Tənzilə RÜSTƏMXANLI,
Milli Məclisin deputatı
Dörd il əvvəl cəmi 44 günə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Qarabağda əsl qəhrəmanlıq dastanı yazdı. Vətən adı ilə müqəddəsləşən həmin müharibədə haqq işimiz qalib gəldi: Silahlı Qüvvələrimiz işğalçı Ermənistanı məğlubiyyətə uğratmaqla bərabər, son 200 illik tariximizin qızıl hərflərlə yazılan yeni bir səhifəsini açdı.
Dövlətimizin başçısı, özünün böyük sərkərdəlik məharətini dünyaya göstərən Ali Baş Komandanımız həmin günlərdə demişdi: “Bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi”.
Bəli, son 200 ildə biz torpaqlarımızı ancaq itirə-itirə gəlirdik. Amma Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixdə ilk dəfə olaraq öz torpaqlarını işğaldan azad edərək xalqımıza Qalib Xalq imici qazandırdı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycanın başladığı əks-hücum əməliyyatı və bu zaman tətbiq olunan modern döyüş taktikası dünya hərb tarixində əsl yenilik hesab olunur və dünyanın ən məşhur hərbi institutları tərəfindən araşdırılaraq ətraflı şəkildə öyrənilir.
Bakının Azadlıq Meydanında keçirilmiş ilk Zəfər paradında ürəyi vətən sevgisi ilə döyünən hər kəs qürur dolu bir gün yaşadı. Qətiyyətin, əzmin, inamın, imanın paradı idi o təntənə! Sarsılmaz dövlət-ordu-xalq birliyinin təcəssümü idi! Şərəf paradı idi Zəfər paradı!
Vətən müharibəsində qazandığı qələbə ilə öz gücünü bütün dünyaya sübut edən Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Etiraf olunur ki, bizim ədalətli qələbəmiz, əslində, bölgədə davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir və beynəlxalq hüququn norma və prinsiplərinə tam olaraq əsaslanır.
Ötən il sentyabrın 19-da Zəfər yürüşünün davamı olan, cəmi 23 saat 48 dəqiqə davam edən antiterror tədbirləri Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayış etdirdi. Üçtərəfli məlum Bəyanatın şərtlərinə əməl etməyən düşmən yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğu tarixin zibilliyinə atıldı, bizimsə dövlət suverenliyimiz, ərazi bütövlüyümüz tam bərpa edildi. Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin ardınca Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət Bayrağımızı ucaltmaqla xalqımıza tükənməz sevinc və qürur yaşatdı. Qondarma “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsinin üstündən birdəfəlik xətt çəkildi. Tarixi Azərbaycan torpaqlarında daha bir qurama erməni dövlətinin qurulması planları darmadağın edildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
Hazırda ölkəmizdə “Böyük Qayıdış” konsepsiyası uğurla həyata keçirilir.
Ən böyük reallıq isə əlbəttə ki, torpaqlarımızın azad edilməsi, dağıntılara məruz qalmış yaşayış məntəqələrinin bərpası, vətəndaşlarımızın öz yurd-yuvalarına dönməsidir.
Ulu öndər Heydər Əliyevin ruhuna böyük minnətdarlıq duyğuları ilə xatırlayırıq ki, Qarabağ Zəfərinə aparan yolun başlanğıcı məhz onun tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Cənab İlham Əliyev Ulu öndərimizin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin davamlı səyləri ilə ildən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz töhfəsini verdi. Xalqımızın lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi tarixi qələbənin təmin edilməsində mühüm rol oynadı.
Möhtəşəm Qələbədən sonra atılan ilk mühüm addımlar təbii ki, Vətən müharibəsində Azərbaycan övladlarının qəhrəmanlığına qiymət verilməsi ilə əlaqədar idi. Bu baxımdan, Azərbaycan Prezidentinin Zəfər və Anım günlərinin təsis olunması, Vətən müharibəsində böyük şücaət göstərən hərbçilərin təltif edilməsi ilə bağlı qərarları xalqın ürəyincə oldu. Həmin addımlar ərazi bütövlüyümüz uğrunda həyatını itirən vətəndaşlarımızın ruhuna sonsuz ehtiramın bariz nümunəsidir.
Bu gün artıq Zəfər Gününü təkcə ölkəmizin daxilində yaşayan əhali deyil, dünyanın hər yerindəki azərbaycanlılar böyük qürur hissi ilə qeyd edirlər. Digər tərəfdən, bu Qələbə sadəcə Azərbaycan üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mərhələnin başlanğıcına çevrilib. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verib.
Döyüş meydanında göstərilən qətiyyət, əzmkarlıq bu gün zəhmət meydanında - azad torpaqlarımızda aparılan bərpa-quruculuq işləri ilə davam etdirilir. Qarabağın və Şərqi Zəngəzurun qəvi düşməndən təmizlənmiş əraziləri sürətlə yenidən qurulur, dirçəldilir, bu torpaqlara əbədi xoşbəxt həyat gətirilir.
Bu gün dünyada bir qalib Azərbaycan var və regionda icra olunan bütün layihələr qətiyyəti ilə sözsüz hesablaşılan ölkəmizin bilavasitə iştirakı ilə həyata keçirilir.
Böyük tarixi Zəfərin yaratdığı sonsuz iftixar duyğusu ilə bölüşdüyüm qeydlərimin sonunda öz sinəsini düşmən gülləsinə sipər edərək canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Azərbaycan öz qəhrəman övladları ilə fəxr edir, qürur duyur və onları heç vaxt unutmayacaq!