İki məlumatdan doğan mesaj

post-img

Yaxud Moskva bununla İrəvana nəyi çatdırır?

Deyəsən, Ermənistanın baş naziri Nikol Paşinyanın saqqalını qırxdırmasının əsl səbəbi üzə çıxır. Əslində, bununla bağlı yerli ekspertlərin də ehtimalları var idi. Nəzərə alaq ki, Nikolun 2018-ci ildən bəri ilk dəfə üzünü “təmizləməsi” ilə onun hökumətindəki nazirlərin ard-arda istefaya getmələri, eyni zamanda, komandasındakı ayrı-ayrı deputatların mandatlarından imtina etmələri heç də təsadüfi sayıla bilməzdi. Deməli, Paşinyan, sadəcə, təraş olunmaq qərarına gəlməmişdi. Bəs əsl səbəb nədir? Yazımızda bu barədə söz açacağıq. Amma təkcə bu barədə yox...

Deməli belə. ABŞ Ermənistanda Qərbyönümlü partiyaların 2026-cı ildə keçiriləcək parlamet seçkilərində Milli Assambleyada təmsilçiliyini təmin etmək üçün siyasi təşviqata başlayıb. Yəni, sözügedən qüvvələrin reklam olunmasına. Əslində, bu gedişat gözlənilən idi. Çünki 2018-ci il inqilabı nəticəsində formalaşmış vəziyyət sürüşkəndir. Hər an Qərb maraqlarının təhlükə altına düşmə riski var və son dörd ildə Ermənistanda yaşanan proseslər bunu təsdiqləməkdədir.

Belə nəticəyə gəlmək mümkündür ki, Birləşmiş Ştatlar başda olmaqla, kollektiv Qərb Paşinyan iqtidarına loyal münasibətdə olacaq siyasi ortam formalaşdırmalıdır. Axı hazırda Ermənistan parlamentində daşnaklar və Rusiyayönümlü qüvvələr var və onların ictimai rəyə təsirləri saxlanılmaqdadır. Ölkədə artan sosial narazılıqlar fonunda bu təsirlərin hakimiyyəti devirmə potensialı da aktuallaşa bilər. Deməli, vəziyyəti tam şəkildə nəzarətə götürmək şərtdir. Rusiyadan söz düşmüşkən, ABŞ-nin Ermənistanda 2026-cı il seçkiləri ilə bağlı fəaliyyətə start verməsinə dair xəbəri TASS Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosuna istinadən yayıb. Özü də bu, noyabr ayı ərzində mövzu ilə əlaqədar artıq ikinci məlumatdır.

Məlumatda bildirilib ki, Vaşinqton Ermənistandakı hakimiyyəti “kifayət qədər etibarlı hesab etmir və siyasi mənzərəni Aram Sarkisyanın “Respublika” və Arman Babacanyanın “Respublika adına” partiyalarının əhəmiyyətini artırmaqla gücləndirməyi planlaşdırır. Həmçinin Tiqran Xzmalyanın “Avropa Ermənistan Partiyası” və Levon Şirinyanın “Xristian Demokrat Partiyası” üzərinə siyasi sərmayə yatırmaq nəzərdə tutulur.

Qeyd edək ki, bir çox siyasi ekspertlər Gürcüstanda keçirilmiş parlament seçkilərində hakim “Gürcü arzusu” partiyasının qələbəsini Qərbin Rusiya qarşısında məğlubiyyəti kimi dəyərləndirdilər və onlar seçkinin nəticələrinin Ermənistana təsir göstərəcəyini proqnozlaşdırdılar. Bildirildi ki, əgər seçkidə Qərb uğur qazanmış olsaydı, bu, erməni iqtidarı üçün də əlverişli durum formalaşdıracaqdı. Əks nəticə fonunda isə Paşinyan hakimiyyəti, faktiki olaraq, təklənib. Yəni bir yanda öz yolu olan və daim Qərblə konfrantasiya mühitini qoruyaraq müstəqil siyasi xətt yürüdən Azərbaycan və demək olar, onunla eyni kursu bölüşən Gürcüstan, digər yanda Qərbin peykinə çevrilmiş Ermənistan. Görünür, bu vəziyyət də ABŞ-ni narahat edir. 2018-ci il inqilabının nəticələrinin sıradan çıxma riski barədə düşünmək bundan qaynaqlanır. Rusiyanın xarici kəşfiyyat idarəsinin məlumatı isə Birləşmiş Ştatların mövcud riski nəzərə aldığını söyləməyə əsas verir. Məlumatdan aydın olur ki, qonşu Gürcüstanın nümunəsinin təkrarlanmaması üçün Ermənistandakı “demokratiyanın barışmaz tərəfdarlarına” ölkənin icra hakimiyyətinin, yəni iqtidarının qorunması naminə birləşmək tapşırığı verilib.

Bəli, Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-nin məqsədini “Ermənistanı tamamilə tabe etmək” adlandırıb. Eyni zamanda, Rusiya kəşfiyyatçıları hesab edirlər ki, Birləşmiş Ştatların Dövlət Departamenti Ermənistanın Qərb dövlətləri ilə yaxınlaşma kursunun hazırkı amplitudasının dönməzliyinə şübhə ilə yanaşır. Ona görə də rəsmi İrəvanı “Rubikondan keçərək” körpüləri yandırmağa, onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və Avrasiya İqtisadi İttifaqı kimi Rusiyanın hakim rol oynadığı qurumlardan tam ayrılmasını təmin etməyə çalışır.

Qeyd edək ki, Qərbin Cənubi Qafqazdakı vəziyyətə zərərli müdaxiləsi haqqında Rusiyanın Xarici Kəşfiyyat Xidməti ilə eyni vaxtda ölkənin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB Təhlükəsizlik Katiblərinin görüşündə də söz açmışdı. Görünür, Ermənistanın Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan onu eşitmək istəməmişdi. Eşitmək istəməmişdi ki, sözügedən görüşdə iştirakı deyil, Vilnüsdə keçirilən demokratik foruma getməyi üstün tutmuşdu. Üstəlik, bu günlərdə MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 20-ci iclası da gerçəkləşib ki, Ermənistan Xarici Kəşfiyyat Xidmətinin direktoru Kristine Qriqoryan “təcili iş məsələlərinə görə” tədbirdən yayınıb. Yəqin, erməni rəsmilərinin belə davranışı səbəbindəndir ki, Rusiya Xarici Kəşfiyyat Xidməti, necə deyərlər, açıb sandığı, töküb pambığı. Yəqin, razılaşarsınız ki, bir qayda olaraq, bu tipli məlumatlar ictimaiyyətə ötürülmür. Hərçənd, hesab etmirik ki, rus kəşfiyyatı mövzu xüsusundakı bütün bilgiləri paylaşıb.

Bir neçə suala cavab verilməlidir. Birincisi, nə üçün Rusiya Xarici Kəşfiyyat Xidməti Paşinyanı ABŞ-nin anti-Rusiya aləti kimi yox, Birləşmiş Ştatların təzyiq obyekti olaraq təqdim edib? Heç şübhəsiz, Rusiya kəşfiyyatında bütün Ermənistanın və dünyanın Nikol haqqında nə bildiyini təsəvvürə gətirməyən sadəlövh adamlar çalışmırlar. Belədə maraqlı nüans yaranır. Sanki Moskva Paşinyana inanmasa da, amma yenə ümidini üzmür və çox güman, onunla hansısa sövdələşmə aparmağa cəhd göstərir. Bütün bilgiləri bu səbəbdən açıqlamır. Nəzərə alaq ki, adlarını çəkdiklərimiz partiyalar və onların rəhbərləri siyasi klounluqdan o tərəfə keçmirlər və belələri ilə Ermənistan parlamentində qüvvələr nisbətini gücləndirmək çətin məsələdir.

Ancaq N.Paşinyanın indidən ciddi şəkildə 2026-cı il parlament seçkilərinə kökləndiyini söyləmək mümkündür. Yuxarıda da bir sıra ekspertlərin, belə demək mümkünsə, saqqal məsələsinə görə bunu proqnozlaşdırdıqlarını vurğuladıq. Üstəlik, “kadr soyqırımı” adlandırılan məsələni də həmçinin. Onu da nəzərə alaq ki, Nikolun “Vətəndaş sazişi” partiyasının reytinqi aşağı düşüb. Qurumun hazırkı resursları ilə seçkiyə getmək faciədir. Erməni iqtidarı durumu düzəltməyə, rəhbərliyin daha çox konsolidasiyasını təmin etməyə çalışır. Digər yandan, Paşinyan saqqalını qırxdırmaqla, rəqiblərinə dəyişilmiş Nikolla mübarizə aparılacağının mesajını verir. Bu mesaj, eyni zamanda, cəmiyyətədir. 2026-cı ilə qədər hakimiyyəti saxlamaq yolunda yarana biləcək ciddi təhlükələrə qarşı sipər formalaşdırılmalıdır. Rusiya kəşfiyyatının noyabr ayı ərzində yaydığı iki məlumat isə bütün bunların reallaşmasına Birləşmiş Ştatların ciddi şəkildə qol çırmayacağını, yaxud artıq indidən çırmadığını söyləməyə əsas verir. Çox güman ki, rusların yaydıqları məlumatlarla verdikləri konkret mesaj var.

Mesaj nədən ibarətdir? Ümumən, Ermənistanın arxasında dayanan Fransada, həmçinin Avropa İttifaqında, o cümlədən ABŞ-də aydın görürlər ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər, vəziyyət günü-gündən pisləşir, Rusiya irəliləyir. Mövcud durumda onların Moskvanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmağa girişmələri mümkündür. Bunu Rusiyanın qüvvəsini bölmək üçün edə bilərlər. Böyük ehtimalla Moskvada bundan xəbərdardırlar. O da tam mümkündür ki, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin məlumat yayması bundan irəli gəlir. Yəni təxminən “hər şeyi bilirik” mesajı əsl məsələyə fərqli tərzdə yanaşaraq verilir. Nəzərə alaq ki, hazırda Ermənistanda yeni müharibə avantürası baş qaldırıb. Guya ki, Azərbaycan ölkəyə qarşı hücuma keçəcək. Üstəlik, Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan Ordusunun, hərbi hissələrinin dislokasiyası, potenaial imkanları barədə kəşfiyyat məlumatları toplayaraq İrəvana ötürməsi kimi hallar da var.

Ə.RÜSTƏMOV
XQ

Siyasət