Azərbaycan hökuməti Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə (Haaqada yerləşən) Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini təqdim edib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, bu iddia sənədi, 2023-cü il fevralın 27-də Azərbaycanın Ermənistana Arbitraj haqqında Bildiriş göndərdiyi zaman başlamış beynəlxalq məhkəmə prosesi çərçivəsində son inkişafdır. Arbitraj məhkəməsi 2023-cü il sentyabrın 8-də təsis edilib və Azərbaycanla Ermənistan arasında ilk prosessual görüş bu il yanvarın 12-də keçirilib.
Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın qanunsuz işğalı zamanı Azərbaycanın bu ərazilərdə öz enerji resurslarına çıxışına və ya onların inkişaf etdirilməsinə mane olub. Bunun əksinə, Ermənistan həmin resurslardan öz mənfəəti üçün istifadə edib.
Ermənistanın beynəlxalq hüququn normalarını pozma halları arasında xüsusilə, onun onilliklər ərzində Azərbaycanın əhəmiyyətli bərpaolunan enerji layihələrinə çıxışına və ya onlardan faydalanmasına icazə verməkdən imtina etməsini qeyd etmək olar. Bunlara əvvəllər işğal olunmuş Ağdərə rayonundakı Sərsəng Su Anbarında yerləşən Tərtər Su Elektrik Stansiyası, İranla sərhəddə, Azərbaycanın keçmiş işğal olunmuş Cəbrayıl rayonunda yerləşən Xudafərin və Qız Qalası su elektrik stansiyaları layihələri, həmçinin əvvəllər istifadə olunmamış enerji potensialı, hidroenergetika daxil olmaqla bərpaolunan enerji mənbələri, habelə digər resurslar daxildir.
Ermənistan tərəfi işğal dövründə Tərtər Su Elektrik Stansiyasını istismar edən qurumları qanunsuz lisenziyalaşdırıb və tənzimləyib, bu enerji mənbəyini qanunsuz olaraq öz daxili elektrik şəbəkəsi ilə əlaqələndirib və əlavə enerjini daxili enerji istehlakı üçün Ermənistana yönləndirib. Bundan əlavə, Ermənistan Azərbaycanın Xudafərin və Qız Qalası layihə sahələrinə girişinə mane olmaqla bu mühüm hidroenergetika layihələrinin tamamlanmasını 30 il gecikdirib və Azərbaycanın bərpaolunan enerji sektorunun inkişafına maneçilik törədib.
Azərbaycan, öz enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən pozulması, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrinin Ermənistan tərəfindən qanunsuz istismarına və zərər vurulmasına görə təzminat tələb olunması fəaliyyətini davam edəcəkdir.