Yaxud həyasızlıqda kulminasiya məqamı
Uzun illər əvvəl Azərbaycanda bir qəzet fəaliyyət göstərmişdi. Bu nəşr media azadlığını yanlış anlamış, söyüşlərə, təhqirlərə və digər vulqar ifadələrə üstünlük vermişdi. Daha doğrusu, orada çalışanlar belə yaramazlıqların əksini tapdığı müxtəlif janrlı yazılar, əsasən, hekayələr qələmə almışdılar. Dəfələrlə onlara seçdikləri yolun, yumşaq desək, düzgün olmadığı bildirilsə də, nəticə verməmişdi. Amma günlərin birində durum dəyişdi. Necə dəyişdi, bunu yazımızın son abzasında biləcəksiniz.
Hələlik isə qeyd edək ki, o zaman bir neçə qolu zorlu şəxs qəzetin redaksiyasına daxil olmuş, qapını arxadan bağlamış və nəşrin əməkdaşlarını möhkəm təhqir etmişdi. Heç şübhəsiz, gələnlər başqa cür də davrana bilərdilər. Ancaq onlar söyüşləri müəlliflərinə qaytarmaqla kifayətlənmiş, bildirmişdilər ki, qəzetdə bu kimi hallar təkrarlanacağı təqdirdə, yenidən qayıdacaqlar və…
Maraqlıdır ki, sözügedən nəşrin əməkdaşları təhqir olunmalarından şikayət etmiş, giley-güzarlarını bildirmiş, hətta durumu söz və ifadə azadlığına basqı kontekstində də dəyərləndirməyə cəhd göstərmişdilər. İndi Fransanın tutduğu yol, təxminən, həmin qəzetlə bağlı durumu xatırladır. Yəni, ölkə şikayət edir. Necə deyərlər, utanmasan, oynamağa nə var...
Kəsəsi, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ölkənin Avropa və Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə məlumat dövləq qurumunun yaydığı press-relizdə əksini tapıb. Yəqin, çağrılmanın səbəbini təxmin etdiniz. Məsələ ilə bağlı bir sıra məqamların üzərində dayanacağıq. Bəri başdan deyək ki, Parisin diplomatik həmlə cəhdinin yalnız bir adı var – həyasızlıq.
Deməli, L.Abdullayevanın Fransanın Avropa və Xarici İşlər Nazirliyinə çağırılmasının səbəbi Bakıda keçirilmiş COP29 çərçivəsində bu ölkəyə ünvanlanmış “qəbuledilməz bəyanatlar”dır. Nazirlik açıqlamasında bir qədər də irəli gedərək “avropalılar” ifadəsini işlədib. Guya, COP29-da “Köhnə dünya”nın sakinlərinə qarşı hörmətsizlik olub. Sən demə, buna görə Fransanın yaşıl keçid, enerji və iqlim naziri Agnes Pannier-Runacher COP29-da iştirakını ləğv etmək məcburiyyətində qalıb.
Göründüyü kimi, Fransanın xarici siyasət idarəsi aşkar təxribatla məşğuldur. Axı COP29-da Avropanın sadə vətəndaşlarına toxunan heç bir fikir işlədilməyib. Görəsən, bunu kim uydurub? Qəti fikir bildirmək çətindir. Ancaq aydındır ki, qurumun yaydığı press-relizdə məhz “avropalılar” ifadəsinin işlədilməsi çox qəribədir. Görünür, nazirlik məsələni böyütmək, öz davranışına, belə demək mümkünsə, müqəddəslik obrazı qazandırmaq istəyir. Guya, Fransa, bütövlükdə, qitə sakinlərinin təəssübünü çəkirmiş.
Fransanın Avropanın ictimai rəyində anti-Azərbaycan ovqatı yaratmağa çalışdığı göz önündədir. Təbii ki, ölkə yaramaz fəaliyyəti ilə bütövlükdə “Köhnə dünya”nın nüfuzuna kölgə salır. Çünki düşüncələrdə formalaşmış baxışa görə Fransa dedikdə Avropa yada düşür. Amma rəsmi Parisi məsələ qətiyyən maraqlandırmır. Prezident Emmanuel Makron administrasiyası hansısa təfsilatı düşünməyəcək qədər rəzil və miskin durumdadır. Makron və komandasının üzvləri üçün yalnız öz ambisiyalarını düşünmək amalı var. Onlar daxili idarəçilikdəki səriştəsizliklərini xarici müstəvidə “aktivlik” göstərməklə malalamaq fikrindədirlər. Hədəfləri isə Azərbaycandır.
Qeyd edək ki, COP29-da Fransa əleyhinə işlədilmiş fikirlər tam əsaslıdır, ən başlıcası mövzuya uyğundur. Çünki ölkənin müstəmləkəçilik siyasəti nəticəsində ətraf mühitə ciddi ziyan gəlir və bu amil bəşəriyyəti düşündürməlidir. Özü də son dərəcə ciddi şəkildə. Belə fikirlər toplantıya qatılmış fransız rəsmilərin xoşuna gəlməyibsə, heç gəlməsin. Onların deməyə sözləri olmadığından, aradan çıxıblar. Arqumentləri var idisə, buyurub deyərdilər, fikirlərini bildirər, ittihamların əskini sübuta yetirərdilər. Şübhəsiz, bunu bacarmazdılar, çünki ortada reallıq var. Reallıq isə budur ki, Fransa neokolonializmi nəinki insanların həyatını dözülməz hala salır, eyni zamanda, ekologiyaya da sağalmaz yaralar vurur.
Səfirimizin Fransanın Avropa və Xarici İşlər Nazirliyinə çağırılması, eyni zamanda, ona görə həyasızlıqdır ki, ölkədən Azərbaycana qarşı ünvanlanmış hədyanların ard-arası kəsilmir. Fransız rəsmilər, senatorlar, rəsmi Parisə bağlı ekspert və mütəxəssislər, politoloqlar, həmçinin media orqanlarının təmsilçiləri əllərinə düşən hər fürsətdə bizi hədəfə alır, Ermənistana dəstək üçün hər cür “metodlardan” yararlanırlar. Azərbaycan bu sayaq hallara münasibətdə təmkinlə yanaşdığı halda, Makron administrasiyası qəzəbə köklənib.
Əslində, Fransa hakimiyyətini narahat edən daha böyük məqam var. Məsələ ondadır ki, COP29 fransız neokolonializminin ifşası platforması oldu. Bütün dünya tədbirin sayəsində ölkənin ətraf mühitə və ekologiyaya mənfi təsir göstərən hərəkətləri, ümumən, mövzuya dair faktlarla tanış oldu. Məsələn, noyabrın 13-də COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) sammiti keçirildi. Sammitdə çıxış edən Prezident İlham Əliyev bildirdi: “1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın “dəniz əraziləri”ndə törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır”.
BMT-nin Baş katibi Antonio Quterreş isə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiyini, iqlim dəyişmələrinin, artan qiymətlərin, COVID-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğunu, onların hökumətlərinin çətin vəziyyətdə olduqlarını vurğulayaraq dedi: “Siz – kiçik ada dövlətləri nümayiş etdirirsiniz ki, iqlim ambisiyaları özünü necə büruzə verir. Siz cavab tədbirlərini görən ilk tərəfsiniz. Dünya sizi dəstəkləməli, ilk növbədə, temperatur artımının 1,5 dərəcədə saxlanılması üçün yorulmadan çalışmalıdır. Bu, o deməkdir ki, 2030-cu ilə qədər qlobal atılmalar illik əsasla 9 faiz azalacaq. Həmçinin ənənəvi yanacaqdan istifadə sürətlə və ədalətli şəkildə azalacaq, COP28-in nəticəsi təmin ediləcək. Bu, həmçinin o deməkdir ki, hər ölkə 1,5 dərəcəyə uyğun olması üçün COP30-a qədər yeni, iqtisadiyyatı əhatə edən milli iqlim fəaliyyəti planlarını və ya Milli səviyyədə müəyyən olunmuş töhfələr sənədini təqdim edəcək”.
Bəli, qətiyyətlə bildirmək olar ki, diqqətə çatdırdığımız fikirlər, o cümlədən, COP29 çərçivəsində səslənmiş bir sıra başqa təşəbbüslər Fransanı təşvişə salıb. Ölkə özünün müstəmləkə siyasətinin iflasa uğrayacağından əndişələnməyə başlayıb və öz aləmində qabaqlayıcı tədbirlər görməyə girişib. Ən faciəli durum isə rəsmi Parisin COP29 çərçivəsində səslənmiş obyektiv fikirləri və faktları qiymətləndirib nəticə çıxarmaq istəməməsi, məsələni sırf düşmənçilik kimi qiymətləndirməsidir. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin press-relizində beləcə də yazılıb: “Azərbaycanın düşmənçilik hərəkətləri dayandırılmalıdır”.
Göründüyü kimi, Fransanın xarici siyasətinə cavabdeh olan dövlət qurumunun, ümumən rəsmi Parisin baxış bucağı çox dardır. Ölkənin idarəçilik industriyası özünü hər şeydə düşmənçilik görməyə kökləyib. Çünki yanaşma və təfəkkür tərzlərində problem var. Problem eyni zamanda, ondadır ki, Fransanın Azərbaycana münasibəti düşmənçilik üzərində qurulub. Qatı ermənipərəstliyin timsalında nahaqqı haqdan üstün tutmağın başqa adı yoxdur.
Bəli, Fransanın Azərbaycandan şikayətlənməsi gülüncdür. Həm də o səbəbdən ki, ölkə layiq olduğu münasibəti görür. Yeri gəlmişkən, əvvəldə haqqında danışdığımız söyüş tirajlayan qəzet fəaliyyətini tez bir zamanda dayandırmışdı. Görünür, qolu zorluların nəşri yeni söyüşlərə “qonaq etmələrindən” qorxmuşdu. Yaxşı olar ki, rəsmi Paris də Azərbaycana qarşı hədyanlarına son qoysun, öz keçmişindəki ləkəni təmizləməyə çalışsın.
Ə.CAHANGİROĞLU
XQ