Azərbaycan 2025-ci ilə daha geniş üfüqlərdən boylanır
2024-cü ili Azərbaycan üçün bütün sahələrdə uğur ili kimi qəbul etmək olar. İl ərzində ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində əlaqələrini və diplomatik təmsilçilik şəbəkəsini genişləndirən ölkəmiz regionda və qlobal miqyasda milli maraqlarının, eləcə də sülh və təhlükəsizliyin təmini məsələlərində rolunu və mövqeyini daha da gücləndirdi. 2024-cü il ərzində daxili sabitlik və davamlı inkişafa arxalanan Azərbaycan tərəfindən qlobal çağırışlara çevik və effektiv reaksiyaların verilməsi, beynəlxalq yardım fəaliyyətləri, beynəlxalq iqtisadi əməkdaşlıq, qlobal əhəmiyyətli tədbirlərin uğurla keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edib.
Sabit ada
Arxada qoyacağımız ilin siyasi yekunları ilə bağlı XQ-yə açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev bildirdi ki, ümumiyyətlə, 2024-cü il dünyanın təlatümlü bir mərhələdən keçməsi ilə yadda qalacaq: “Bu mərhələyə təkqütblü dünyadan çoxqütblü dünyaya keçid dövrü də deyilir. Adətən, belə dövrlər ya böyük müharibələrlə, ya da siyasi, iqtisadi, humanitar böhranlarla müşayiət olunur. Xüsusilə, belə mərhələyə hazırlığı olmayan, çevik diplomatiyası, xarici siyasət strategiyasından məhrum ölkələr daha böyük itkilərlə üzləşirlər. Coğrafi cəhətdən, eləcə də əhalisi çox olmayan, amma strateji mövqeyə və əhəmiyyətə malik dövlətlər ciddi təhlükələrə, təhdidlərə məruz qalırlar. Nəzərə alaq ki, Azərbaycan da strateji nöqteyi-nəzərdən olduqca əhəmiyyətli bir dövlətə çevrilib, hazırda onun ətrafında iki böyük müharibə gedir. Yaxın Şərqdə və Rusiya və Ukrayna arasında davam edən müharibələri nəzərdə tuturuq. Yəni, Azərbaycan ətrafında müşahidə edilən ciddi dəyişikliklərin fonunda 2024-cü ildə atdığı bütün addımları hərtərəfli hesablamağa məcbur idi. Bu mənada, ölkəmiz diplomatik yöndən hazırlıqlı tərpəndi”.
Tərəfdaşlarımızın sayı artmaqdadır
Azərbaycanın cari ildə xarici siyasət sahəsində əldə etdiyi uğurlarından danışan politoloq belə bir qeyri-müəyyən qlobal dövrdə strateji partnyorlarımızın və müttəfiqlərimizin sayını artırmasını mühüm irəliləyiş kimi qeyd etdi: “Azərbaycan 2024-cü ildə Avropada və Asiyada beş dövlətlə strateji tərəfdaşlıq haqqında memorandum imzaladı. Bundan əlavə, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında müttəfiqliq haqqında Bəyannamənin imzalanması olduğuca vacib bir sənəd idi. Birləşmiş Ərəb Əmirlikləri ilə Memorandumun, eləcə də Slovakiya ilə qarşılıqlı əməkdaşlığa dair birgə Bəyannamənin imzalanmasını xüsusi qeyd etmək lazımdır. Bolqarıstanla strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Memorandum, Tacikistanla strateji tərəfdaşlığa dair Bəyannamənin və Özbəkistanla müttəfiqlik haqqında Müqavilənin imzalanması da bu qəbildəndir. Bütün bu sənədlər Azərbaycanın cari ildə müttəfiqlərinin sayının artırması baxımından önəmlidir”.
C.Vəliyev açıqlamasında Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu fəaliyyətinə də aydınlıq gətirdi: “2024-cü il Azərbaycan rəsmilərinin türk dövlətlərinə səfərlərinin çoxluğu ilə də yadda qalacaq. Bu sırada Mərkəzi Asiya dövlətləri ilə yanaşı, qardaş Türkiyə ilə təmasların artdığını qeyd etməliyik. Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya ölkələri liderlərinin Astanada keçirilən VI məşvərət görüşündə iştirak etdi. Həmin görüşdəki çıxışında Prezident İlham Əliyev açıq şəkildə elan etdi ki, Azərbaycan Mərkəzi Asiya ilə vahid bir platforma yaratmaq barədə düşünür. Bu, olduqca vacib məsələdir. Çünki türkdilli ölkələri birləşdirən, sadəcə, eyni soykökə, ortaq mədəniyyətə, dilə malik olmağımız deyil, eyni zamanda, enerji və nəqliyyat layihələri, regiona təhdidlərə qarşı birlikdə çıxış etmək kimi ortaq maraqlarımızdır. Qlobal qeyri-müəyyənlik dövründə Azərbaycanın sərgilədiyi ən uğurlu siyasi mövqe müharibə edən tərəflərlə münasibətləri qoruyub saxlaması oldu. Həm beynəlxalq hüquq, həm xarici siyasətimiz baxımından Bakı özünün prinsipial mövqeyini də qorumağı bacardı. Bu çərçivədə tərəfdaşlarımızla münasibtlərimizi qorumağı da, beynəlxalq hüquqdan irəli gələn öhdəliklərimizə əməl etməyi də reallaşdırdıq. Azərbaycan bu müstəvidə özünün siyasi iradəsini bu gün də davam etdirməkdədir”.
TDT və D8
Siyasi ekspert diqqəti 2024-cü ildə Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da gücləndirməsi məsələsinə yönəltdi: “Bakıda beynəlxalq əhəmiyyətli bir sıra tədbirlər keçirildi. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün Şuşada keçirilməsi və yekunda Qarabağ Bəyannaməsinin qəbul edilməsi çox vacib idi.
Bildiyiniz kimi, İlham Əliyev prezident seçkilərindən sonra Türk Dövlətləri Təşkilatının Azərbaycan üçün prioritet olduğunu elan etdi. “Bizim ailəmiz Türk dünyasıdır” tezisi konkret addımlarla təsdiqlənmiş oldu. Prezidentin TDT zirvəzinin ildə bir dəfə deyil, iki dəfə keçirilməsinin tərəfdarı olduğunu bildirməsi, Azərbaycanın qurumun katibliyinə ayırdığı yarım milyon dolları iki milyona qədər artırması təşkilatın güclənməsinə xidmət edirdi. Digər tərəfdən bu il, eyni zamanda, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycanın bu alyansla əməkdaşlığının 30 illiyinə təsadüf etdi. Bu zaman Azərbaycanın yeni bir beynəlxalq platformaya – Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirə kimi nüfuzlu təşkilata 2026-cı ilə qədər sədr seçilməsi önəmli hadisə sayılmalıdır. Bu qərar dekabrın 17-də quruma üzv ölklərin Nazirlər Şurasının Almatı toplantısında qəbul edildi.
Azərbaycanın İslam ölkələrini birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatının D8 qurumuna üzvlüyə qəbul edilməsi də əlamətdar hadisədir. Dekabrın 19-da təşkilatın Misirin paytaxtı Qahirədə keçirilən XI Sammitində Azərbaycan yekdilliklə D8-ə üzv seçildi. Bu təşkilatın əsası 1996-cı ildə qoyulub və onun üzvlərinin sayı ilk dəfə, həm də Azərbaycanın timsalında yalnız indi artırıldı. Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən zirvə toplantısında iştirakı və orada ÇXR ilə imzaladığı strateji tərəfdaşlıq haqqında Bəyannamə ilin ən böyük diplomatik uğurlarından hesab edilməlidir”.
İlin siyasi möhürü – COP29
“Əlbəttə ki, ilin ölkəmizin siyasi uğurlarının siyahısına düşən ən böyük hadisəsi kimi BMT-nin iqlim dəyişmələri üzrə konfransına – COP29-a ev sahibliyi etməsi oldu”. C.Vəliyev bu hadisəyə dünyanın üzləşdiyi qlobal problemlərin həllində Azərbaycanın oynadığı aktiv rolu nöqteyi-nəzərindən baxmalı və qiymətləndirməli olduğumuzu xüsusi vurğuladı: “BMT-nin Bakı İqlim Sammiti olduqca uğurlu keçdi və burada çox önəmli qərarlar qəbul edildi. Azərbaycanın sədrlik etdiyi bu konfransın qarşısında iki əsas məqsəd dururdu. Birincisi, iqlim maliyyəsi üzrə kollektiv hədəfin müəyyənləşdirilməsi, ikincisi isə Pariş sazişi üzrə karbon bazarlarının 6-cı maddəsinin tam işlək vəziyyətə gətirilməsi idi. Bu məsələdə 2035-ci ilədək bütün dövlət və özəl mənbələrdən inkişaf etməkdə olan ölkələrə yönəldilən iqlim maliyyəsinin illik 1,3 trilyon ABŞ dollarına qədər artırılması qərarlaşdırıldı. Bakı Sammitində ilk dəfə olaraq, büdcə iqlim dəyişikliyinin yaratdığı təhlükələrlə mübarizə çərçivəsində 300 milyon ABŞ dollarına yüksəldildi. Yəni, BMT-nin bu qlobal iqlim konfransı Azərbaycan üçün uğurlu sayılmalıdır. Noyabrın 12–13-də COP29 çərçivəsində Dünya liderlərinin zirvə görüşündə dünyanın səksənə yaxın dövlət və hökumət başçısı iştirak edirdi. Bu faktın özü bəzi dövlətlərin Azərbaycana qarşı apardıqları anti-təbliğat, dezinformasiya fonunda yüksək təmsilçiliyi demək idi. Milli maraqlarımızın qorunması, müstəqil xarici siyasətimiz baxımından bu beynəlxalq tədbirdə çox vacib addımlar atmış olduq. Həm də buna görə COP29-u Azərbaycan üçün ilin siyasi möhürü hesab etmək olar”.
Prezidentin qətiyyəti
“Azərbaycan Hava Yolları”nın təyyarəsinin xarici müdaxilənin nəticəsində Aktauda qəzaya uğramasını ilin təəssüf doğruran, bəlkə də, yeganə yekunu olduğunu bildirən BMTM-nin şöbə müdiri hadisənin Rusiyanın Çeçenistan subyektinin ərazisində baş verməsini ayrıca vurğuladı: “Baş vermiş hadisəı ilə bağlı Prezident İlham Əliyev qəti siyasi iradə ortaya qoyaraq MDB dövlət başçılarının Sankt-Peterburqda keçirələcək toplantısına gedərkən yarı yoldan qayıtdı və ekstern müşavirə keçirdi. Cənab Prezident vətəndaşlarımızın həlak olması ilə nəticələnən təyyarə qazasının hərtəfəli araşdırılacağını birmənalı olaraq bəyan etdi. Bəli, qəza ilə bağlı Rusiya tərəfindən bəzi gözləntilər var idi. Nəhayət, Azərbaycan Prezidentinin siyasi qətiyyətinin və xalqın tələbinin nəticəsi olaraq Rusiyanın dövlət başçısı cənab Prezidentə zəng vuraraq üzrxahlığını bildirdi. Yəqin araşdırma sona çatandan sonra günahkarların cəzalandlırılması, bu çərçivədə digər məsələlər də gündəmə gətiriləcək”.
Sonda Ermənistan – Azərbaycan münasibətlərinə də toxunan C.Vəliyev 2024-cü ildə bu prosesin müsbət aspektdə davam etməsini qeyd etdi: “Süıh sazişinin 17 bəndindən 15-i üzrə razılıq əldə edilib. Cənab Prezident həmin iki bənddə nələrin nəzərdə tutulduğunu bəyan etdi. Ümumilikdə, Bakının İrəvandan dörd fərqli gözləntisi var. Bunların ikisi sülh sazişi ilə, digər ikisi isə Ermənistanın konstitusiyasında məlum dəyişikliyin edilməsi tələbi və ATƏT-in Minsk qrupunun ləğvi ilə əlaqədardır. Sərhədlərin delimitasiyası istiqamətində addımın atılması, Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması ilin yaddaqalan diplomatik uğurlarındandır. Keçmiş köçkünlərin doğma yurdlarına qayıdışının sürətlənməsini də ayrıca qeyd etmək istərdik. Hesab edirik ki, qarşıdan gələn 2025-ci ildə həm bölgədə, həm də beynəlxalq müstəvidə əldə edəcəyimiz yeni siyasi uğurlarımızın, daha geniş üfüqlərə boylanacağımızın təməli artıq qoyulmuşdur”
İmran BƏDİRXANLI
XQ