Yaxud erməni demokratiyasının “təraşı”
Düzəlmişdi hər yarağı, qalmışdı saqqal darağı. Bu atalar sözümüzü, əslində, Ermənistanın baş naziri Nikol Paşinyana şamil etmək olmaz. Çünki saqqalını qırxıb və ona daraq lazım olmayacaq. Ancaq məsələyə bir qədər fərqli yanaşaraq soruşaq: Nikolun hər işi düzəlib ki, saqqalını qırxıb?
Əslində, dövlət və hökumət başçılarının özlərinin xarici görünüşlərində yenilik etmələri həmişə təəccüb və maraqla qarşılanır. Buna görə də erməni baş nazirin saqqalını qırxmasına münasibət birmənalı olmadı. Münasibətdə isə siyasi yanaşma motivləri var və durumu təbii saymaq mümkündür.
Paşinyanın saqqalsız vaxtları da olub. 2018-ci il inqilabı isə onu erməni cəmiyyətinə və dünyaya saqqallı kimi tanıtdı. Saqqal Nikolun “demokrat” obrazını tamamladı. Təxminən belə: o qədər işi var, o qədər xalqı düşünür ki, saqqalını qırxdırmağa da vaxtı yoxdur. Əlbəttə, məsələyə imic baxımından yanaşanlar da tapıldı. İndi necə düşünək? Düşünək ki, Paşinyan imicini dəyişib?
Saqqalı şikəst erməni demokratiyasının imici saysaq, hazırda belə düşünmək olar ki, Paşinyan həmin imicdən uzaqlaşır. Elə isə nəyə keçir? Hər halda, 2018-ci ildən indiyədək şikəstliyi aradan qaldırmağı bacarmadı. Deməli, ən yaxşı variant bu mahiyyətdə olan demokratiyanı bir kənara qoymaqdır. Bir şey ki, saxtadır, ondan yapışmağa nə hacət?
Digər bir məqama da diqqət yetirək. Məlum olduğu kimi, Azərbaycan cəmiyyətində erməni millətçiləri “saqqallılar” adlandırılırdı. “Saqqallılar” xalqımıza qarşı ən qatı cinayətlərin, ümumən insanlıq əleyhinə davranışların müəllifləri kimi ad çıxarıblar. Onların sırasında Xocalı cəlladları da olub. Təsəvvür edin, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi gerçəkləşir və hakimiyyətə saqqallı Paşinyan gəlir. Burada ziddiyyət onun demokrat kimi tanınmasında idi. İstər-istəməz sual yaranırdı: Saqqallı biri erməni cəmiyyətində demokrat ola bilərmi?
Əlbəttə, ümumən saqqal saxlamağa imic baxımından nə isə demək niyyətində deyilik. Amma onun müasir ali dövlət ərkanı ilə bir araya sığmadığını da bildirməliyik. Bu mənada “demokrat” Paşinyanın saqqalının zamanında faktiki mövcud olmayan erməni dövlət ərkanına yenilik gətirdiyini də söyləmək mümkündür. Çünki ölkə iqtidarının ona qədərki liderləri sifətləri çirkli olsa da, üzləri təmiz idi. Yəni, saqqallı deyildilər. Ola bilər, onlar saqqallı vaxtlarında dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliyi ört-basdır etmək üçün təraş olunurdular ki, iz itirsinlər.
Məlum olduğu kimi, üzü təraşlı Koçaryan–Sarkisyan xuntası uzun müddət Ermənistanı çapıb-taladı, azərbaycanlılar bir yana qalsın, öz erməni xalqına zülm və əzab yaşatdı. Tam mümkündür ki, ölkəyə 2018-ci il inqilabı ilə saxta demoktariya sırıyanlar bu məqamı nəzərə almışdılar və Paşinyan üçün imic düşünmüşdülər. Ancaq sonrakı proseslər onu göstərdi ki, Nikol vaxtilə saqqallılar necə davranırdılarsa, eyni yolu tutdu. Saqqallılar da Qarabağın Ermənistana məxsusluğunu bildirirdilər, Paşinyan da bağırdı ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu bəyanatın Ermənistana hansı acınacaqlı aqibəti yaşatdığı isə məlumdur.
Əslində, saqqallı Paşinyanın 44 günlük müharibədən sonra da ipə-sapa yatmadığını söyləmək mümkündür, elə indi də eyni ampluadadır. O və komandası yenə anti-Azərbaycan fəaliyyətdədir, ölkəmizlə sülhdən yayınır, hər cür ağlabatmaz manipulyasiyalara yol verir. Və bu məqamda Paşinyan saqqalını qırxır. Saqqalım yoxdur, sözüm keçmir, el məsəlimiz də var. Saqqalnan sözü keçmədi, bəlkə saqqalsız keçər?
Sonda onu da deyək ki, saqqala qulluq lazımdır. Qulluq olmadısa, natəmizlik yaranır. Paşinyan imicini dəyişdirməsini nümayişə çıxarırsa, deməli, Ermənistan üçün təmiz səhifə açmaq, ölkəni altına girə bilməyəcəyi ağır yükdən uzaq tutmaq istəyir. Ona görə də onun indiki həssas məqamda, belə demək mümkünsə, saqqalsızlaşmasını müsbət məqam kimi dəyərləndirək. Erməni xalqı da ümid etsin ki, Nikolun olan-qalan ağlı saqqalla birgə yoxa çıxmayacaq.
P.S. Lənət şeytana, hərdən düşünürsən ki, Nikola saqqalını qırxdırmaq barədə əmri bəlkə Fransa prezidenti Emmanuel Makrondan gəlib. Axı baş nazir N. Paşinyan belə “bəşəri əhəmiyyətli qlobal məsələləri” həll edərkən, adətən, prezident Makrondan əmr gözləyir. Nə deyim, vallah, hər şey ola bilər...
Ə.RÜSTƏMOV
XQ