Bələdiyyə seçkiləri: Namizədlərin irəli sürülməsinə başlanır

post-img

Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib. Artıq bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayıb.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Qeyd edilib ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayır. Seçki Məcəlləsinin 214.1, 214.4, 214.5-ci maddələrinə əsasən, seçki dairəsinin ərazisində daimi yaşayan, seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları bələdiyyə seçkilərində namizəd qismində iştirak edə bilərlər.

Seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları irəli sürə bilərlər. Bu, Seçki Məcəlləsinin 53 və 54-cü maddələri ilə tənzimlənir. Həmin maddələrə görə, seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz.

Seçki komissiyası namizədin təsdiq olunması barədə qərar qəbul etdikdə, həmin qərarı və seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini namizədə, onun səlahiyyətli nümayəndəsinə siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. İmza vərəqələrini götürən səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoymalıdır.

PÜNHAN
XQ

Son xəbərlər