2024-cü ildə Azərbaycan qlobal miqyasda yardım və humanitar dəstək fəaliyyətini aktiv şəkildə davam etdirib. Xarici dövlət və beynəlxalq təşkilatların yardım müraciətlərinə baxılıb, Azərbaycan Respublikasının digər dövlət qurumları ilə əlaqələndirilərək müvafiq yardımların çatdırılması təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.
Bildirilib ki, 2024-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş İƏT, QH və SIDS qrupuna daxil olan dövlətlərin, eləcə də xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşları üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına əcnəbi tələbələrin ilk qəbulu prosesi həyata keçirilib və 2024/2025-ci tədris ili üzrə 35 ölkədən 100 tələbəyə ölkəmizdə təhsil almaq imkanı yaradılıb.
Eyni zamanda, ölkəmiz tərəfindən Ukraynaya humanitar yardım göstərilməsi davam etdirilib, indiyə qədər verilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımların ümumi məbləği 70 milyon manata (təxminən 40 milyon ABŞ dollarından artıq) çatıb.