Zurabyanın “sürünən müharibə”si və Paşinyanın iqtidarda qalma səbəbləri
Ermənistanda revanşistlərin fəallaşması tamamilə yeni məcraya qədəm qoyub. Xüsusən də ölkəmizdə keçirilmiş COP29-dan sonra. Onlar davamlı şəkildə Azərbaycanın Ermənistan üzərinə hücuma keçəcəyini bildirirlər. Revanşistlərin cəmləşdiyi təşkilatlar sırasında Erməni milli konqresi (EMK) başlıca yer tutur. Söhbətimiz təşkilatın sədr müavini, Ermənistan parlamentinin deputatı Levon Zurabyanın keçirdiyi mətbuat kofransında səsləndirdiyi fikirlər barədədir. Bəribaşdan deyək ki, onun bir fikri çox təəccüblü gəldi.
L.Zurabyan Azərbaycanın “Zəngəzur dəhlizi” adlandırdığı əməliyyata hazırlaşmasından danışıb. Ancaq onun diqqəti baş nazir Nikol Paşinyan iqtidarının tənqidinə yönəltdiyi aydındır. Zurabyan Nikola və tərəfdarlarına hiddətini göstərmək üçün Azərbaycan amilini qabardır. Daha doğrusu, ölkəmizi təcavüzkar qiyafəsində təqdim edir.
EMK-nın təmsilçisi bildirib ki, Ermənistan rəhbərliyi bir blogerə çevrilib. Axı “Facebook”, “TikTok” və digər sosial şəbəkə platformalarında maraqlı materiallar yerləşdirən blogerlər var. Zurabyan Paşinyanı, ailə üzvlərini və ətrafını nəzərdə tutaraq, “bu adamlar hansısa filmə baxdıqlarını, velosiped sürdüklərini, dolma bükdüklərini, təraş etdiklərini və bəzi digər boş səhnələri yayımlayırlar” –deyərək fikrinə aydınlıq gətirib: “Onlar, sadəcə olaraq, “The Kardashans” realit-şousuna (erməni pornoulduz Kim Kardaşyanın verilişi nəzərdə tutulur – red.) çevriliblər. Görünür, ölkə rəhbərini siyasət və Ermənistan ətrafında baş verənlər maraqlandırmır”.
L.Zurabyan buna qarşılıq Azərbaycanın təbliğatının Ermənistanın müharibəyə və təxribatlara hazırlaşması, Fransanın və Hindistanın ölkəni silahlandırması üzərində qurulduğunu bildirib. EMK təmsilçisi haradasa haqlıdır. Azərbaycanda belə bir fikir var ki, İrəvan sürətli silahlanma xətti götürüb. Paşinyanın velosiped sürməsi, həyat yoldaşı Anna Akopyanın isə dolma bükməsi səhnələrinə gəlincə, bunlar gözdən pərdə asmaqdan, sadəliyin imitasiyasından, Avropanın məmurları kimi görünmək istəyindən, bir sözlə, saxtalıqdan qaynaqlanır. Saxtalıq dövlət siyasətinin tərkib hissəsidirsə, Zurabyan təəccüblənməməlidir. Bu mənada Nikola hələlik tayı-bərabəri olan yoxdur.
L.Zurabyanın sözlərinə görə, erməni iqtidarının hazırda tutduğu yol sülh yolu deyil. Bu mənada da EMK-nın sədr müavini haqlıdır. Çünki, Paşinyan və komandası barış istəmir, imitasiya ilə məşğul olur. Daha dəqiq desək, Nikolun hərəkətinin adı imitativ manipulyasiyadır. Yəni, rəsmi İrəvanın yeritdiyi xəttin mahiyyətinə tam diqqət yetirməyincə, belə təəssürat yaranır ki, Ermənistan sülh arzulayır. Amma qətiyyən belə deyil.
Zurabyanında öz “məntiqi” var. Onun bildirdiyinə görə, Paşinyan bütün dağıdıcı fəlakətlərin onun siyasətinin nəticəsi olduğunu nəzərə almır və özünü ölkəni barışa daşımaq istəyən sülhsevər baş nazir, qalanları, o cümlədən, müxalifət təmsilçilərini isə revanşistlər qimsində göstərir. Mövcud anlamda da EMK təmsilçisini haqlı saymaq mümkündür. Çünki Nikol Qərbdəki ağalarına təmsil etdiyi iqtidarın necə çətin şəraitdə fəaliyyət göstərdiyini daim sübuta yetirməyə çalışır ki, həmin ağalar alternativ axtarışına başlamasınlar. Zurabyanın sözlərindən belə çıxır ki, Paşinyana qarşı olan hərəkatların uğur qazanmamasının kökündə də məhz bu amil dayanır. Yəni, alternativsizlik. Bu yerdə EMK-nın sədr müavininin fikirlərindəki ən vacib məqama keçid alaq.
Beləliklə, L.Zurabyan N.Paşinyana qarşı yönəlmiş ictimai hərəkatların nə üçün iflasa uğramasından söz açarkən, bəzi amilləri sadalayıb. Məsələn, deyib ki, bir vaxtlar (Tavuş arxiyepiskopu) Baqrat Qalstanyanın başlatdığı hərəkat 50 min insan topladı. Bu, çox böyük rəqəm idi: “2018-ci ildən sonra ilk dəfə olaraq ən böyük rəqəm qeydə alındı. Nikol Paşinyan indi adam toplamaq istəsə, nə 10 min, nə də 50 min toplaya biləcək. Bəs bu 50 min insan niyə heç nə edə bilmədi? Təbii, burada Baqrat Qalstanyanın siyasi təcrübəsizliyi böyük rol oynadı. Amma başqa vəziyyət də var: xalq revanşist kimi qəbul edilməyəcək və hakimiyyətə gələcəyi təqdirdə, dərhal Azərbaycana qarşı müharibə aparmayacaq bir qüvvə görməyincə, Nikol Paşinyan təhlükəsiz durumdadır”.
Göründüyü kimi, L.Zurabyan son dərəcə maraqlı məqama toxunur. Onun sözlərindən belə çıxır ki, erməni xalqı Paşinyanı Azərbaycana qarşı müharibə etməyəcək, revanşist mövqe tutmayacaq qüvvənin mövcud olmadığına görə dəstəkləməkdədir. O zaman məntiqi surətdə Nikolun son illərdəki reytinqinin aşağı düşməsinə diqqət yetirək. Ermənistan silahlanır və təəssürat yaranır ki, ölkə yeni savaşa hazırlaşır. Deməli, baş nazirin nüfuzunda geriləmə buna görədir(?). Bu qənaət, müəyyən mənada, məntiqidir. Çünki, prinsip etibarilə, erməni cəmiyyəti 44 günlük müharibədə gördüyünü görüb. Yenidən həmin dəhşəti yaşamaq istəməz. Amma...
“Əmması” budur ki, Paşinyan 2021-ci ildə keçirilmiş növbədənkənar parlament seçkiləri əsnasında Qarabağla bağlı vədlər vermişdi. Amma onların heç biri özünü doğrultmadı. Əksinə, 2023-cü ildə Ermənistanın Qarabağ avantürasına son qoyuldu, Azərbaycan torpaqlarındakı erməni separatizminin kökü kəsildi. Elə buna görə də L.Zurabyan 2024-cü ilin təhlilini verərkən, məhz 2023-cü ilə köklənir. Özü də fərqinə varmadan revanşizmi təbliğ edir. O, “Artsax”ın qurban verilməsindən söz açır və Nikola qarşı qəzəb aşılayır. Ən əsası isə bu məsələdə Ermənistanın təhlükəsizliyini qaldırır. Zurabyanın fikrincə, Paşinyan iqtidarı anti-Azərbaycan ritorikanı aşağı salmaq yolu tutub, mövqeyini ölkənin təhlükəsizliyinin qorunması kontekstində izah edib və bu yanaşma yanlış olub. Çünki Qarabağdakı separatçı rejimi qorumamaq 2024-cü ili Ermənistan üçün riskli ilə çevirib. “Onlar dedilər ki, bu bizə sülh gətirəcək, amma əslində, 2024-cü il sürünən müharibə ili oldu. Bizə təsvir edilən bütün vədlər, parlaq perspektivlər puça çıxdı və mən 2024-cü ili Paşinyanın vəd etdiyi perspektivlərin iflasa uğradığı il kimi xarakterizə edə bilərəm. Hər şey pozulur və bu adamın cavabı yoxdur. Bəs nə? Biz təslim oluruq və davamlı olaraq mövcud istiqamətdə gedirik. Əvəzində nəsə almışıq, ya yox? Eyni zamanda, hər şey getdikcə pisləşir. Çünki qlobal eskalasiya həyatımıza və təhlükəsizliyimizə təsir göstərir”, – deyə Zurabyan fikrini tamamlayıb.
Ə.RÜSTƏMOV
XQ