Birlik və vəhdətin qələbəsi

post-img

Qərbin Cənubi Qafqaz “ssenarisində” növbəti fiasko

Gürcüstanda keçirilmiş parlament seçkiləri xalq iradəsinin növbəti təntənə anı kimi yadda qaldı. Belə qənaət üçün kifayət qədər ciddi əsaslar var və bu baxımdan bəzi məqamların üzərində dayana bilərik.

Başlıca məqam ondadır ki, Gürcüstan seçicilərinin əksəriyyəti sabitliyə və əmin-amanlığa səs verdi. Bəs ölkənin sabitlik faktoru ilə bağlı nələri vurğulamaq mümkündür? Yazımızda həm buna diqqət yetirəcək, həm də Gürcüstanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının soydaşlarımızla bağlı özəlliklərinə nəzər salaraq, bu iki faktorun seçkinin nəticələri baxımından oynadığı roldan söz açacağıq.

Məlum olduğu kimi, artıq neçə müddətdir ki, Qərb Gürcüstanda vəziyyəti qarışdırmaqla məşğuldur. Daha doğrusu, mövcud istiqamətdə
çoxsaylı cəhdlər göstərir. Bu baxımdan, xarici agentlər haqqında qanun layihəsi ətrafında yaradılmış süni ajiotajdan, iğtişaşlardan, xarici kəşfiyyat orqanlarının ölkədə çevriliş planı hazırlamalarından tutmuş, hakimiyyət daxilində ikitirəliyin formalaşdırılmasınadək bir sıra məsələlərə diqqət yetirmək olar.

Qərb Gürcüstanın timsalında vaxtilə Cənubi Qafqazda uğradığı strateji məğlubiyyətini qəbul etmir, ən müxtəlif yollara əl atır və revanşa çalışırdı. O da məlumdur ki, Gürcüstan Qərbin rəngli inqilab dalğasının ilk məruz qaldığı ölkələrdən sayılır. 2004-cü ildə Mixeil Saakaşvilinin rəhbərliyi ilə həyata keçirilmiş inqilab uğur qazanmışdı. O vaxt proses dünyaya, son dərəcə, böyük səs-küylə təqdim edilmiş və elə fon yaradılmışdı ki, sanki Gürcüstan digər postsovet, xüsusən də Cənubi Qafqaz məkanı üçün presedentə çevriləcək. Bununla bağlı cəhdlər də olmuşdu. Zaman keçdikcə isə rəngli inqilab narrativinin arxasında heç də səmimi niyyətlərin dayanmadığı üzə çıxmışdı.

Ancaq burayadək Qərb Gürcüstan modeli anlayışının düşüncələrdə özünə kök salması üçün müəyyən əməli tədbirlər gerçəkləşdirmişdi. M.Saakaşvili ölkədə bir sıra sahələri nizama salmağı bacarmışdı. Bu bacarıq xaricdən gələn sistemli və davamlı maliyyə yatırımları sayəsində reallaşmışdı. Lakin zaman keçdikcə Qərb inqilabın nəticələrinin qorunması istiqamətində çətinliklərlə üzləşdi. El dilində deyildiyi kimi, “Quyuya su tökməklə sulanmaz!”. Məsələn, gürcü polisinin əməkhaqqının davamlı şəkildə ABŞ Dövlət Departamentinin maliyyəsi hesabına ödənməsi mümkünsüz idi. Digər tərəfdən, xarici institutların Gürcüstanı ayrı-ayrı layihələr hesabına ayaqda saxlamaları da real iş sayıla bilməzdi.

Beləliklə, Qərb Cənubi Qafqaz ambisiyalarını geçəkləşdirməyin çox məsrəfli olduğunu gördüyündən, geri addım atmağa başladı. Əslində, bu tendensiya onun təşəbbüsü ilə dünyanın müxtəlif yerlərində gerçəkləşmiş inqilabların xoşbəxt gələcək məntiqini də alt-üst edir. Məsələn, ərəb ölkələrindəki proseslərin cəmiyyətləri və dövlətləri saldığı acınacaqlı duruma diqqət yetirək. Liviyada Müəmmar Qəddafinin devrilməsindən sonra tam nizamsızlıq hökm sürdü ki, bunun ağır təsirləri indi də sıravi liviyalılarının çiyinlərindən asılıb. İnsanlar diktator kimi qiymətləndirilən Qəddafinin dövründəkindən qat-qat pis yaşayırlar. Ona görə ki, Qərb iğtişaş yaratdı, çevrilişi gerçəkləşdirdi vəssalam! Sonra isə özünün gerçək dağıdıcı sifətini ortaya qoydu. Məlum oldu ki, inqilablar, tiranlara qarşı mübarizə və sair səs-küylü təqdimatlar mövqe və mənafe davasına mütərəqqi obraz qazandırmaq üçün ortaya atılmış saxtakarlıqdan başqa bir şey deyildir. Tam qətiyyətlə deyə bilərik ki, Gürcüstan saxtakarlığa imkan vermədi.

Qeyd edək ki, Qərbin Gürcüstanla bağlı geydiyi maska hələ 2008-ci ildə cırılmışdı. Yəni, dağıdıcı mahiyyəti həmin il üzə çıxmışdı. Söhbət Rusiya – Gürcüstan müharibəsindən gedir. Qərb M.Saakaşvili administrasiyasını, belə demək mümkünsə, əjdahanın ağzına atdı. Elə zənn etdi ki, müharibə ətrafında yaradacağı ajiotaj nəticəsində Moskvaya qarşı formalaşacaq sərt reaksiya həlledici rol oynayacaq. Amma ortaya tam əks nəticələr çıxdı ki, bu, böyük ölçüdə, Kremlin prinsipiallığı və qətiyyətinin nəticəsi kimi özünü göstərdi. Nəinki konfliktə səbəb Cənubi Osetiya və Abxaziya tamamilə əldən çıxdı, habelə Gürcüstanın bu bölgələrə aid olmayan hissələri də rus qoşunları tərəfindən ələ keçirildi. İş o yerə çatdı ki, ruslar paytaxt Tbilisinin 10 kilometrliyinədək gəldilər...

Əslində, Qərbin Gürcüstan inqilabı məhz 2008-ci ildə məğlubiyyətlə üzləşdi. Məlum olmuşdu ki, birincinin məqsədi heç də gürcü xalqının rifahını yüksəltmək, ölkənin ərazi bütövlüyünü və suverenliyini bərpa etmək, ədalətsizliyə son qoymaq deyilmiş. Başlıca məram regionu ələ keçirmək, Rusiyanın buradakı təsirini heçə endirmək, onu tamamilə sıxışdırmaq idi. Yeri gəlmişkən, bu niyyət indinin özündə də aktualdır və indi onun bir sıra məqamları barədə söz açacağıq.

***

Bəli, son bir ildə Qərbin Gürcüstanda reallaşdırmaq istədiyi mahiyyətcə 2004-cü il inqilabın yenidən təkrarlamağa hesablanmışdı, amma bu “plan” gerçəkləşmədi. Həm də ona görə ki, ölkə hakimiyyəti çevik davrandı, riskləri düzgün idarə etməyi bacardı. Əlbəttə, əvvəldə bildirdiyimiz kimi, Qərbin istəklərinin reallaşmamasındakı ən böyük amil Gürcüstandakı xalq-hakimiyyət vəhdətidir. Bu vəhdətdə isə ölkədə yaşayan soydaşlarımızın aktiv mövqeyi xüsusi vurğulanmalıdır.

Nəzərə almaq lazımdır ki, Gürcüstan amili Azərbaycan üçün də son dərəcə vacibdir. Əvvəla, rəsmi Bakı ilə rəsmi Tbilisi arasında əməkdaşlıq yüksək səviyyədədir. Hər iki ölkə Cənubi Qafqaz üzrə mühüm layihələrin iştirakçılarıdır. İkincisi, Azərbaycan və Gürcüstan beynəlxalq arenada bir-birini tam dəstəkləyir, onlar arasında qarşılıqlı inam və etimad mühiti var. Buna və digər amillərə görə deyə bilərik ki, Gürcüstan Azərbaycan dövlətinin regional siyasət amplitudasında mühüm yeri tutur. Deməli, ölkədəki parlament seçkilərinin hakim “Gürcü Arzusu”nun qələbə ilə başa çatması həm də Bakı–Tbilisi münasibətlərinin möhkəmlənməsinə və inkişafına yönəlmiş siyasətə dəstəkdir. Heç şübhəsiz, Gürcüstanda yaşayan soydaşlarımız da məhz bu amili rəhbər tutublar.

Eyni zamanda, onu da vurğulamaq lazımdır ki, Gürcüstanda hakim partiyanın qalib gəlməsi regional sülhlə müharibə, ənənəvi və amoral dəyərlər arasında prinsipial seçimdir. Nəzərə alaq ki, Qərbin hazırkı yanaşma tərzi şantaj ritorikası üzərində qurulub. Heç şübhəsiz, Gürcüstanda hakimiyyət dəyişikliyi yaşansaydı, bu, regional layihələrə də öz mənfi təsirini göstərəcəkdi. Qərb çalışacaqdı ki, gürcü iqtidarının köməyi ilə Azərbaycana təsir imkanları qazansın. Gürcüstandakı soydaşlarımız özlərinin seçki mütəşəkkillikləri ilə bu kimi mənfi ssenariləri də sıradan çıxardılar. Yeri gəlmişkən, bildirək ki, ölkədə soydaşlarımızın sayı 300 mindir və onların yaşadıqları bütün regionlarda səs faizi yüksək olub. Soydaşlarımız hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz səs payına malikdirlər. Ümumən, onlar özlərinin əhatəsinə görə fərqlənirlər. Həm seçki prosesinə, həm də, bütövlükdə, Gürcüstanın siyasi arenasına təsirləri var. Bu cəhət soydaşlarımızı vacib və hətta həlledici elektorata çevirir.

Bəli, Gürcüstandakı seçkilərin nəticələri Qərbin ölkədə yürütdüyü siyasətə və Cənubi Qafqazda ayrıcı xətlər yaratmaq niyyətinə böyük zərbə vurdu. Əminliklə deyə bilərik ki, həm soydaşlarımız, həm də Gürcüstanın digər vətəndaşları onun regionu parçalamaq və müharibə ocağına çevirmək siyasətininin qarşısını aldılar. Gürcüstan insanı savaşı, daxili qarşıdurmanı, milli-mənəvi dəyərlərin deqradasiyasını deyil, sülhü, inkişafı, ənənələrə və milli dəyərlərə sadiqliyi seçdi.

***

Onu da nəzərə alaq ki, Gürcüstandakı seçkinin nəticələri, eyni zamanda, Qərbin 2018-ci ildə Ermənistanda reallaşdırdığı inqilabın prioritetlik fazasını heçə endirdi. Hazırda Ermənistan, faktiki olaraq, təklənmiş duruma düşüb ki, bu da son dərəcə vacibdir. Hər halda, Qərbin erməni iqtidarı üzərindən regionda hansı oyunlar oynadığı hər kəsə yaxşı bəllidir və məsələnin üzərində dayanmağa ehtiyac var.

Əvvəldə də vurğuladığımız kimi, Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyir. Ermənistan bunun həyata keçirilməsi yolunda mühüm alətdir. Ümumən, Qərb “Region region ölkələri üçündür!” şüarından kənardır. Yəni, onun məqsədi təkcə Rusiyanın rolunu heçə endirmək deyil, həmçinin İranı, Türkiyəni və nəhayət Azərbaycanı neyrtallaşdırmaq, bölgədə bərabərtərəfli münasibətlərin formalaşmasını əngəlləməkdir.

Digər yandan, Qərb ənənəvi “Parçala, hömk sür!” siyasətinin Cənubi Qafqaza transformasiyasına çalışırdı. Gürcüstandakı seçkidə müxalifət uğur qazansaydı, Ermənistanla yanaşı, bu ölkə də həmin siyasətin alətinə çevriləcəkdi və nəticədə İrəvanın mövqeyi güclənəcəkdi. İrəvan isə Bakı ilə sülhdən yayınır və beləliklə, erməni avantürizminin regionda saxlanılmasına can atır. Avantürizm isə Qərbin Cənubi Qafqazda bölücülük yaratmaq niyyətlərinin mühüm vasitəsi qismində çıxış edir. Gürcü elektoratı düzgün seçim etməklə, həm də bu mənfi meyilə imkan vermədi. O ki qaldı, Ermənistana, az da olsa, ümid var ki, sonda bu ölkənin rəhbərliyinin təmsilçiləri özlərinin regiona mənsubluğunu dərk edəcəklər.

Ermənistan rəhbərliyi həm də ona görə reallığı dərk edəcək ki, indiyədək rəsmi İrəvanın bütün gedişləri uğursuz nəticələnib. Onun ilk dəfə 44 günlük müharibə ilə Cənubi Qafqazda güc nümayişi iflasa uğradı, ardınca isə lokal xarakterli antiterror tədbirləri Qarabağda erməni separatçılığını sıradan çıxarmaqla, Qərbin də bölgəyə təsir imkanlarını heçə endirdi. Qərb Azərbaycanın qətiyyəti ilə üzləşdi. İndi isə eyni qətiyyəti Gürcüstan göstərdi.

Düşünürük ki, qonşu ölkənin bu mövqeyi Gürcüstan və Azərbaycan xalqları arasındakı birliyi daha da möhkəmləndirəcək. Tarix də sübut edir ki, birlik və vəhdət şəraitində hər iki dövlət güclü olur və beynəlxalq səviyyədə öz maraq və mənafelərini daha mütəşəkkil şəkildə qoruya bilir.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət