Milli dövlətçiliyimizin məfkurəvi rəmzi, tanıtma nişanı

post-img

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə hər il noyabr ayının 9-da ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd ediliməsi qərara alınıb. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Prezident sərəncamında bu tarixi günün önəmi ilə bağlı bildirilirdi ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin rəmzi kimi bütün vətəndaşlar üçün müqəddəs dövlətçilik atributlarından birinə çevrilib: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Sənəddə qeyd edilirdi ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusu daşıyıb. Həmin bayraq 1990-cı il noyabrın 17-də o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etmiş ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək üçrəncli milli bayrağımızı Dövlət Bayrağı elan edib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən, Dövlət Bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də isə “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

O zamandan Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət Bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edib.

Xatırladaq ki, müstəqil Azərbaycanın Dövlət Bayrağındakı 3 rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindən formalaşmağa başlayan milli istiqlal hərəkatının 3 təməl prinsipini təşkil edən “türkçülük, islamçılıq və müasirlik” formulu ümummilli lider

Heydər Əliyevin dühası ilə milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyasının məzmun və mahiyyətini əks etdirir. Çağdaş dövrdə Dövlət Bayrağımız milli dövlətçiliyimizin atributu, müstəqil ölkənin məfkurəvi rəmzi, respublikamızı dünyada tanıtma nişanıdır.

Azərbaycan dövlətçilik tarixi də bayraq anlayışı və bayraq rəmzləri ilə zəngin olub. Ölkəmizin ərazisində mövcud olmuş dövlət qurumlarının bayraqlarının daşıdığı önəm baradə tarixçi alimlərimizin mülahizələrini oxucularımıza təqdim edirik.

Könül İmamverdiyeva,
tarix üzrə fəlsəfə doktoru:

– İstənilən dövlətin mövcudluğunu onun çoxəsrlik dövlətçilik və tarixi-mədəni dəyərlərini təcəssüm etdirən dövlət rəmzləri olmadan təsəvvür etmək mümkün deyil. Bu zənginliyi özündə əks etdirən rəmzlər sistemi hər zaman mövcud olub və tarixi inkişaf mərhələsi keçmişdir. Dövlət rəmzlərinin formalaşmasının tarixinin öyrənilməsi dövlətçilik tarixinin, mədəniyyətin və ideologiyanın inkişaf tarixi haqqında daha dolğun məlumat almağa kömək edir.
Hələ qədim zamanlardan hökmdarların, qəbilə başçılarının hakimiyyətini bildirən şəxsi nişanları mövcud olmuşdur. Hökmdarlara məxsus belə nişanlar (veksilloid, ştandart) bəzək və emblemlərlə bəzədilmiş, adətən taxta və ya metal sapdan ibarət olmaqla müasir bayraqların ilkin təkamül forması hesab edilirdi və yarandığı gündən hərbi xarakter daşıyaraq döyüşçülərin toplanış yerini, mövqeyini bildirirdi.

Tarixə məlum olan ipək parçadan hazırlanmış ilk bayraq qədim Çində qaldırılıb. Çində Çjou sülaləsinin əsasını qoyan imperator Çou e.ə XII əsrdə qoşunun önündə onun saraya gəlişini xəbər verən ağ bayrağın aparılması əmrini verib. İpəkdən olan bayrağı əldə gəzdirmək veksilloiddən daha rahat olmaqla yanaşı, həm də uzaq məsafədən daha yaxşı görünürdü.

Azərbaycan ərazisində yaranmış ilk dövlətlərin rəmzlərinin formalaşması və inkişafı tarixi prosesi getmişdir. Azərbaycanda ilkin bayraqların (ştandartlar) meydana gəlməsi bizim eradan əvvəlki əsrlərə aiddir. Hökmdarların hakimiyyətinin rəmzi mənasını daşıyan, ağ sapa taxılmış və heyvan təsvirləri ilə bəzədilmiş tunc dövrünə (e.ə. IV-II minilliklər) aid ilk bürünc ştandartlar Azərbaycanda arxeoloji tapıntılar zamanı Şəmkir və Şəki rayonlarında tapılmışdır. Tədricən belə ştandartlar sap və parça hissədən ibarət olan bayraqlarla əvəz olunmuşdur. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanda orta əsrlərdə bayraq müxtəlif adlarla sancaq, tuğ, buncuq, ələm kimi tanınmışdır.

Bu anlayışlara Kitabi Dədə Qorqud dastanında da rast gəlinir. Bunlar Oğuz tayfalarının müqəddəs simvolları sayılırdı və döyüşçülər həmin rəmzləri öndə daşıyırdılar.

Tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi qüdrətli dövlətlərin hər birinin müstəqillik rəmzi olan bayraqları, gerbləri, möhürləri, pul vahidləri olmuşdur. Tarixi mənbələrdə Qaraqoyunlular dövlətinin hakimiyyət rəmzləri sayılan rəngarəng bayraqlarının olması haqqında maraqlı məlumatlar verilir. Digər dövlətlərdə olduğu kimi, Qaraqoyunlularda da bayraq güc və qələbə rəmzi hesab edilirdi.

Türkiyənin Topqapı Sarayında xəzinə kitabxanasında saxlanılan və 1428-ci ildə ispan J. Villadestes tərəfindən perqament üzərində çəkilmiş xəritədə Qaraqoyunluların bayrağı sarı fonun ortasında qırmızı dördkünc formada təsvir edilmişdir. Bundan əlavə, Topqapı Sarayında Ağqoyunlu dövlətinin ağac sapa taxılmış ağ parçadan ibarət olan bayrağı da aşkar edilmişdir. Uzunsov üçbucaqlı ağ parça üzərində qızılı hərflər ilə “Sultan Həsən Bahadur” sözləri yazılmış, mərkəzdə Uzun Həsənin tuğrasının təsviri, kənarlarında isə Qurani-Kərimdən ayələr verilmişdir.

XVI əsrin əvvəllərində Azərbaycanın dövlətçiliyinin təkamülündə Səfəvilər dövləti böyük tarixi rol oynamışdır. Zəngin dövlətçilik ənənələrini təcəssüm etdirən bayraqlar haqqında məlumat verən XV–XVI əsr Təbriz miniatürləri tarixi bir mənbə kimi böyük əhəmiyyətə malikdir. XVI əsr Təbriz miniatürlərində Səfəvilər dövlətinə aid bayraqlar əlvan rəngli, üçbucaq formada olmaqla, Qurani-Kərimdən olan ayələrlə bəzədilib.

Tarixi mənbələrdə də Səfəvilər dövlətinə aid bayraqlar haqqında müəyyən məlumatlar qeyd olunub. Belə ki, “Cahanarayi Şah İsmayıl” əsərinə (XVI əsr) istinad edən tədqiqatçı M. Abbaslı bildirir ki, Şah İsmayıl Bağdada özünün ay-ulduzlu bayraqları altında yaxınlaşmışdır. Ehtimal olunur ki, bu elementlərin təsvirləri I Şah İsmayılın qoşunlarının bayraqlarında olmuşdur. “Tarix-i aləmara-yi Şah İsmayıl” əsərində də Şah İsmayılın bayrağı haqqında məlumat verilir. Mənbədə bildirilir ki, Şah İsmayılın bayrağı çox iri olub, ağ qumaşdan hazırlanmış, üzərində “Qurani-Kərim”in 61-ci (“Səf’) surəsinin 13-cü ayəsində qeyd olunmuş “nəsrum-minəllahi və fəthun qərib” (“Allahdan kömək və yaxın bir zəfər vardır”) və onun qısaca forması olan “nəsrum-minəllahi” (“Allahdan kömək”) ifadəsi öz əksini tapmışdır.

XVIII əsrdə inşa edilmiş Şəki Xan Sarayı nadir memarlıq abidəsi olmaqla yanaşı həm də, dövlətçilik tariximizin öyrənilməsində böyük tarixi əhəmiyyətə malikdir. Sarayın divar rəsmlərində təsvir olunan döyüş və ov səhnələrindəki 28 növ bayraq müxtəlif forma və rəngləri ilə seçilirlər.

XVIII əsrin 40-cı illərində Azərbaycan ərazisində ilk müstəqil xanlıqlar yaranmışdır və onların hər birinin dövlət rəmzləri mövcud olmuşdur. Dövlət rəmzləri sırasında əhəmiyyətinə görə seçilən bayraqlar XVIII əsrin II yarısında mövcud olmuş Azərbaycan xanlıqlarında da geniş yayılmışdır. Azərbaycan xanlıqlarının bayraqları XVI–XVIII əsrlərə aid edilən gözəl şərq parçalarından tikilmiş, müxtəlif ornament və Qurani-Kərimdən olan ayələrlə bəzədilmişdir. Bu bayraqlarda Allahdan kömək və yaxın qələbə, Mərhəmətli Allahın adı ilə, Məhəmməd Allahın elçisidir, Məhəmməd möminləri müjdələ kimi ifadələr tez-tez təkrarlanır.

Döyüşlər zamanı Rusiyaya aparılan qənimətlər arasında xanlıqların bayraqları da var idi. Bunların arasında Gəncə, Bakı, Şəki, İrəvan, Naxçıvan, Təbriz, Xoy xanlıqlarının bayraqlarını qeyd etmək olar. Həmin bayraqlar 1888-ci ildə Qafqaz Hərbi Tarix Muzeyinə verilmiş, 1924-cü ildə isə buradan bəzi bayraqlar Milli Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir.

Azərbaycan xalqı əsrlər boyu tarixi yaddaşında dövlətçilik ənənələrini daim qoruyub saxlamışdır. XX əsrin əvvəllərində milli dövlətçiliyin bərpası çox böyük bir hadisə olaraq Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edəndən sonra dövlətçiliyimizin atributları yenidən bərpa olunmağa başlanmışdır. Azərbaycan Demokratik Respublikasının həyata keçirdiyi ilk mühüm tədbirlərdən biri 1918-ci il iyun ayının 21-də üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvirləri olan qırmızı rəngli Dövlət Bayrağı haqqında qərar verməsidir. Azərbaycanın üçrəngli Dövlət Bayrağı isə 1918-ci il noyabrın 9-da Azərbaycan Demokratik Respublikası Hökumətinin iclasında qəbul edilmişdir.

Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq Dövlət Bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər mövcuddur. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra bu gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və bütün müsəlman aləmində həmrəylik, hürriyyət, yardım mənasını daşıyır. Səkkizguşəli ulduzun mənasına gəlincə, bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır.

1920-ci ildə aprel işğalı nəticəsində Azərbaycanda sovet hakimiyyəti qurulmuş və milli dövlətçiliyimizi tərənnüm edən bütün rəmzlər sovet rəmzləri ilə əvəz olunmuşdur. Azərbaycan SSR-in bütün bayraqlarında qırmızı rəngdən istifadə olunmuşdur. O zaman qırmızı rəng sovet xalqının sosializm və kommunizm yaratmaq uğrunda apardığı qəhrəmanlıq mübarizəsi simvolu hesab edilirdi. Bayraq üzərində olan oraq və çəkicin mənasına gəldikdə isə bu fəhlə və kəndli sinfinin ayrılmaz ittifaqını ifadə edirdi. Oraq və çəkic proletar dövlətin emblemi sayılırdı.

Sovet dövründə Azərbaycanda dövlət bayraqlarının dəfələrlə dəyişdirilməsinin səbəbi əlifba dəyişiklikləri ilə əlaqədar olaraq bayrağın üzərindəki yazıların da dəyişikliyə məruz qalması idi. Azərbaycan Sovet Sosialist Respublikasının ilk bayrağı 1920–1921-ci illərdə qəbul edilmişdi. Azərbaycan SSR-in ən son bayrağı 1952–1991-ci illərə aiddir.

Sovet hakimiyyəti zamanı Azərbaycan özünün dövlət atributlarını Sovet Rusiyasının atributlarına uyğunlaşdırmışdır. Azərbaycan SSR-in dövlət gerblərinin üzərində adətən oraq və çəkic, beşguşəli ulduz, sünbül çələngi ilə əhatə olunmuş aypara təsvir edilmiş və “Bütün ölkələrin proletarları birləşin” şüarı yazılmışdı. Dövlət gerbinin dəfələrlə dəyişdirilməsi bayraqlardakı dəyişikliklərə səbəb olan amillərlə bağlı idi. Azərbaycan SSR-in ən son gerbi 1978-ci ilə aid olmaqla Sovet İttifaqının süqutunadək dövlət gerbi statusu daşımışdır. Dövlət bayrağı və gerbi ilə yanaşı, 1945 və 1978-ci illərdə Azərbaycan SSR-in Dövlət Himni də qəbul edilmişdir.

Pərvin Gözəlov,
tarix üzrə fəlsəfə doktoru:

– Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyaslnın 10-cu maddəsinin “Mədəni irsin qorunması və səmərəli idarə edilməsi” bəndində deyilir: “Dünya muzeylərində saxlanılan Azərbaycan mənşəli eksponatların tədqiqi və Azərbaycana məxsusluğunun sübutu üçün materialların toplanması da diqqət mərkəzində olacaqdır”.

Azərbaycanın tarixi bayraqların öyrənilməsi və nəticələrinin təbliği Azərbaycanın dövlətcilik ənənələrinin dərin koklərinin əyani sübutudur. Bu istiqamətdə apardığım elmi tədqiqatlar, Azərbaycanın qədim dövlətçilik və tarixi-mədəni ənənələrinin təbliğinə, vətəndaşlar və xüsusən gənclər sırasında vətənpərvərlik hissinin aşılanmasına və güclənməsinə xidmət edir. Bu tarixi rəmzlər Azərbaycan barədə doğru olmayan, qərəzli və təxribat yönümlü məlumatlar yayanlara, əks təbliğat aparanlara qarşı mübarizədə ciddi dəlillər rolu oynayır.

Bu istiqamətdə tədqiqatlara qoşularaq Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq xarici muzeylərdə saxlanılan Naxçıvan xanlığına məxsus 3 bayrağın aşkar etməyimin tarixçəsindən söz açmaq istəyirəm.

Aşkar etdiyim bayraqlar Naxçıvan xanlığının siyasi-ideoloji, dini və dövlətçilik sistemi ilə əlaqədardır. Həmin bayraqların tərtibatı, üzərində əks edilən yazılar, istifadə olunan rəmzlər və rənglər, bayrağa sahib olan Naxçıvan xanlığının dövlətçilik, siyasi, ideoloji, dini, tarixi və mədəni ənənələrini əks etdirir. Naxçıvan xanlığının bayraqlarının üzərində əks olunmuş rəmzlərin digər xanlıqların bayraqları ilə müqayisəsindən görünür ki, yalnız Naxçıvan xanlığının bayrağında Azərbaycanın tarixi rəmzləri və ənənələri istifadə edilib.

Bayraqlarının elmi tədqiqatı nəticəsində belə qənaətə gəlinir ki, Naxçıvan xanlığının bayraqları tarixi dövlətçilik ənənələrinə və tarixi rəmzlərinə əsaslanaraq tərtib edilərək, xanlığın ideoloji baxımdan möhkəm, tarixi ənənələrə, köklərə bağlı dövlət qurumu kimi fəaliyyət göstərib.

Azərbaycanın dövlətçilik tarixinin əsəs atributlarından olan, dövlətçilik ənənərini əyani təcəssüm etdirən, Azərbaycan xanlıqlarının xarici muzeylərdə saxlanılan bayraqlarının aşkar edilməsi istiqamətində elmi tədqiqatlarım 2015-ci ildə çox böyük uğurla nəticələndi. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Dövlət Ermitaj Muzeyində və Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyinin bayraq fondlarında və arxivlərində apardığım elmi tədqiqatlar nəticəsində Naxçıvan xanlığına məxsus 2 bayraq aşkar etdim.

Bu elmi tədqiqatların nəticəsində Naxçıvan xanlığının (XVIII-XIX əsr) dövlət və müttəfiq (döyüş) bayraqları elmi dövriyyəyə daxil edilib. Həmin bayraqların reproduksiyası (surəti) respublikamızın 3 muzeyində: Milli Azərbaycan Tarixi Muzeyinin ikinci mərtəbəsindəki Avropa zalında, Naxçıvan şəhərində Dövlət Bayrağ Muzeyində və Naxçıvan Xanlarının Sarayı Tarix Muzeyində nümayiş etdirilir.

Naxçıvan xanlığı ideoloji baxımdan möhkəm, tarixi ənənələrə, köklərə bağlı dövlət qurumu kimi fəaliyyət göstərib. Azərbaycanın tarixi bayraqlarının öyrənilməsi və nəticələrinin təbliği, Azərbaycanın dövlətçilik ənənələrinin dərin koklərinin əyani sübutudur. Gələcəkdə bu istiqamətdə daha çox elmi tədqiqatların aparılması zəruridir. Qarabağ, Şirvan, Quba və diqər xanlıqların bayraqlarının axtarışı və müəyyən edilməsi istiqamətində araşdırmaları davam etdirirəm.

Oxucularımıza Dövlət Bayrağı Meydanı və buradakı muzey barədə qısa məlumatı da xatırladırıq.

Meydanın təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Meydan üçün seçilmiş yer Dövlət Bayrağının paytaxtın bütün nöqtələrindən görünməsinə imkan yaradır. Burada ilk dəfə ucaldılan dövlət bayrağı dirəyi ölçülərinə görə “Ginnesin rekordlar kitabı”na düşüb. Dirəyin hündürlüyü 162, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri isə 1,09 metr idi. Dirəkdən asılan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2 min 450 kvadratmetr, çəkisi təqribən, 350 kiloqramdır.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət Himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Ümumi ərazisi 60 hektar, əsas sahəsi 31 min kvadratmetr olan meydanda son dövrdə yenidənqurma işləri aparılıb.

Meydan ərazisində yaradılan Dövlət Bayrağının Təbliği Muzeyi də orijinal memarlıq layihəsidir. Burada Azərbaycanın tarixi dövlət qurumlarının bayraqları və digər rəmzləri, dəyərli eksponatlar nümayiş etdirilir. Muzeydə Azərbaycanın dövlət bayrağına bənzəyən, amma müəyyən fərqləri ilə seçilən bayraq da sərgilənir. Bu, Azərbaycan Respublikası Prezidentinin ştandartının dublikatıdır. Ştandartın orijinalı dövlət başçısının kabinetində saxlanılır. Azərbaycan Respublikası Prezidentinin ştandartının üzərində Dövlət Gerbi, üçrəngli bayrağımızın rəngləri əks olunub və ölçülərinə görə Dövlət Bayrağından böyük deyil. Bundan əlavə, muzeydə müxtəlif nazirlik və dövlət orqanlarının ştandartlarının nümunəsini də saxlanır.

Səhifəni hazırladı:
Tahir AYDINOĞLU
XQ



Siyasət