Xalq Cümhuriyyətindən bizə miras qalan üçrəngli müqəddəs bayrağımız bizim canımız, qanımız, həyat eşqimizdir. Bizim üçün bayraq hər şeydən öncə Vətən deməkdir. Dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızın qibləgahı olan Azərbaycanın dövlət bayrağı varlığımızın təsdiqidir. 1918-ci ildə bir qrup mütərəqqi aydınlarımız tərəfindən qaldırılan bayrağımız imperialist qüvvələr tərəfindən endirildi. Amma biz bütün basqılara, repressiyalara rəğmən, cümhuriyyət əcdadlarımızın bizə yadigar qoyduğu üçrəngli bayrağımızı unutmadıq, onu qəlbimizdə dalğalandırdıq.
Ötən əsrin sonlarında imperiya cəlladları xalqımızın azadlıq istəyini boğmağa çalışsa da, bu dəfə buna nail olmadılar.
Xalqımızın azadlıq istəyinə divan tutuldu, amma iradəsinə qalib gələ bilmədilər.
İmperiya əleyhinə mitinqlərdə meydanda gördüyümüz bayrağımız az sonra Naxçıvanda rəsmi dövlət atributu oldu.
Azərbaycan xalqının əziz övladı, müasir dövlətimizin qurucusu Heydər Əliyev cəsarət və qətiyyət nümayiş etdirərək 70 ildən sonra ilk dəfə üçrəngli bayrağımızı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan etdi. Beləliklə, böyük azərbaycanlı azadlığımızı rəsmi şəkildə Naxçıvan üzərindən bəyan etdi.
Sonrakı illərdə itirilmək təhlükəsində olan Azərbaycanın müstəqilliyini göz bəbəyi kimi qoruyan ulu öndər dövlət atributlarımızı sevmək, onu qorumaq istiqamətində mütərəqqi addımlar atdı. Ümummilli lider Azərbaycan gəncliyinə təlqin etdi ki, bayrağımızı sevmək və onun uğrunda hər an ölməyə belə hazır olmalıyıq. Böyük azərbaycanlının zərgər dəqiqliyi ilə qurduğu konsepsiyaya uyğun olaraq Azərbaycan gəncliyi qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə dayana bildi. Dövlət atributlarımıza hörmət, sevgi, milli ruhda tərbiyə almış, milli-mənəvi dəyərlərimiz əsasında formalaşmış gənclik üçün bayrağımız mübarizə simvoluna çevrildi. Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan və Vətənin bütövləşməsi ilə yekunlaşan 44 günlük müharibədə gənclərimiz təkcə döyüşkənliyi, qəhrəmanlıqları ilə dünyanı heyrətləndirmədi, həm də Vətənə, dövlətə, onun atributlarına tükənməz sevgilərini isbat etmiş oldular. Yaralanmış, şəhid olmuş əsgərlərimizin hər biri sinəsində Azərbaycan bayrağını gəzdirməklə Vətənimiz Azərbaycana olan sədaqətini qəhrəmanlıqları ilə sübut etdilər.
Bu o demək idi ki, biz bayrağımızı sevə və onun uğrunda ölməyə belə hazırıq. Məhz bu sevgi ilə döyüşə atılan xalqımızın qəhrəmanlığıyla bu gün bütövləşən Azərbaycanın hər yerində bayrağımız dalğalanır.
Ötən əsrin sonlarında Ulu öndərin yenidən endirilmək təhlükəsindən qoruduğu Azərbaycan bayrağı yeni əsrin əvvəllərində onun siyasi varisi, ümumxalq qəhrəmanı Prezident İlham Əliyevin qətiyyəti ilə haqqı çatan ərazilərdə dalğalanmağa başladı!
İndi müqəddəs bayrağımız bütövləşən və suverenliyini tam bərpa edən ölkəmizin hər yerində başımız üzərindədir.
Kölgəsində Ay əyilən bayrağımızı oxşamaq, seyr etməkdən doymayan, həsrət, göz yaşları ilı bayraq şərqiləri söyləməkdən usanmayan aydınlarımızın ruhu şaddır. Bir vaxtlar istiqlal məfkurəsinin daşıyıcıları olan ziyalılarımızın arzu, ideal deyə mədh etdikləri üçrəngli bayrağımız bu gün azad , bütöv və qüdrətli Azərbaycanın simvolu kimi etibarlı əldə və ucalıqdadır. Bu Vətən Bayraqdarı ilə həyatının ən xoşbəxt günlərini yaşayır. Kimsədə cürət yoxdur xain əlini baymağımıza tərəf uzatsın. Bayrağımız varlığımız qədər dalğalanacaq! Bayramımız, bayrağımız mübarək!
Rəşad Mahmudov,
Milli Məclisin deputatı