Gürcüstan: Hakimiyyət Qərbin təzyiqlərini qəbul etmir

post-img

“Biz 2028-ci ilin sonuna qədər Avropa İttifaqı (Aİ) ilə danışıqlara başlamaq məsələsini gündəmə gətirməmək qərarına gəlmişik. Həmçinin, həmin ilin sonuna kimi Aİ-nin istənilən büdcə qrantlarından imtina edirik. Avropaya inteqrasiya üçün maliyyəni Aİ-nin bizə sədəqə kimi təqdim etməsi qəbuledilməzdir”. Bunu noyabrın 28-də Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Hökumət başçısının açıqlaması müxalifətin narazılığı ilə qarşılanıb. İnsanlar Tbilisi, Kutaisi və Batumi küçələrinə axışıb. Paytaxtda mitinq iştirakçıları əvvəlcə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının ofisi yaxınlığında toplaşıblar. Daha sonra etirazçılar Rustaveli prospektindən parlament binasına doğru yürüş ediblər. Aksiyada ölkə Prezidenti Salome Zurabişvili də iştirak edib. O, Avropaya inteqrasiya tərəfdarlarına müraciət edərək deyib: “Bu gün bu problemlə üz-üzəyik, ya birlikdəyik, ya da olmayacağıq. Mən bu xalqla bir yerdəyəm. Yeni (parlament) seçkilər keçirilənə qədər bitməyəcək müqavimət başlayır".

Parlament yaxınlığında mitinq isə sakit keçməyib. TASS-ın məlumatına görə, Rustaveli prospektində mitinq iştirakçıları ilə polis arasında toqquşmalar gecə boyu davam edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edərək səhərə qədər aksiyaçıları ərazidən tamamilə qovublar.

Etirazçıların qanunsuz və zorakı hərəkətləri nəticəsində Gürcüstan Daxili İşlər Nazirliyinin 32 əməkdaşı xəsarət alıb. Bu barədə nazirliyin saytında yerləşdirilən məlumatda deyilir: “Etirazçılar polisə şüşə butulkalar, daşlar, dəmir əşyalar və pirotexniki vasitələr atıblar. Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları bu zorakılıq hərəkətlərinin qarşısını almaq üçün qanunla icazə verilən xüsusi vasitələrdən istifadə etməli olublar”.

DİN etirazçıları təkrar təxribatlar, şifahi təhqirlər və fiziki müqavimət göstərməkdə də ittiham edib. Bildirib ki, aksiya iştirakçıları şəhər infrastrukturuna və özəl mülkiyyətə, müşahidə kameralarına ziyan vurublar. 43 nəfər saxlanılıb. Hazırda Cinayət Məcəlləsinin maddələri ilə istintaq aparılır. Son hadisələrlə bağlı Gürcüstan parlamentində təhlükəsizlik səviyyəsi “qırmızı”ya qaldırılıb.

Etiraz aksiyasına münasibət bildirən “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze deyib: “2030-cu ildə Aİ-nin tamhüquqlu üzvü olmağa hazırıq. Biz danışıqlara da hazırıq, amma şantaj yolu ilə deyil”.

O, həmçinin hamının hökumətin qərarlarına, gürcü mədəniyyətinə və ənənələrinə hörmət etməli olduğunu vurğulayıb: “Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik”.

Qeyd edək ki, hökumətin Avropaya inteqrasiyanı dayandırmaq qərarından əvvəl Avropa Parlamenti Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini tanımayan qətnaməni təsdiqləyib.

Bu arada Salome Zurabişvilinin müxalifət tərəfinə keçməsi, parlament seçkilərinin nəticələrinə qarşı çıxması iqtidarı qarşıdakı prezident seçkilərində loyal namizəd axtarışına məcbur edib. Mixail Kavelaşvili hakim “Gürcü arzusu” partiyasından prezidentliyə namizəd göstərilib. Partiyanın fəxri sədri Bidzina İvanişvili bildirib: “Gürcü arzusu” partiyasının siyasi şurasının qərarına əsasən, Mixail Kavelaşvilinin Gürcüstan Prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb. Kavelaşvilinin ictimaiyyətə xüsusi təqdimatına ehtiyac yoxdur. O, uzun illər Gürcüstanın şərəfini bir idmançı kimi qoruyub. Bir çox ölkələrin çempionu olub”.

İvanişvili qeyd edib ki, siyasi fəaliyyətə başlamazdan əvvəl Mixail Kavelaşvili həmişə ölkə üçün vacib olan məsələlərdə öz prinsipial mövqeyini qətiyyətlə ifadə edib: “Son 8 ildə Kavelaşvili uğurlu siyasi fəaliyyətlə məşğul olub, xüsusən də son bir neçə ildə Gürcüstanın milli maraqlarının qorunmasına və ölkənin suverenliyinin möhkəmlənməsinə böyük töhfə verib. Dürüstlük, ədalət, vətənpərvərlik və prinsiplərə sadiqlik Kavelaşvilidə seçilən keyfiyyətlərdir”.

Gürcüstan prezidenti postuna Mixail Kavelaşvilinin namizədliyinin irəli sürülməsinə rusiyalı politoloq Nikolay Silayev də münasibət bildirib. Onun sözlərinə görə, 2017-ci ildə Zurabişvilinin prezidentliyə namizədliyinin irəli sürülməsi “Gürcü arzusu”nun böyük kadr səhvlərindən biri idi: “Salome Zurabişvili nəinki iqtidara qarşı çıxır, həm də müxalifəti fəal şəkildə müdafiə edir. O, prezident seçkilərində özünün müxalifətdə olduğu şəxslərin tərəfinə keçib. Bu səbəbdən hakim partiya bir daha belə səhvlərə yol vermək fikrində deyil.

Düşünürəm ki, yeni seçiləcək prezidentdən (Mixail Kavelaşvilidən) “Gürcü arzusu”nun əsas gözləntisi onun partiya tərəfindən idarə olunması və proqnozlaşdırıla bilməsidir”.

Məlumat üçün bildirək ki, Kavelaşvili 22 iyul 1971-ci ildə Bolnisidə anadan olub. Tbilisi Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib. 1990-cı ildən uğurlu idman karyerası başlayıb. 1988-ci ildən 1995-ci ilə qədər Tbilisi “Dinamo”sunda oynayıb, sonra Vladiqafqazın “Alaniya” klubuna keçib, “Mançester Siti”, “Qraşofer” və bir sıra digər Avropa klublarında oynayıb. Kavelaşvili peşəkar məşqçilik fəaliyyəti ilə məşğul olmaq üçün UEFA lisenziyasına malikdir və futbol sahəsində mütəxəssisdir.

Futbol üzrə Gürcüstan milli komandasının keçmiş hücumçusu son 3 çağırış Gürcüstan parlamentinin deputatı seçilib. O, 2022-ci ilin iyununda, bir neçə deputatla birlikdə “Gürcü arzusu”ndan ayrılaraq 2024-cü ildə müstəqil partiyaya çevrilən “Xalqın gücü” siyasi hərəkatını təsis edib. “Xalqın gücü” partiyası “Gürcü arzusu”nun tərəfdaşıdır.

Hazırkı XI çağırış parlamentə “Xalqın gücü”nün nümayəndələri “Gürcü arzusu”nun partiya siyahısı ilə daxil olublar. Son seçkilərin nəticələrinə görə, hakim partiya parlamentdəki 150 yerdən 89-nu əldə edib. Gürcüstanda prezident seçkiləri dekabrın 14-də, andiçmə mərasimi isə dekabrın 29-da keçiriləcək.

P.ƏFƏNDİYEV
XQ



Siyasət