İttifaq MİRZƏBƏYLİ
[email protected]
Əsas səbəb dünyanın bir qütbün əlində girinc edilməsidir
On ildən çox idi ki, qlobusa baxmırdım. Bəlkə də, yaxşı ki, baxmırdım. Anan ölsün, Yer kürəsi! Hayana baxırıq, qan-qada, od-alov, atəş, dron hücumu, raket zərbəsi, mina “zəmi”si, münaqişə, müharibə, şəhid tabutu, kəsilmiş qazi ayaqları, gənc oğlanların protez qolları... Turanın böyük şairi ulu Cavid demişkən:
Ya Rəbb, bu nə dəhşət, nə fəlakət?
Ya Rəbb, bu nə vəhşət, nə zəlalət?
Yox kimsədə insafü mürivətt,
İblisəmi uymuş bəşəriyyət!?
Təbii ki, İblis bəşəriyyəti aldatmaqdadır. Elə olmasaydı, bəşər övladları bir-birinə qənim kəsilərdimi? İblisə uymayan bəşər övladı Azərbaycan ərazilərinin 20 faizini yerlə–yeksan eləyib xarabazara, viranəyə çevirərdimi? İblisin iyrəncliklərinə bulaşaraq ona xidmət edən siyasətçilər erməni kimi vəhşi qövmə qahmar çıxardımı? Hələ bunlar nədir ki? İblis övladları bu gün dünyanın hər yerində at oynadırlar. Məhz həmin atların ayaq səsindən Yer kürəsinin arterial təzyiqi günbə-gün deyil, saatba-saat artır.
... “Adəmdən Xatəmə qədər” hamı görüb ki, Yer üzünün dörd qütbü var. İblisə uymuşların törətdiyi İkinci Dünya müharibəsindən qalib çıxanlar ( xüsusən, nüvə silahının “nübarını dərənlər” ) isə “sübut etdilər” ki, dünyanın iki qütbü var – Ağ ev və Kreml. Dünya ölkələrinin və xalqlarının bir yarısı Ağ evin “orbitində” fırlanmağa başladı, o biri yarısı isə Kremlin ətrafında birləşdi. Məhz buna görə də bütün ölkələr işini-gücünü buraxaraq, bu “qütblərdən” gələn göstərişlərin yerinə yetirilməsi ilə məşğul oldular. Nəticədə dünya iqtisadiyyatı da sarsıdıcı zərbə aldı, planetin sosial həyatı da. Daha çox itirən isə sadə insanlar oldu.
Çünkü bütün ölkələrin siyasiləri inkişafa və sosial rifaha xərclənəcək vəsaitləri silahlanmaya yönəltdilər. Xatırladaq ki, silahlanma “soyuq müharibə”nin bir nömrəli tələbi idi.
Həmin müharibədə ən çox zərərdidə olan Kreml ətrafında birləşənlər idi. Ona görə də, son nəticədə SSRİ çökdürüldü və Ağ evdən dünyaya yeni mesaj gəldi: “Planetin bir qütbü var!” Rusiyanın hərbi gücünün zəiflədilməsinə, Çin iqtisadiyyatının çökdürülməsinə, Avropa İttifaqının əl altında saxlanılmasına, Türk dünyasına və İslam ölkələrinə çoxsaylı təzyiqlər göstərilməsinə çalışan yeganə “qütb” planetin istənilən nöqtəsində qan tökülməsinə canla- başla icazə verdi. Yəni bu gün dünyada şahidi olduğumuz hərbi-siyasi fəsadların hamısının altında Ağ evin imzasının olduğunu bilməyən yoxdur.
Halbuki, iki-üç il əvvəl ABŞ ekspertləri deyirdilər ki, yaxın tarixdə dünyanı ABŞ, Avropa Birliyi, Çin və Rusiya idarə edəcək. İndi isə dünyanın bir qütbdə birləşməsi üzərində çalışırlar və bu hikkə anamız Yer kürəsinin arterial təzyiqini sürətlə artırır. Ancaq...
Yəni mütərəqqi düşüncəli insanlar dünyanın “qan təzyiqi”nin normallaşdırılması məqsədilə lazım olan addımları atırlar. Ancaq bu addımlardan da əvvəl Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan öz ölkəsinin hansısa “qütb”dən gələn diktələrlə işləməyəcəyini BMT tribunasından bəyan etmişdi: “Dünya beşdən böyükdür!” Elə Azərbaycan Prezidentinin “Heç kəs bizi öz yolumuzdan döndərə bilməz!” qətiyyəti də bədxahlarımızın qulağına dəfələrlə çatdırılıb.
P.S. Dünyanın hegemon dövlətinin lideri təyyarə trapından yıxılanda, beynəlxalq tədbirdə ölkə rəhbərlərinin adını qarışıq salanda, tənha olduğu halda öz-özünə danışanda böyük Hüseyn Cavidin “Topal Teymur” əsərinin sonundakı epizodu xatırlayıram. İldırım Bəyazidi əsir götürən Əmir Teymur deyir: “Heç məraq etmə, xaqanım! Sən kor bir abdal, mən də dəli bir topal! Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə... sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı.”