Laçında bu gün başıuca, alnıaçıq və qürurla gəzirik

post-img

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun döyüş meydanında parlaq qələbəsinin yekunu olaraq Ermənistan ağ bayraq qaldırdı. Ali Baş Komandanın qətiyyəti, Silahlı Qüvvələrimizin peşəkarlığı düşməni təslimçilik sənədinə imza atmağa məcbur etdi. Mifləşdirilmiş düşmən ordusunun qalıqlarının komandanının rüsvayçı sənədə imza atmaqdan başqa çıxış yolu qalmadı. Ermənistanın rəsmi təslim olmasının yekun sənədi olan Üçtərəfli Bəyannaməyə əsasən Ağdam, Kəlbəcər və Laçın müharibəsiz bizə qaytarılıdı. Düşmənə döyüş meydanında dərs keçən Prezident İlham Əliyev diplomatik masadan da mütləq qalib kimi ayrılaraq xalqımıza tarixi zəfər yaşatdı. 

Bölgədə sülhün, sabitliyin təmin olunması istiqamətində fəal siyasət yürüdən Azərbaycan dövləti Ermənistana həm də onu sübut etdi ki, heç bir qüvvə milli qürurumuza toxuna bilməz. Bu baxımdan qələbəmizlə bitən 44 günlük savaş xalqımız üçün həm də şərəf məsələsi idi. Məhz İkinci Qarabağ müharibəsi Ermənistanın dövlət kimi yox olması ilə nəticələnəcəkdi. Xalqımızın humanistliyi, Azərbaycan liderinin böyüklüyü Ermənistanın xilasına çevrildi. Üçtərəfli Bəyannamə gerçəkdən bunun sübutu kimi həm də qələbəmizin möhürü oldu. Ağdam, Kəlbəcərdən sonra qədim şəhərimiz Laçın da işğalçı ölkə tərəfindən Azərbaycana qaytarıldı. Laçın dəhlizi erməni qəsbkarlarından təmizləndi. 

1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Laçın böyük strateji əhəmiyyətə malik idi. Laçının işğalı sözün bütün mənasında xalqımıza faciə yaşatdı. Bununla Ermənistanla Dağlıq Qarabağ arasında yol bağlantısı yarandı və qəsbkarlar Azərbaycanın siyasi böhran yaşadığı bir vaxtda işğal etdikləri Laçından heç vaxt çıxmayacaqlarını bəyan etməyə başladılar. 

Sülh danışıqlarında Ermənistan çalışırdı ki, 60 min əhalisini doğma yurdundan didərgin saldığı bütün Laçın rayonu onlara dəhliz kimi verilsin və bu istiqamətdə bəzi Qərb dairələri işğalçı ölkəyə açıq dəstək nümayiş etdirirdilər.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu dəstək Ermənistanın mövqeyini daha barışmaz edirdi və tamamilə azğınlaşdırırdı. Bunun nəticəsi kimi işğalçı ölkə qanunsuz olaraq Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparırdı.  Butün bunlara rəğmən Azərbaycan liderinin fikri qəti idi və bütün sülh danışıqlarında birmənalı şəkildə qeyd edirdi ki, ölkəmiz bu işğalla heç vaxt barışmayacaq. Beləliklə, təmas xəttində Ermənistanın yeni təxribatlarına cavab haqqımız bu dəfə Vətən müharibəsi ilə nəticələndi. Prezident İlham Əliyevin Komandanlığı altında xalqımız tarixi qələbənin sevincini yaşadı. 30 il işğal altında olan torpaqlarımız azad olundu. 

Sülh danışıqlarında Laçının qaytarılmasının müzakirə mövzusu belə olmadığını iddia edən işğalçı ölkə ordusunun qalıqları Azərbaycan liderinin “Dəmir yumruğ” nun zərbəsi altında təslim olaraq, miskin bir durumda tarixi şəhərimizi başıaşağı tərk etdərək onu əsl sahibinə qaytardılar. Təkcə bu səhnəni görmək, bu tarixi xoşbəxtliyi yaşamaq olduqca qürurverici idi. Biz Qarabağa, Şərqi Zəngəzura, işğal altında olan bütün ərazilərə qayıtdıq.

Münaqişədən sonra düşmənin barbarlığına məruz qalmış ərazilərimizdə indi yeni inkişaf dövrü başlayıb. Azərbaycan dövlətinin təkcə Laçında gördüyü quruculuq işləri heyrət doğurur. İşğal donəmində digər yaşayış məskənlərimiz kimi Laçın da istismar olunaraq dağıdılıb. Bundan başqa tariximiz sübutu olan dini, mədəni irsimiz tamamilə məhv olunub. 

Qeyd olunanlarla yanaşı təkcə Laçının  boşaldılması ərəfəsində ərazisində 1400-dən Ermənistan istehsalı olan mina basdırılıb. Dəhşətli statistikaya görə, müharibədən sonra 240-dan çox vətəndaşımız mina terrorunun qurbanına çevrilib. Amma bütün bunlara baxmayaraq qüdrətli Azərbaycan dövləti Laçını quruculuq meydanına çevirib, ən müasir standartlara uyğun yeni yollar çəkilir, mənzillər, iaşə müəssisələri istifadəyə verilir. Artıq  Qayıdış proqramına uyğun olaraq Laçına böyük köç başlayıb və bu proses uğurla davam edir. 
Bir zaman ümidsiz vəziyyətdə həsrətlə baxdığımız, göylərində uçmağa, su kimi torpağında sürünməyə can atdığımız Laçında bu gün başıuca, qürurla, ləyaqətlə gəzirik. Bura bizim yurdumuzdur. Əcdadlarımız bu torpaqda yaşayıb və bu gün Prezident İlham Əliyevin diplomatik qüdrəti  ilə qansız-qadasız  azad olunan Laçında- tarixi torpağımızda yenidən məskunlaşmışıq. 

Biz Laçındayıq! 

Laçın yüksəkliklərində dalğalanan Azərbaycan bayrağını görmək necə də zövq verir. 

Təşəkkürlər, cənab Prezident! 

Zəfər yaşatdığınız xalq heç vaxt bu fövqəl qəhrəmanlığınızı unutmayacaq!

Rəşad Mahmudov,
Milli Məclisin deputatı



Siyasət