Mixeil Kavelaşvili Prezident səlahiyyətlərinin icrasına başlayıb

post-img

Salome Zurabişvili isə prezident iqamətgahını tərk edib

“Fikirlərindən və siyasi mənsubiyyətindən asılı olmayaraq Gürcüstanın hər bir vətəndaşı mənim üçün əzizdir. Kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, mən hamının prezidenti olmağı planlaşdırıram”.

Bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili parlamentin binasında keçirilən andiçmə mərasimində çıxış edərkən deyib. Onun sözlərinə görə, keçmişdə buraxılmış səhvlərin təhlili gələcək qərarların hər biri üçün başlanğıc nöqtəsi olmalıdır. “Biz yalnız milli maraqlarımızı rəhbər tutmalıyıq. Gürcü xalqı yaxşı bilir ki, sülh, yaşamaq və inkişafın əsas təminatıdır! Rifaha, davamlı inkişafa, təhlükəsiz və işıqlı gələcəyin təmin olunmasına nail olmaq, xoşbəxtliyə can atmaq o zaman mümkündür ki, mövcud çağırışlara diqqətlə yanaşaq, qarşımızda duran təhlükələri təhlil edib, emosiyalara deyil, dərk etməyə əsaslanan qərarlar qəbul edək”.

O vurğulayıb ki, gürcü cəmiyyəti “qarşılıqlı hörmətə əsaslanan vətən, dəyərlər və qaydalar ətrafında” birləşməlidir: “İnanıram ki, biz öz tarixi təcrübəmizlə, dəyərlərimizlə, gürcü xarakterimizlə güc tapıb Vətənimizin ətrafında birləşə biləcəyik. İnanıram ki, sevgi qalib gələcək! Yaşasın birləşmiş, güclü və sevgi dolu Gürcüstan!... Mən, Gürcüstan Prezidenti, Allah və xalq qarşısında Gürcüstanın Konstitusiyasını, ölkənin müstəqilliyini, bütövlüyünü və bölünməzliyini qoruyacağıma, prezidentin vəzifələrini vicdanla yerinə yetirəcəyimə, ölkəmin vətəndaşlarının təhlükəsizliyi və rifahının, xalqımın və Vətənimin dirçəlişi və qüdrətinin qayğısına qalacağıma and içirəm".

Beləliklə, Kavelaşvili Gürcüstanın altıncı prezidenti olub. O, ölkə tarixində ilk qadın prezidenti – Salome Zurabişvilini əvəz edib. Andiçmə mərasimində parlament deputatları, yerli özünüidarəetmə orqanlarının, həmçinin Acarıstan və Abxaziya Ali şuralarının, Gürcüstan hökumətinin, konstitusiya orqanlarının nümayəndələrinin daxil olduğu Seçkilər Kollegiyasının üzvləri iştirak ediblər.

Qeyd edək ki, Kavelaşvili xüsusi olaraq çap edilmiş və parlamentin muzeyində saxlanılacaq konstitusiya nüsxəsinə and içib. Bu nüsxə sonradan parlament muzeyinə veriləcək və növbəti inaqurasiyalar üçün istifadə edilməsi planlaşdırılır. İnaqurasiyadan sonra Mixeil Kavelaşvili Orbeliani sarayında çalışacaq. Artıq o, ilk kadr təyinatına prezident kimi imza atıb. Kavelaşvili Ketevan Kvinikadzeni prezident administrasiyasının rəhbəri təyin edib. Kvinikadze bu təyinatadək Gürcüstan parlamentinin aparat rəhbəri vəzifəsini tuturdu. Həm qeyri-hökumət, həm də dövlət sektorunda iş təcrübəsi var.

Bu arada Orbeliani sarayı ilə bağlı da açıqlama gəlib. Parlamentin sədri Şalva Papuaşvili jurnalistlərə müsahibəsində deyib: “ Bu bina Salome Zurabişviliyə miras qalmayıb, o, gürcü xalqına və onun prezidentinə məxsusdur. Andiçmə mərasimindən sonra xanım Salome Zurabişvili artıq Gürcüstanın prezidenti deyil. Mixeil Kavelaşvili isə Gürcüstanın yeni prezidentidir. Bu gündən etibarən xanım Zurabişvili gürcü xalqına məxsus olan və şəxsi dəbdəbəsinin obyekti olmayan bu iqamətgahı tərk etməlidir. Əminəm ki, edəcək. Baxmayaraq ki, bu və ya digər binada möhkəmlənmək üçün müxtəlif siyasi aktorlardan açıq məsləhətlər, arzular görürük. Bu barədə danışmaq qeyri-ciddidir”.

Bu barədə Salome Zurabişvilidən də açıqlama gəlib. “Mən sarayda olsam da, sarayın xaricində olsam da. Mən buradan sizin yanınıza çıxacağam və sizinlə bir yerdə olacağam”.

Onun sözlərinə görə, qanunilik xalqdan gəlir və buna görə o, məhz xalqla birlikdə olacaq: "Mən istəyirəm ki, sizinlə birlikdə qanuniliyin nə demək olduğunu düşünək – qanunilik yalnız bir mənbədən gəlir və bu mənbə sizsiniz. Xalqın etimadı olmayan yerdə qanunilik də ola bilməz. Buna görə mən buradan çıxacağam və sizinlə birlikdə olacağam".

Gürcüstanın 5-ci Prezidenti Salome Zurabişvili çıxışı zamanı gələcək planları barədə danışıb: "Çoxşaxəli görüşlərə başlayacağam – cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqə qurmalıyam”.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə Mixael Kavelaşvilini təbrik edib və ölkə üçün uğurlu fəaliyyət göstərəcəyini bildirib. Müxalifətlə bağlı jurnalistlərin suallarını da cavablandırıb: “Yeganə özünü məhv etmə rejimində olanlar müxalifətdir, çünki onlar Gürcüstan xalqının iradəsini, o cümlədən, öz seçicilərinin iradəsini qəbul etmirlər”. O, bir daha xatırladıb ki, 1 milyon 120 mindən çox seçici radikal müxalifəti yox, “Gürcü Arzusu” partiyasını dəstəkləyib.

P.ƏFƏNDİYEV
XQ

Son xəbərlər