Azərbaycan liderinin müstəqillik, güc və ədalət formulu
“Dünya heç vaxt belə qalmayacaq, dünyada hər şey dəyişir. XX əsrin sonu, XXI əsrin ilk illəri bunu sübut edir və göstərir ki, dünyada çox böyük dəyişikliklər gedir. Bəli, heç bir şey bir yerdə durmur. Heç bir şey olduğu kimi qalmır. Mən inanıram, tam inanıram ki, bizim bölgədə hər şey ədalət naminə dəyişəcəkdir. Azərbaycan xalqının bu əzab-əziyyətinə görə onun xeyrinə dəyişəcəkdir”.
Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlərə diqqət yetirəndə, ulu öndər Heydər Əliyevin illər əvvəlki bu iqtibası yada düşür. Ümummilli liderin uzaqgörənliyi heyrətamizdir. Bir daha belə qənaət qətiləşir ki, bu böyük şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizi məhz qlobal dəyişikliklərə hazırlamışdı. Əlbəttə, onun müstəsna xidməti prosesə adekvat reaksiyanı formalaşdıracaq lideri yetişdirməsi idi. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev bütün varlığı ilə adekvat reaksiyanın özüdür. İlham Əliyevin ən başlıca xüsusiyyəti isə dəyişikliklər fonunda Cənubi Qafqaz siyasi akvatoriyasını ayrıca güc mərkəzinə çevirməsidir.
Ulu öndər Heydər Əliyevin təbirincə desək, bu gün Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətlər onun xeyrinə dəyişir. Xalqımız zülm və iztirablarının mükafatını almaqdadır və daha çox alacaq. Buna Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər də əminlik yaradır. Dövlətimizin başçısı dünyaya qətiyyətli Azərbaycan obrazını aşılayır. Bu obraz proseslərə münasibətdə bütövdür, ardıcıldır, rasional və proqmatikdir. Bu obraz son dərəcə prinsipial və mətindir. Nəhayət, bu obraz fəaldır, olayların hansı məcraya düşəcəyini, gündəmin necə olacağını gözləmir, dünya gündəminin tərkib hissəsinə çevrilməklə, özü də ayrıca hadisə yaradır. Söhbət müstəqillik, heç kəsdən, heç bir qüvvədən asılı olmamaq hadisəsindən gedir. Azərbaycanın yeni dünya nizamındakı başlıca məramı da elə budur.
Bəli, Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın yeni dünya düzəninin fəal iştirakçısı olmasını zərurət və vaciblik kimi qabardır. Bu mövqeyə özünün olan hər şeyə, yəni Cənubi Qafqaza sahiblənmək əzmi hakimdir: “Biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı biz ədalətli nizam kimi görürük. Əgər bunu bir sözlə ifadə etmək mümkündürsə, bu, ədalətli olmalıdır və əslində, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur”.
Göründüyü kimi, Prezident İlham
Əliyev bu sitatda Azərbaycanın yeni dünya nizamındakı iştirakının ikinci vacib parametrini də açıqlayır. Birinci parametr haqqında söz açdığımız müstəqillikdirsə, ikincisi ədalətdir. Dövlətimizin başçısının bildirdiyi kimi, bu, ölkəmizin uzun illər həyata keçirdiyi siyasətə uyğun tərzdir. Nəzərə alaq ki, Azərbaycan dövləti istər daxili, istərsə də xarici siyasətdə həmişə ədalət prinsipini rəhbər tutub. Əlbəttə, o da var ki, uzun illər ölkəmizin xaricdən haqlı davranış gözləntiləri nəticəsiz qalıb. Ancaq daxildəki ədalətin formalaşdırdığı güclü vətəndaş obrazı, xaricin ədalətsizliklərinə qarşı etibarlı sipər rolunu oynayıb. Prezident İlham Əliyev əbəs yerə Azərbaycan xalqına arxalandığını vurğulamır.
Ölkəmizin lideri belə deməklə idarəçiliyə düzgün yanaşmanın vətəndaşlarda məmnunluq doğurmasına söykənir. Deməli, bu xalqla böyük hədəflərə doğru getmək mümkündür. Dövlətimizin başçısı həmin hədəflərin yeni dünya düzənindəki trayektoriyası üçün parametrləri açıqlayır: “Biz indi belə görürük, yəni suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək. Bütün bunlar bizim, əslində, xarici siyasət xəttimizdir. Azərbaycan uzun illər bu siyasəti aparır. Biz heç kimin işinə qarışmırıq, öz işimizlə məşğuluq. Kim bizə müraciət edir, çalışırıq ki, o müraciətləri cavabsız qoymayaq”.
Prezident İlham Əliyev yeni düzənin Cənubi Qafqaz seqmentinə Azərbaycanın verdiyi töhfələri də vurğulayır. Dövlətimizin başçısının bu baxımdan konkret nələri diqqətə çatdırmasından söz açacağıq. Ancaq əvvəlcə onu deyək ki, ölkəmizin dünya birliyinə davamlı inteqrasiya kursunun əsası 1993-cü ildə ulu öndər Heydər
Əliyevin respublikamıza rəhbərliyə başlaması ilə qoyuldu. Nəzərə alaq ki, dahi şəxsiyyətin müəllifi olduğu “Əsrin müqaviləsi” Cənubi Qafqaz regionunu tarix boyu heç zaman yer almadığı platformaya çıxardı. Sanki böyük çay axarını dəyişdi, tamamilə əks istiqamətə yön almağa başladı. Əminliklə bildirmək mümkündür ki, 1994-cü ildən sonra regionumuzda ilbəil yaşananlar Azərbaycanın aktorluq missiyasını yetişdirdi.
Hazırda Qərb aləmi bəzən son dərəcə miskincəsinə Cənubi Qafqazda nüfuz davasına girişir, müxtəlif rəngli inqilablar gerçəkləşdirərək, üstünlüyə yiyələnməyə çalışır. Ancaq özünü ağıllı sayan başların düşünmədikləri bir məqam var. Onlar düşünmürlər ki, Azərbaycan Cənubi Qafqazı dünyaya 1994-cü ildə təqdim edib, regionu beynəlxalq sferaya faktiki açıq duruma gətirib. Bəs ölkəmiz xidmətinin qarşılığında nə görüb? Cavab birmənalıdır – ədalətsizlik!
Qərb barəsində söz açdığımız ədalətin bərpasına çalışmadı, təzyiq yolu ilə ölkəmizin müstəqilliyini formallaşdırmaq istədi, üstəlik torpaqlarımızın işğalına göz yummaqla, suverenlik haqqımızı tanımaqdan imtina yolu tutdu. Başımızı müxtəlif qrant layihələri, sözdə demokratiya prinsipləri ilə qatmağa, guya, bizə hansısa fövqəladə dəyərləri aşılayırmış kimi davranmağa, özünü üstün göstərməyə girişdi. Azərbaycan bütün bunların qarşısında duruş gətirərək möhkəmləndi, siyasi və iqtisadi gücünü artırdı və nəhayət, 2020-ci ildə tarixi ədalətsizliyə qarşı cəbhə açdı. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük müharibədəki möhtəşəm Zəfərdən sonra bildirdi ki, Cənubi Qafqaz regionunun həyatında tamamilə yeni mərhələ başlanır. Axı dövlətimizin başçısı uzun illər ərzində yeritdiyi strateji xəttin nə zaman fayda verəcəyini gözəl bilir.
Müharibədən sonrakı illərdə dövlətimiz gücünü və qüdrətini iki, hətta üç-dörd qat artırdı. Ayrı-ayrı konkret nəticələri sadalamaq niyyətindən uzağıq. Mövzumuz yeni dünya düzənidirsə, dövlətimizin başçısının ölkəmizin inkişafı fonunda həmin düzənə hazırlığımızı ehtiva edən fikirlərinə nəzər salaq: “Öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq. Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Yəni, bunu bizsiz edə bilməzlər və müasir infrastruktur, sabitlik, düşünülmüş siyasət və dünyaya açıqlıq. Yəni, biz yeni dünya nizamına öz töhfəmizi əməllərimizlə veririk, çünki bəzən bu, bir qədər diqqətdən kənarda qalır. Amma mən bilirəm ki, Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir, çox ciddi”.
Yeni dünya nizamı üçün güc faktoru həlledicidir. Ona görə də Prezident İlham Əliyev Azərbaycan kimi dünya tarixində ərazi bütövlüyünü gücü ilə bərpa edən ikinci məmləkətin olmadığını vurğulayır. “Bunu biz etmişik, bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə rəğmən. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil”, – deyən Prezidentin müsahibəsində açıqladığı növbəti məqamlar da düşündürücüdür.
Deməli, əsas məsələ heç də maddi sərvətlərə malik olmaqda deyil, həmin sərvətləri həqiqi dövlətçilik naminə səmərəli istifadə etməkdədir. Səmərəsizliyə görədir ki, bu gün Azərbaycandan 10 dəfə çox – 300 milyon ton neft hasil edən Kanadanın baş naziri ABŞ-nin yeni seçilmiş, hələ kreslosuna əyləşməmiş Prezidenti Donald Trampın bir sözü ilə istefaya gedir. Tramp Kanadanı Birləşmiş Ştatların 51-ci ştatı kimi görür. Belə bəyanatlar isə təsadüfi deyil. Artıq indidən demək olar ki, ABŞ dünyanın yeni şəkillənməsindəki payını müəyyənləşdirib. Əlbəttə, başqa paylar da olacaq. Kanadaya gəldikdə isə Prezident İlham Əliyev Trampın nə üçün bu iddiada olmasına ustalıqla aydınlıq gətirib: “Görün, bunların iqtisadiyyatı nə qədər bərbad vəziyyətdədir ki, Amerika əgər onlara əlavə rüsum tətbiq etsə, bunun iqtisadiyyatı çökəcək və cənab Tramp deyəndə ki, Kanada 51-ci ştat olmalıdır və cənab Trüdo qubernator olmalıdır, bu, əlbəttə, “trollinq” kimi sayıla bilər. Amma, əslində, bu sözlərdə bəlkə də məntiq var”.
***
Bu gün İkinci Dünya müharibəsindən sonrakı dünya düzənində çatların olduğunu görürük. Görürük ki, Avropa güc mərkəzlərindən asılıdır. “Köhnə qitə” Birləşmiş Ştatların dirijor çubuğu ilə idarə olunur. “Ona görə müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Ona görə bizim bu sahədəki siyasətimiz haqlı olaraq bizə rəğbəti daha da artırır və mən əminəm ki, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə, o cümlədən, Azərbaycanın mövqeyi də nəzərə alınacaq, ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində və biz buna hazır olmalıyıq”, – deyir Prezident İlham Əliyev.
Əlbəttə, dövlətimizin başçısı yeni dünya nizamının mürəkkəb proses olma reallığını da nəzərə alır. Məsələn, deyir ki, hər bir dövlətin öz işi ilə məşğul olduğu, ölkələrin bir-birlərinin daxili gündəmlərinə qarışmadığı cahan fantastik görünür. Ölkəmizin lideri imperialist dairələr üçün xarakterik olan ənənəvi “parçala və hökm sür” siyasətinə dair ehtimalları da düşünür, müstəmləkəçilik təmayüllərinin mövcudluğunu da. Ancaq Prezident İlham Əliyev Azərbaycanın bu sayaq mənfi tendensiyalara münasibətdə immunitet yaratdığını vurğulayır. Hesab edirik ki, müstəqil dövlətimizin ötən müddətdə əldə etdiyi ən böyük status və dəyər də elə budur. Elə isə dövlətimizin başçısının qətiyyət örnəyi sayıla biləcək növbəti fikirlərinə diqqət yetirək: “Ancaq mən daha çox hesab edirəm ki, ölkələrin suverenliyi toxunulmaz olmalıdır və qorunmalıdır, heç kim heç kimin işinə qarışmamalıdır. Biz buna nail ola bilmişik. Bizim işimizə heç kim qarışa bilməz. Cəhdlər olub? Bəli, olub. Olacaq? Yəqin ki, olacaq. Nəticə olub? Yox və olmayacaq. Amma gözümüzün önündə olan bir çox ölkələr xarici müdaxiləyə məruz qalırlar və bu, o ölkələrin mənəvi və genetik kodunu da faktiki olaraq sarsıdır. Zəif ölkələrə yad dəyərlər, mənfi dəyərlər aşılanır. Zəif deyəndə, ölkə zəif ola bilməz. Liderlər əgər zəifdirlərsə, onda ölkə zəif sayılır. Ona görə biz bu işə öz gündəliyimizlə hazırıq, gündəliyimiz də var. Yəni ki, bizim siyasətimiz artıq bunu göstərir və yenə də deyirəm, bu işə bizim töhfəmiz əhəmiyyətli olacaq”.
***
Hesab edirik ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsinə, sualların qoyuluşundan asılı olmayaraq, kompleks şəkildə yanaşmaq lazımdır. Çünki dövlətimizin başçısı hər cavabında açıqlanması vacib məqamları dolğunluğu ilə vurğulayır. Mövzumuz yeni dünya nizamı olduğundan, onu da bildirək ki, ölkəmizin lideri İkinci Dünya müharibəsindən sonra qərarlaşmış təhlükəsizlik sisteminin artıq işləmədiyinə dair baxışını əvvəllər də bölüşüb. İndi isə fikrinə daha arqumentli şəkildə izah verib, ən başlıca cəhət kimi güc amilinin üzərində dayanıb. Əlbəttə, Azərbaycan gücdən ədalətli və mütərəqqi məqsədlər naminə istifadəni məqbul sayır. Güc, heç bir halda, mürtəce məramın gerçəkləşmə alətinə çevrilməməlidir.
Ancaq yeni dünya nizamını formalaşdırmaq yönümlü fəaliyyətin “yumşaq gücünü” – qloballaşma seqmentini də görmüşük. Yəni, mahiyyət etibarilə qloballaşma ənənəvi dəyərləri sıradan çıxarmaq, bununla da müstəqil dövlətləri iflic, idarəolunmaz hala salmaq üçün uydurulmuş sistemdir.
Lakin bu ssenari gözlənilən effekti vermədi. Əgər ABŞ-də mühafizəkarlığı idarəçilik kredosuna çevirmiş Donald Tramp yenidən prezident seçilirsə, fransız vətəndaş qeyri-ciddi imicə malik prezident Emmanuel Makronu şapalağa “qonaq edirsə”, deməli, qloballaşmanın diktəsi sayılan kosmopolitlik və onun doğurduğu vecsizlik ab-havası, ilk növbədə, Qərb cəmiyyətlərində işləmir. Orada işləmirsə, deməli, onu dünyaya yayaraq, ayrı-ayrı dövlətlərin işinə qarışmaq planları gerçəkləşməyəcək və gerçəkləşmir. Prezident İlham Əliyev də, təxminən, bunu bildirib: “Əgər xatırlayırsınızsa, son illər qloballaşma haqqında o qədər də çox eşitmirik. Ola bilər ki, bu, 10, yaxud 15 il əvvəl bir tendensiya olub, lakin o, alınmadı. Çünki bir çox ölkə ona qarşı çıxdı. Onun nə məna daşıdığı da bir çox ölkə üçün aydın deyildi. Qloballaşma daha çox ticarətə, yoxsa bütün məsələlərə – əgər belə ifadə etmək olarsa – eyni gözlə baxmaq idi? Bir sözlə, biz buna hər zaman qarşı çıxmışıq və hətta qloballaşma Qərbin siyasətində əsas tendensiya sayıldığı vaxtlarda aydın şəkildə çıxış etmişik. Hətta Prezident Tramp seçilməzdən əvvəl həmin məsələ müəyyən dərəcədə gündəlikdə əsas yer tutmurdu. Bununla belə, əminəm ki, o, alınmadığı üçün tamamilə aradan qalxacaq. Bir çox insan heç onun nə məna daşıdığını belə bilmir. Yəni, o, müdaxilə aləti kimi istifadə olunmuş, hökmranlıq platformasının qurulması, gənc nəslin fikrinin dəyişdirilməsinə yönəlmişdir. Çünki qloballaşmanın əsas hədəfi gənc nəsil idi. Bu yanaşma onları dünya sakinlərinə çevirmək, onları mədəniyyəti, milli mənsubiyyəti, milli özünəməxsusluğu, ləyaqəti olmayan insana döndərmək, əlində pult olanların sanki robotuna çevirmək üçün hesablanmışdır. Bir sözlə, əminəm ki, onun vaxtı artıq keçib, bitib”.
***
Bəli, bu gün qloballaşmanın mənfi təsirlərindən uzaqlaşmağı bacaran Azərbaycan öz yolu ilə inamla addımlamaqdadır və Prezident İlham Əliyevin təbirincə desək, yeni dünya nizamına hazır vəziyyətdədir. Yuxarıda diqqətə çatdırdığımız fikirlər sözügedən hazırlığın ayrı-ayrı elementlərinin mövcudluğundan xəbər verir. Başqa bir çox məqamları da vurğulamaq mümkündür. İndilik yeni dünya düzəni baxımından özünü bu günlərdə göstərən bir hadisənin üzərində dayanaq. Söhbət qardaş Türkiyənin Suriyada təşəbbüsü ələ almasından gedir. Bu, son dərəcə ciddi prosesin başlanğıcıdır.
Prezident İlham Əliyev Suriyada yaşanan dəyişikliklərlə bağlı mövqeyini açıqlayarkən, Türkiyənin öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyindən, o cümlədən, PKK terrorunu məhv etmək əzmindən tutmuş, Azərbaycanın azad Suriya quruculuğuna dəstəyinədək, bir sıra vacib nüansları açıqlayıb. Ancaq burada son dərəcə zəruri bir məqam var: “Yəni, biz istəyirik, burada öz töhfəmizi verək ki, Türkiyənin heç olmasa bu sərhədində terrora son qoyulsun və hesab edirəm ki, bu, çox ciddi geosiyasi dəyişiklik olacaq, böyük coğrafiyada sülhün, sabitliyin, əməkdaşlığın bərqərar olmasına gətirib çıxaracaq”.
Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğun yolverilməzliyini bildirən Azərbaycan Prezidenti Bakının müttəfiq kimi hər zaman və istənilən formada Ankaranın yanında olduğunu əminliklə vurğulayıb. Dövlətimizin başçısının bu fikri istər-istəməz 44 günlük müharibə dönəmini xatırladır. Həmin vaxt Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan savaşa xarici dövlətlərin Ermənistanın tərəfində qoşulması ehtimallarına qarşı görünməmiş sərt fikri ilə yadda qalmışdı: Atamızın oğlu olsa belə keçmərik! Ona görə Prezident Əliyev indi bildirir ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızda olduğu kimi, biz də onun yanındayıq. “Bizim Müttəfiqlik Bəyannaməmiz hər gün yeni amillərlə zənginləşir və D-8-lə bağlı bax, bayaq verdiyiniz suala qayıtdıqda, bizi ən çox dəstəkləyən də yenə Türkiyə olmuşdur və birinci bizi təbrik edən də Türkiyə olmuşdur. Ona görə Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur. Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir və həm Yaxın Şərqdə, həm də eyni zamanda, Avropada, –
bir qədər bu məsələyə biz toxunduq, – tamamilə yeni vəziyyət yaranır və burada güclü Türkiyə amili əsas rol oynayacaq. Biz də onun yanındayıq. Yəni ki, gücümüz daha da artacaq. Böyük coğrafiya – Avropanı, Asiyanı, Cənubi Qafqazı, Xəzər hövzəsini əhatə edən böyük coğrafiya artıq özlüyündə bir ciddi geosiyasi amildir. Hərbi güc, siyasi güc, iqtisadi potensial, birlik və bu gün dünyanın heç bir yerində bu qədər bir-birinə bağlı olan ölkələri görmək mümkün deyil, necə ki, Türkiyə və Azərbaycan”, – deyən dövlətimizin başçısı Azərbaycanın yeni dünya düzənində Türkiyə ilə birlikdəlik içərisində olduğunu qətiyyətlə bildirib. Hesab edirik ki, bu, bütövlükdə dünyaya mesajdır.
***
Sonda onu da deyək ki, Azərbaycan Prezidenti yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində ayrı-ayrı məsələlərlə bağlı mövqe açıqlayarkən, demək olar, hər fikrində mövzunu Ermənistanın üzərinə də gətirdi. Məsələn, Suriyadakı dəyişikliklərə toxunarkən, Bəşər Əsəd rejiminin İrəvana dəstəyindən söz açdı, Qərblə münasibətlər kontekstində bu düşərgənin ermənipərəstliyini, Ermənistana xüsusi münasibətini açıqladı. Bir halda ki, Prezidentin səsləndirdiyi fikirlərə kompleks yanaşmaq zərurəti var, o zaman tam əminliklə demək mümkündür ki, dövlətimizin başçısının Ermənistana xəbərdarlıq zəminində söylədikləri İrəvanın dünyanın yenidən şəkillənməsindəki mövcudluq parametri baxımından önəmlidir. Axı, obrazlı desək, sel gələndə qabağındakı heç nəyə baxmır. Ermənistan isə indiki status baxımından selin qarşısında dayanmağa çalışan çör-çöpdür. Dövlətimizin başçısının mesajları baş nazir Nikol Paşinyan administrasiyasına bu ampluada dayanmamaq təklifidir. Hər halda, ölkəmizin lideri tarixi faktları, Ermənistanın qurama dövlət olma, qədim Azərbaycan torpaqları hesabına formalaşma reallığını heç də əbəs yerə xatırlatmır. Ancaq Paşinyanın yanaşmasından görünən budur ki, Ermənistan gerçək durumu görmək istəmir, daha doğrusu, özünün uydurduğu reallığı ehkam kimi sırımağa cəhd göstərir. O zaman yazımızı bir ritorik sualla bitirək: Kanada kimi ölkənin ABŞ-nin 51-ci ştatı olmaq məsələsi gündəmdə varsa, Ermənistanın dövlət kimi ayaqda qalmaq üçün ümid bəslədiyi nədir, yaxud nə ola bilər?
Əvəz CAHANGİROĞLU
XQ