Şəxsiyyətin bütövlüyü

post-img

II MƏQALƏ

Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir.

Heydər ƏLİYEV
Ümummilli lider

Azərbaycançılıq və dövlətçilik şüurunun intellektual fəzilətliliyi

Azərbaycançılığın məfkurə kimi formalaşdırılmasında dövlətçilik şüurunun intellektual fəzilət kimi qiymətləndirirlməsi vacib məsələdir. Bunun Azərbaycan təcrübəsi üçün siyasət və müasirliklə yanaşı, tarixiliklə də əlaqəsi dərindir. Sonuncu fikrin işığında Heydər Əliyevin fəaliyyətinə nəzər salanda maraqlı məqamları görə bilərik. Həmin kontekstdə Heydər Əliyev liderliyinin bir sıra özəlliklərinə baxmaq zəruridir.

Heydər Əliyevin digər keyfiyyətləri ilə yanaşı, liderlikdə dahiliyi ondan ibarətdir ki, nəzəri cəhətdən ən mürəkkəb məsələləri praktikada sadə və aydın ifadə edə bilirdi. Belə bir səviyyəyə yüksəlmək çox çətin bir prosesdir. Çünki xüsusilə siyasi liderlikdə elə lakonik, sərrast və konkret məzmunlu fikir yürütmək lazım gəlir ki, ən dərin qatlarda dövlətçiliyə xidmət etsin.

Müdrik kəlamlar

Anlayırıq ki, nəzəri cəhətdən mürəkkəb olan bu tezisin praktiki nümunələrini göstərməyə ehtiyac vardır. Ulu öndərin bir neçə kəlamının Azərbaycanın tarixi, siyasi, dövlətçilik ənənəsinin reallıqları işığında izahı mənzərəni tam aydınlaşdırır.

Heydər Əliyevin “Ədaləti ədalətsizliklə bərpa etmək olmaz” tezisi birbaşa Azərbaycanın dövlətçilik ənənəsinin əsas sütunlarından olan bir fəzilətin sadə və praktiki ifadəsidir. Bu fikir hər bir insanı həyatda ədalətli olmağa səsləyir. Ədalətlilik fəzilət kimi qədimdən dünya çapında qəbul edilən davranış nümunəsidir. Azərbaycan təcrübəsində isə fərdi və kollektiv (cəmiyyət) miqyasında davamlı qayda olaraq, şüurlarda mövcuddur. Bu anlamda Heydər Əliyev ədalətli olmağı müasir dövlətçilik şüurumuzun əsas komponentlərindən biri kimi tövsiyə etmişdir.

Ulu öndər Azərbaycan cəmiyyəti üçün ənənəvi olan və tarixin bütün dönəmlərində sosiumun özünü toparlamasının başlıca faktoru sayılan mədəniyyət haqqında da aydın fikir söyləmişdir. Heydər Əliyev demişdir: “Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür”.

Başqa tezislərində isə Ulu öndər bu ümumi fikrin müxtəlif cəhətlərini açır. Məsələn, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır” və s.

Bu fikirlər də faktiki olaraq dövlətçilik şüuru kontekstinə malikdir və insanı mədəniyyətin Azərbaycan cəmiyyətinin mövcudluğu, birliyi və tarixi təkamülünün təməlində dayandığı həqiqətinə fokuslandırır. Alimlərin geniş həcmli kitablarda ifadə etməyə çalışdıqları əhəmiyyətli fikirləri Ulu öndər sadə dillə ifadə edilmiş bir neçə dərin tezisdə əks etdirə bilmişdir. Azərbaycan dövlətçiliyinin məhək daşının mədəniyyətlə əlaqəli olması dahiyanə deyilmiş və strateji konteksti məharətlə ifadə edilmiş fikir, istiqamətverici, motivəedici mövqedir!

Vurğulanan tezisləri həm də liderin mövqeyi kimi təqdim etməyimiz təsadüfi deyildir. Həmin fikirlərdə ifadə olunan mənanın praktiki və tətbiqi cəhəti məhz mövqe (burada əsas olaraq fikrin feili davranışa transformasiyasını nəzərdə tuturuq F.Q.) kimi əks olunması Heydər Əliyevin digər fikirlərində mövcuddur. Onların sırasında bü günümüz üçün də böyük aktuallıq kəsb edən “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!” və “Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir!” tezislərini vurğulaya bilərik.

Bu fikirlərdə dövlətçilik şüuru fonunda iki məqam dahiyanə ifadə edilmişdir. Birincisi, əsl vətəndaş üçün Vətənin taleyi həm də onun özünün taleyidir. Bu, müasir tarixi dönəmdə dövlətçilik şüurunun mərkəzi müddəasını təşkil edir. Vətəndaş fərd olaraq özü ilə kollektivin (cəmiyyətin) identikliyini sinxronlaşdıra bilirsə, onun dövlətçilik şüuru tam oturuşmuşdur. Bu mövqenin real təsdiqi isə Vətən müharibəsinin anlamıdır.

Heydər Əliyev öyrədir ki, “Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün” vətəndaşın savaşı, cəmiyyətin mübaizə nümunəsidir! Deməli, insanın Vətənini qoruması, əslində, onun özünün şərəf və namus məsələsi olmalıdır. Müstəqil dövlətçiliyin mövcudluğu fonunda isə bu, dövlətçilik şüurunun fəzilətliliyinin intellektual və mənəvi-əxlaqi səviyyələrin sintezində formalaşdığı anlamını verir.

Bütün bu fikirlərin təməlində Ulu öndərin daha ümumi miqyasda liderliyinin bir mühüm özəlliyi dayanır. O da Heydər Əliyevin dövlət quruculuğuna tarixlə mədəniyyətin qarşılıqlı əlaqəsində yanaşması ilə bağlıdır. Bu yöndə Heydər Əliyevin iki tezisini müqayisə etmək kifayətdir. Onlar aşağıdakılardır: “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır” və “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”!

Əgər xalq əsas olaraq mədəniyyəti ilə tanınırsa və tarixi olduğu kimi dərk etmək zəruridirsə, onda Azərbaycan tarixini o zaman olduğu kimi dərk edə bilərik ki, onun formalaşmasında mədəniyyətin yerini və rolunu obyektiv qiymətləndirə bilək! Bununla mədəniyyət faktoru Azərbaycan xalqının həm kollektiv mövcudluğunun təməl faktoru, həm də dövlətçilik ənənəsinin ana xəttini təşkil edən amil kimi təqdim olunur. Bu istiqamətverici tövsiyə müasir mərhələdə Azərbaycan fəlsəfi və politoloji fikrinin ən aktual mövzularından olmalıdır!

Təhlükəsizliyin təmini

Dünyanın hazırkı geosiyasi mənzərəsindən baxanda Ulu öndərin Azərbaycanın təhlükəsizliyi ilə bağlı hansı səviyyədə siyasi kurs müəyyən etdiyini anlamaq olar. Tədqiqatçılar müasir şəraitdə təhlükəsizliyin sabitlik, davamlı əməkdaşlıq və strateji inkişafla bağlılığını xüsusi araşdrırlar. Burada vurğulanan faktorlar arasında sıx əlaqələrin olduğu önə çəkilir. Bu nəzəri qənaətin prizmasında Azərbaycanın təhlükəsizliyini təmin edən kursa baxsaq, Heydər Əliyevin yüksək səviyyədə xətt müəyyən etdiyini görərik. Həmin xəttin fərqli cəhəti ondan ibarətdir ki, Ulu öndər ölkənin, dövlətin və cəmiyyətin təhlükəsizliyini birbaşa bütövlükdə inkişaf kursunun ana istiqamətləri ilə vəhdətdə götürə bilmişdir. Postsovet məkanı ölkələri üçün bu məsələnin çox mürəkkəb proses olduğu hamıya məlumdur. Çünki həmin məkanda çox sayda maraqlar toqquşur və böyük güclər arasında mübarizə əksər hallarda güzəştsiz savaşa çevrilir.

Cənubi Qafqazda həmin proseslər daha ağır və qeyri-müəyyən şərtlər daxilində baş verir. Xüsusilə, keçən əsrin 90-c illərinin əvvəllərində regionda geosiyasi, siyasi və hərbi vəziyyətin böyük ziddiyyətlər içərisində olduğunu hər kəs xatırlaya bilər. Heydər Əliyev məhz belə bir durumda dövlətimiz və ölkəmiz üçün səmərəli təhlükəsizlik kursunu müəyyən etdi. Sonrakı proseslər göstərdi ki, Ulu öndərin təhlükəsizlik konsepsiyası milli sərhədləri aşaraq regional və regionlararası miqyaslarda da faydalıdır. Bu, liderlikdə çox mühüm faktordur.

Məsələ onunla bağlıdır ki, Heydər Əliyev sabitliyi, əməkdaşlığı və təhlükəsizliyi özündə birləşdirən başlıca mexanizmi dəqiq müəyyən etdi. Həmin mexanizmin üç aspekti vardır.

Birincisi, yeni enerji strategiyası (ona neft siyasəti də deyilir).

İkincisi, cəmiyyətin daxili birliyini təmin etmək kursu.

Üçüncüsü, enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin vəhdətinin təmini.

Onların hərəkətverici və istiqamətləndirici faktorları isə “Əsrin müqaviləsi” ilə ölkədə həyata keçirilən islahatlar oldu. Bununla Heydər Əliyev dövlət və cəmiyyət olaraq inkişafı milli təhlükəsizliklə sıx bağladı. Bu proses sonrakı mərhələlərdə daha da genişlənərək regional və sonra regionlararası miqyaslara transfer olundu. Bütövlükdə isə Heydər Əliyevin hazırladığı İnkişaf Konsepsiyası Azərbaycanın yeni tarixi mərhələyə keçidi üçün lazım olan bazanı yaratdı.

Heydər Əliyev fenomeni və yeni tarixi mərhələ

Sözün həqiqi mənasında Ümummilli liderin missiyası və fəaliyyət miqyası yaşadığı müddətlə məhdudlaşmır. Müasir politoloqlara görə, ümummilli liderlikdə özündən sonrakı mərhələdə də inkişafa müsbət mənada təsir etmək qüdrəti aktual yer tutur. Heydər Əliyevin yaratdığı İnkişaf Konsepsiyası Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməyə imkan yaratmışdır. Eyni zamanda, həmin konsepsiya dövlətimizin növbəti inkişaf mərhələlərini müəyyən etməkdə motivəedici, istiqamətverici və məzmunlaşdırıcı rol oynamışdır. Bu gerçəkliyi Prezident İlham Əliyev siyasi varisliyə tam əməl etməsi ilə bağlı söylədiyi fikirlərdə ifadə etmişdir.

Yeni tarixi mərhələnin məzmunu, reallaşma üsulları və məqsədləri siyasi varisliyin təsdiqi və ciddi surətdə saxlanması ilə bağlıdır. Onların hər birində Heydər Əliyevin liderlik fəlsəfəsinin tərkib hissələri vardır. Ulu öndərin yüksək strateji zəkası yeni tarixi mərhələdə də Azərbacan Respublikasının zəfərlər əldə etməsində çox ciddi rol oynayacaqdır!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət