Yaxud Azərbaycana dərs keçmək istəyən “qanunpərəstlər”in menyusuna
Demokratların hakimiyyətdə olduğu dörd il ərzində Ağ ev Azərbaycanla əvvəlki ikitərəfli normal münasibətləri korlamaq üçün bütün mümkün üsullardan istifadə elədi. Bu üsulların böyük qismi diplomatik etiketdən və siyasi konyukturadan kənar idi.
Bu zaman dövriyyəyə Konqresdə və Senatda anti-Azərbaycan yönümlü bəyanat və qətnamələrin qəbulundan tutmuş, əl altından Ermənistana hərbi-texniki, maliyyə yardımlarının göstərilməsinə kimi məkrli addımları da gördük. Hərdən Bayden administrasiyasının ölkəmizin daxili işlərinə qarışmaq cəhdlərinə də şahidlik elədik.
Təbii sual yaranır: bəs, dörd il bundan əvvəl nə baş verdi ki, Vaşinqton Azərbaycana münasibətində bu cür radikal addımlar atmağa başladı? Dörd il əvvəl baş verənlər tarixi ədalətə, beynəlxalq hüquqa uyğun şəkildə Azərbaycanın haqqı çatan davasının nəticələrindən ibarətdir. Yəni, ölkəmiz 30 il torpaqlarımızı işğal altında saxlayan bədnam qonşulara qarşı 44 günlük müharibədə qalib gəldi, bir il sonra isə Qarabağı separatçılardan təmizlədi. Azərbaycanın Qərb qarşısında “günahı” bundan ibarətdir. Amma, əslində, Azərbaycan öz Zəfəri ilə işğal dönəmində başının altına yastıq qoyan, münaqişəni dondurmağa çalışan məkrli, ikiüzlü ermənipərəst, xaçpərəst “kollektiv Qərb”in günahdan daha böyük cinayətlətini yumuş oldu. Deməli, odunu söndürdüyümüz münaqişə ocağının indi külünü eşələyənlərin cavabını biz dörd il bundan əvvəl vermişik.
* * *
Vaşinqtondakı məşhur Ağ evi ilə vidalaşmalarına bir aydan bir qədər çox vaxtları qalmış demokratların son “nəğmələrini” eşidirk. ABŞ Dövlət katibi Antoni Blinken ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyət barədə özünün növbəti moizəsini bəyan edib. Onun cavabı operativ şəkildə verildi.
“Təəssüf ki, son 4 il ərzində Dövlət katibi Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə müdaxilə ilə məşğul olması səbəbindən sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan–ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir”.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadənin Antoni Blinkenin Azərbaycan əleyhinə bəyanatına dair şərhində daha sonra Ağ evin baş diplomatı tərəfindən ölkəmizdə insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış etməsi, ABŞ-ın bütövlükdə Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə düşməsi xüsusi vurğulanır.
XİN-in şərhi “ümidvarıq ki, yeni ABŞ Administrasiyası dövründə Azərbaycan və ABŞ arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq” nikbin sonluqla bitir.
Son vaxtlar təkcə ABŞ deyil, Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycanın ünvanına qarayaxma, ideoloji təxribat sayıla biləcək məkrli kampaniya daha geniş “vüsət” almaqdadır. Onların əllərində bayraq etdikləri “fakt” insan haqları, media azadlığı, seçki hüququnun pozulması, jurnalistlərin və hüquq müdafiəçilərinin həbsi kimi reallıqdan uzaq, uydurma tezislərdir. Dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə ABŞ Dövlət Departamentində “tanınmış” insan haqları müdafiəçilərinə mükafatlar təqdim olunub. Azərbaycana qarşı siyasi təzyiqlərin Ağ ev səviyyəsində koordinasiya edildiyini yaxşı bilirik. Bu qeyri-demokratik, ermənipərəst kampaniyanın başında şəxsən Dövlət katibinin dayandığına da şübhəmiz yoxdur. “Kollektiv Qərb”in, haypərəst səlibçi “çete”nin insan haqlarını bəhanə edib ölkəmizin üstünə yerimək cəhdləri aşkar görünməkdədir.
44 günlük müharibədən sonra regionda reallığı dəyişən Azərbaycanın regional və qlobal proseslərə fəal qoşulması, bu zaman təşəbbüsü ələ alması Aİ-də, ABŞ-da gərginlik yaradır. Onlar iki qitəni birləşdirən ölkə kimi Azərbaycanın artan nüfuzundan xeyli narahat olublar. Gündəmdəki Zəngəzur dəhlizi kimi perspektiv planı da üstünə gəlsək, “çete”nin ölkəmizə bunca radikal və ədalətsiz münasibətinin motivlərinin üzərinə işıq düşər. Bunlar, eləcə də digər amillər Qərbi hətta beynəlxalq hüquq və məntiqlə uzlaşmayan addımlar atmağa sövq edir.
* * *
Yeri gəlmişkən, ABŞ Dövlət katibinin köməkçisi, departamentin insan hüquqları üzrə nümayəndəsi Dafna Rand sadaladığımız məqamlara münasibətini açıqlayıb. O, aydın formada deyib ki, Vaşinqton Bakıya təzyiqləri artıracaq. Yəni, xanım Rand diplomatik dillə ifadə edib ki, Ağ ev özünün agentura şəbəkəsini siyasi-iqtisadi cəhətdən yemləməkdən heç vaxt əl çəkməyəcək. D.Rand, həmçinin ABŞ-ın Bakıdakı səfirliyinin “fəaliyyətindən” də danışıb.
Oxuculara xatırladaq ki, səfir Mark Libbi keçən həftə Azərbaycanda missiyasını başa vurduğu barədə açıqlama yaydı. Bunun səbəb kimi səhhətində yaranan problemi göstərdi. Fəqət səfirin siyasi səbəblərə görə Bakını tərk etdiyi ehtimalı da var. Deyəsən, Mark Libbi özünə aid olmayan “fəaliyyət müstəvisinə” baş vurub. Onu da yada salaq ki, cari ilin mayında Mark Libbi Şuşaya getməkdən imtina etdiyinə görə gündəmə gəlmişdi. Bununla bağlı suala “kimlərinsə şousunda iştirak etmək istəməməsi” ilə əlaqələndirmişdi. Səfirin Azərbaycan ictimaiyyətində hiddət doğuran sözlərinə Prezident İlham Əliyev elə Şuşadan cavab vermişdi: “Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya, onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır.”
XATIRLATMA: 2006-cı ilin aprelində ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnış də qəfil ölkəmizi tərk etmişdi. O vaxt Harnışın “persona non-qrata” elan edilmək təhlükəsindən yayınmaq üçün bu addımı atdığı deyilirdi. Çünki səfirin səlahiyyət müddətinin bitməsinə xeyli vaxt qalmışdı. R.Harnışın adı 2005-ci ilin payızında Azərbaycanda keçirilən parlament seçkiləri ərəfəsində baş verən olaylarda hallanmışdı. Azərbaycan hökuməti bu barədə məhz təkzibolunmaz sübutları Ağ evə təqdim etdikdən sonra Rino Harnışın Bakıdan getməsi qaçılmaz olmuşdu.
Mövzu ilə bağlı XQ-yə açıqlama verən siyasi icmalçı Tofiq Abbasov ABŞ siyasi sistemində ikipartiyalı idarəetmənin nisbi xarakter daşıdığına diqqəti yönəltdi: “Bu siyasi sistemin üstünlüyü mənasız üstünlükdür. Dərinə gedəndə bu iki partiyanın (Demokratlar və Respublikaçılar – red.) siyasi konyukturasında elə ciddi fərq yoxdur. Hazırda çamadan ovqatında olan demokrat Ağ evin Azərbaycana qarşı ikibaşlı, bəzən anlaşılmaz tezislərdən istifadə etməsinin səbəbləri maraqlıdır. Məsələ ondadır ki, bu partiyanın öndə gedən fəalları ultraqlobalistlərin sıralarında təmsil olunurlar. Onların da əsas məqsədi milli suverenitetlərə qarşı mübarizəni gücləndirməkdir. Cəmiyyətlərdə mənəvi aşınma yaratmaq, trans-qeyliyi təbliğ etmək, ən çirkin üsullarla gənclərin beyinlərini yumaq strateji hədəfləridir. Yəni, harada güclü iqtidar elitası, güclü liderlər varsa, silahlarını onlara tuşlayır, təbliğat maşınları qarayaxma, gözdənsalma kampaniyası aparır. Bunun üçün insan haqları mövzusunu daim gündəmə gətirirlər. Əslində, bu cür fəaliyyətlə insan haqları dəyərlərinin abrını tökürlər. Bir halda ki, ABŞ cəmiyyətində bu dəyərlərə üstünlük verilmir, vicdan azadlığı pozulur, irqi, dini zəmində qarşıdurmalar meydana çıxır, kollec və universitetlərdə silahlar işə düşür... Bəs insan haqlarına həssas yanaşma necə oldu? Belə məlum olur ki, daha çox xaricə müraciətlər, bəyanatlar ünvanlamaqla daxildəki qüsurlarını, paxırlarını ört-basdır etməyə, pərdələməyə çalışırlar.
Ümumiyyətlə, dünya təcrübəsində belə bir yanaşma var: əgər hansısa ölkə xarici siyasətində uğur qazanırsa, bunun kökləri daxildə gedən proseslərdən qaynaqlanır. ABŞ-da isə daxili uğurlar yoxdur. O cümlədən insan haqları kontekstində. Demokratiya adı altında dedikləri bu “məhsul”, heç də ixrac “məhsulu” deyil. Çünki, o, yolda xarab olur. Bu “məhsul” milli zəmində yetişməli və inkişaf etməlidir. Ultraqlobalistlərin qayəsi odur ki, yerli xalqların, toplumların milli ənənələrini param-parça etsinlər. Onlar bir şeyi unudurlar ki, Azərbaycan güclü dövlətrdir və özünün suverenlyini qoruyur, onun qayğısını çəkir. Bu isə onların ürəyincə olmayan bir presedent yaradır. Ona görə də Vaşinqtondan vaxtaşırı Azərbaycanı sıxışdırmaq, problem yaratmaq məqsədilə açıqlamalar, bəyanatlar səsləndirirlər. Bu baxımdan Ceyms O'Braynın məlum canfəşanlığını, Bakıya səfərini və burada layiqli cavabını almasını yada salmaq istərdim. İndi tutduqları həmin xətti davam etdirirlər. Bu isə onlara başucalığı gətirməyəcək. Azərbaycanı qınamaq, tənqid və təhdid etmək sizin yanaşmanızdır. Amma öz yolumuzu gedirik və bu yoldan bizi heç kim döndərə bilməz”.
* * *
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu artıq Bayden Administrasiyasının səlahiyyətlərini təhvil vermək üzrə olduğunu bildirdi: “Təxminən qırx gündən sonra Ağ evdə bu administrasiya olmayacaq. Yanvarın 20-də andiçmə mərasimi keçiriləcək Donald Tramp özünün yeni komandasını formalaşdıracaq. İndi bütün dövlətlər, o cümlədən Azərbaycan da Tramp Administrasiyası ilə əməkdaşlıq məsələlərinə hazırlaşmalıdırlar. Yeni Dövlət katibi, onun müşavirləri müvafiq ölkələrlə, eləcə də Azərbaycanla təmaslar quracaqlar. Bizim ümidimiz onadır ki, Tramp Administrasiyası Cənubi Qafqazla, Azərbaycanla əməkdaşlığa əhəmiyyət verəcək. Bir sıra istiqamətlər üzrə bu əməkdaşlıq var. Bunlar, əsasən, təhlükəsizlik və enerji sahələridir. Hesab edirəm ki, bu sahələr üzrə Ağ evin yeni komandası ilə dialoq imkanları hərəkətə gətiriləcək.
O ki qaldı, ömrü başa çatmaqda olan Bayden Administrasiyasının Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüslərinə, bunlar, geridə qalmış planlardır. Dövlət katibi Antoni Blinkenin iki ölkənin xarici işlər nazirləri ilə birgə üçtərəfli görüşün keçirilməsi təklifi də o cümlədən. Artıq buna ehtiyac duyulmur.
Əsas odur ki, Vaşinqtonla Bakı arasında ikitərəfli əməkdaşlıq var və bunu davam etdirmək lazımdır. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı dialoq mövcuddur. Bu müstəvidə tərəflərə kənar vasitəçilər, üçüncü tərəfin müdaxiləsi lazım deyil”.
Əgər rəsmi Vaşinqton sülh təşəbbüsləri adı altında Bakıya “insan haqları, siyasi məhbuslar” ritorikası ilə siyasi təzyiq göstərmək cəhdlərind`ən əl çəkməyibsə, bu, artıq Baydenin, onun baş diplomatı Blinkenin şəxsi problemidir. Uzağı ayyarımdan sonra onlar bu qayğılardan, eləcə də erməni diasporunun şantajlarından azad olacaqlar.
“Ermənistan və Azərbaycan arasında qarşılıqlı sülh danışıqları gedirsə, burada üçüncü ölkəyə ehtiyac yoxdur”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O, haqlı olaraq yersiz sülh təşəbbüsünə baş vuran üçüncü ölkənin bölgədə olmasının münasibətlərin normallaşmasına yanlız zərər yetirəcəyini vurğulayıb.
Qayıdaq ermənipərəst Qərbin Azərbaycanın daxili işlərinə qarışmaq üçün atdığı qeyri-hüquqi və mənəviyyatdan uzaq “demarşlarına”. Deyəsən, ABŞ-ın hələlik Dövlət katibi postunu tutan Antoni Blinkenin qərəzlə yüklənmiş məlum bəyanatı da axırıncı olacaq. Azərbaycan cəmiyyəti belə dezinformasiyalar artıq öyrəşib.
Cəmiyyətdə hökm sürən mənəvi ab-havanın sağlam saxlanması milli olduğu qədər də strateji məsələdir. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasındakı nitqində iki məsələyə xüsusi diqqət ayırması heç də təsadüfi deyildi. Birinci məsələ hərbi sənaye kompleksimizin daha sürətlə inkişaf etdirilməsi, ikinci isə gənc nəslin təlim-tərbiyəsinin vacibliyi ilə bağlı idi.
“Bu məsələdə cəmiyyət daim diqqətli olmalıdır. Mən Xankəndidə də bunu dedim: Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu, əsasdır. Təbii ki, cəmiyyət, cəmiyyətdə hökm sürən ümumi ab-hava, necə deyərlər, iqlim - bütün bunlar gənc nəslin şüuruna, gələcəyinə ciddi təsir göstərir. Ona görə bu məsələ daim diqqət mərkəzində olmalıdır. Əminəm ki, belə də olacaq”.
Beləliklə, Vaşinqton üçün itirilmiş 4 il başa çatmaq üzrədir. Ümid edirik ki, Donald Tramp sələflərinin buraxdığı səhvləri təkrarlamayacaq və Azərbaycanla əvvəlki kimi, bərabərhüquqlu partnyorluq, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin bərpasına çalışacaq.
İmran BƏDİRXANLI
XQ