda birləşdiricilik rolunu oynamaq deməkdir. Onun reallaşması realpolitika ilə idealpolitikanın sintezini tələb edir.
Bunlarla yanaşı, müsəlman və türk dövlətlərinin təşkilatlarını daha perspektivli görmək nəzəri ilə praktiki faktorların qarşılıqlı əlaqəsində aydın ola bilər. Niyə məhz müsəlman və türk dövlətləri? Burada geosiyasi və siyasi kontesktə dərin, əhatəli və fərqli faktorları vurğulamaq olar. Lakin bütün hallarda məsələ təşkilatın praktiki səmərəli fəaliyyətinə bağlanmalıdır. Bu baxımdan TDT və D8 təcrübəsi maraq doğurur.
TDT və dünya nizamı
İlham Əliyev yeni dünya nizamı məsələsinə yanaşanda əsas arqument kimi “İkinci dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını” itirdiyini vurğulayır. Bu tezisin məna çalarları genişdir və başlıca anlamı ondan ibarətdir ki, həmin sistem həm struktur-funksional, həm də özünü daimi yeniləşdirmək potensialı cəhətdən artıq müasir tələblərə cavab vermir. Buna “postvestfal mərhələsi” də deyirlər. Əsas mahiyyəti ondan ibarətdir ki, artıq Vestfal kriteriyaları beynəlxalq miqyasda praktiki nəticə verməkdə çox çətinliklərlə üzləşir.
Deməli, yeni perspektivli dünya nizamının formalaşması üçün fərqli fəaliyyət prinsiplərinə və qaydalarına əsaslanan təşkilatlar lazımdır. TDT-ni bu keyfiyyətdə görmək olar. Azərbaycan Prezidentinin bununla bağlı arqumenti əsaslı görünür. Dövlət başçısı demişdir: “Biz hesab edirik ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır”.
TDT-nin potensialı və perspektivləri bu fikirlərdə aydın əks olunmuşdur. İlham Əliyev coğrafi məkana, türk dövlətlərinin insan resurslarına, ölkələrin təbii sərvətinə, onların malik olduqları nəqliyyat-kommunikasiya infrastukturuna və təşkilatlanma üsuluna istinad edir. Belə görünür ki, TDT təbii, sosial, siyasi, energetik, kommunikativ imkanları ilə yanaşı, təşkilatlanma fəlsəfəsinə görə də perspektivlidir.
Bu baxımdan TDT-nin “birlik forması” kimi özəlliyi dünya nizamının yeniləşməsi kontekstində prinsipial məna kəsb edir. Doğrudan da, məsələnin mahiyyətində “birlik forması” önəmli yer tutur. XX əsrin sonları və XXI əsrin ilk onilliklərinin təcrübəsi göstərir ki, bir sıra regional və beyəlxalq təşkilatlarda mövcud olan birlik formalarının qüsurlu olmasına görə yeni dünya nizamının formalaşmasında ciddi maneələr hələ də mövcuddur.
Təşkilatın birlik forması onun məqsəd və vəzifələri ilə yanaşı, strateji hədəfi ilə də sıx bağlıdır. TDT elə bir regional təşkilatdır ki, bir tərəfdən eyni etnik və mədəni xarakteristikalara malik dövlətləri birləşdirir, digər tərəfdən isə onların birliyini tamamilə beynəlxalq hüquq normaları çərçivəsində müəyyənləşdirir. Bundan başqa, TDT-nin strateji hədəfi regionlararası miqyasda qarşılıqlı faydalı fəaliyyətin təşkili, sülh və əməkdaşlığın təmini ilə bağlıdır.
Bu hədəfə çatmağın təminedici faktoru kimi TDT bir təşkilat olaraq, beynəlxalq layihələrdə daha aktiv iştiraka üstünlük verir. Yəni həmin kontekstdə hər hansı iqtisadi proteksionizmdən söhbət gedə bilməz. TDT üzvlərinin milli iqtisadi imkanlarının genişlənməsini özünə qapanma yolu ilə deyil, əksinə başqa iqtisadi sistemlərə daha açıq olmaqla təmin etməkdədir.
Bunun göstəricisi olaraq “Bir kəmər, bir yol” layihəsində TDT-nin aktiv iştirakının, Orta dəhliz layihəsinin reallaşmasında prinsipial addımların atılmasını və eyni zamanda, faktiki olaraq, bütün ölkələrlə ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq qurmaqda fəallığını göstərə bilərik.
Məsələn, Azərbaycan türk dövlətləri ilə yanaşı, Rusiya, Çin, Pakistan, Tacikistan və digərləri ilə də ikitərəfli əməkdaşlıq layihələri həyata keçirir. O cümlədən, çox müxtəlif sferaları əhatə edən yeni layihələr reallaşdırılır.
Azərbaycanın Avropa İttifaqı istiqamətində də çoxlu sayda layihələr reallaşdırdığı və hətta bu təşkilatın 9 üzvü ilə strateji tərəfdaş olduğu məlumdur.
Deməli, TDT faktiki surətdə bütün dünyaya açıq olan və daim yeniləşən dinamik bir təşkilatdır. Bu isə başqa məqamlarla yanaşı, o deməkdir ki, TDT özünün struktur-funksional və strateji məqsədləri baxımından yeni dünya nizamının formalaşmasının aktiv iştirakçısı ola bilər!
D8-in perspektivləri
Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibədə fikirlərinə davam edərək yeni dünya nizamı kontekstində vurğulayır ki, “D-8 də bu boşluğu doldura bilər”. Arqument kimi, Azərbaycan lideri D8-ə daxil olan ölkələrdə 1 milyard 300 milyon insanın yaşadığını göstərir, yəni D8-in insan resursları kifayət qədərdir. İqtisadi baxımdan isə D8 bütövlükdə müsəlman dünyasının 60 faizini özündə cəmləşdirmişdir. İslam ölkələrində yaşayan əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir.
Bütün bunlar Azərbaycan dövlət başçısının maraqlı nəticə çıxarmasına əsas yaradır. Prezident ümumiləşdirir: “Ona görə, bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır”.
Belə çıxır ki, yeni dünya nizamının formalaşmasında müsəlman dövlətlərin kollektiv fəaliyyət potensialından mütləq yararlanmaq lazımdır. Onu da nəzərə almaq lazımdır ki, inkişaf dinamikasına görə, müsəlman dünyası daha çevik və sürətlidir. Bu barədə hələ keçən əsrin 90-cı illərində Zbiqnev Bzejinski yazır və proqnozlaşdırırdı ki, proseslərin təbii axarı davam etsə, bütövlükdə İslam ölkələri aparıcı yerə çıxacaqlar. Bu da qlobal geosiyasi güc mərkəzinin yeniləşməsi demək olacaqdır. Bu prosesə “demokratik kollektiv Qərb”in hansı “sevgi, səbr və pozitiv” yanaşmasının əlamətlərini öncə Əfqanıstanda, İraqda, sonra isə bütövlükdə Yaxın Şərqdə, Şimali Afrikada, Cənubi Qafqazda və son olaraq Suriyada gördük.
Konkret Cənubi Qafqazda müsəlman əhalinin üstünlük təşkil etdiyi Azərbaycan Respublikasının ədalətli mübarizədən qalib çıxmasını Qərbin bir sıra böyük dövlətlərinin necə qısqanclıq və qərəzli qarşıladığını xatırlamaq kifayətdir.
Azərbaycan Prezidentinin fikirlərinə bir də bu kontekstdə baxılsa, İlham Əliyevin hansı strateji əhəmiyyəti olan məqamlara işarə etdiyi aydın anlaşılar. O cümlədən, İlham Əliyevin məxsusi olaraq TDT və D8-in perspektivindən yeni dünya nizamı kontekstində xüsusi bəhs etməsinin rasional tərəfi məlum olar.
Yeni perspektivli formula doğru
TDT türk-müsəlman dövlətlərini birləşdirir. D8 etnik eyniliyə deyil, dini birliyə malik dövlətlərin təşkilatıdır. Bu iki təşkilat üçün fəaliyyət baxımından ortaq olan məqam hər ikisinin qarşılıqlı faydalı əməkdaşlıq əsasında birliyə, inkişafa, sülhə nail olmasıdır. Yeni dünya nizamında vurğulanan faktorların əhəmiyyəti çoxdur.
Şübhə yoxdur ki, TDT və D8 maneəsiz əməkdaşlıq edə bilərlər. Hansısa səviyyədən sonra bu iki təşkilatın birləşməsi istisna edilmir. Söhbət onların strukturca birliyindən getmir – fəaliyyətin koordinasiyası və qarşıya ortaq məqsədlərin qoyulması aspektində sıx əməkdaşlıq mümkündür. Məsələ qlobal miqyasda yeni dünya nizamı ilə bağlı proseslərlə əlaqəli olduqda isə “TDT+D8” maraqlı formul kimi görünür.
Prezident İlham Əliyev, əslində, müsahibədə bu cür gedişatın anonsunu vermişdir. O, D8-in Xəzər hövzəsinə qədər genişləndiyini ayrıca vurğulamışdır. Həmin məkan isə türk dövlətlərinin ortaq coğrafi yeridir. Bundan başqa, TDT-nin Macarıstanın timsalında Avropaya qədər nüfuz etdiyini deyə bilərik. Bu cür qarşılıqlı təsir dairəsinin genişlənməsi faktiki olaraq iki təşkilat üçün ortaq olan geosiyasi məkanı formalaşdırmaqdadır. Perspektivdə onların daha koordinasiyalı, sıx və konkret struktur formasına malik qurumda birləşmələri istisna deyildir. Əksinə, bu, daha perspektivli görünür.
Böyük sintez
İlham Əliyevin lider kimi geniş geosiyasi məkanda realpolitika ilə idealpolitikanın uğurlu sintezi istiqamətində real addımlar atdığı müsahibədən aydın duyulur. Yeni dünya nizamı, sülh, barış, əməkdaşlığın təmini məsələsi, bütövükdə, çox ciddi və mürəkkəb prosesdir. Ona qalıcı formada nail olmaq üçün dünya səviyyəsində liderlərin fəaliyyətində müsbət yeni yanaşma çalarları özünü göstərməlidir. “Böyük sintez” dedikdə məhz həmin kontekstdə realpolitika ilə idealpolitikanın bir-birini tamamlamasının davamlı trend halını almasını nəzərdə tuturuq. Bütün hallarda yeni dünya nizamının yolu həmin formuldan keçir. Hazırda o ideyanın əsas daşıyıcıları və praktiki müstəvidə geniş tətbiq edənləri sırasında Prezident İlham Əliyevin xüsusi yeri vardır!
Füzuli Qurbanov,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru