Milli Məclisin deputatları Özbəkistanda parlament seçkiləri ilə əlaqədar mətbuat konfransında iştirak ediblər

post-img

Oktyabrın 28-də Azərbaycan Milli Məclisin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov və parlamentin deputatı, TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının üzvü Ağalar Vəliyev TÜRKPA Müşahidə Missiyasının tərkibində Ali Məclisin Qanunvericilik Palatasına keçirilən seçkilərin qısamüddətli müşahidəsinin yekunlarına dair keçirilən mətbuat konfransında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən Əhliman Əmiraslanov missiyanın proqramı çərçivəsində müşahidə prosesinin ilk günündən həyata keçirilən fəaliyyət haqqında məlumat verib. Bildirib ki, missiya seçki idarəetmə orqanlarının seçkilərə hazırlıqları səmərəli şəkildə həyata keçirilməsini və MSK-nın aşağı seçki komissiyalarına təlimlərin təşkilini, seçki prosesinə dair ictimai maarifləndirmənin artırılması ilə bağlı işini təqdir edir.

O, əlilliyi olan seçicilərin seçki hüquqlarının təmin edilməsi üzrə tədbirləri yüksək qiymətləndirib, bu çərçivədə baş çəkilmiş seçki məntəqələrdə həmin seçicilər üçün lazımi şəraitin yaradıldığını bildirib.

Həmçinin seçki fəaliyyətini rəqəmsallaşdıran və vətəndaşları seçkilərlə bağlı məlumatla təmin edən “E-saylov” informasiya sisteminin işlənib hazırlanması müsbət məqam kimi qiymətləndirilib. Diqqətə çatdırılıb ki, missiya öz fəaliyyətində TÜRKPA-nın “Seçki müşahidəsi haqqında” Əsasnaməsinə və müvafiq beynəlxalq sənədlərə uyğun olaraq, obyektivlik, ədalət, şəffaflıq və qərəzsizlik prinsiplərinə riayət edib.

TÜRKPA missiyası Özbəkistanda parlament seçkilərinin milli qanunvericiliyə və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi qənaətinə gəlib.

TÜRKPA missiyası Özbəkistanda işinə oktyabrın 25-də başlayıb. Müşahidə proqramı çərçivəsində missiya Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və Özbəkistan MSK-nın sədri Zayniddin Nizamxocayev ilə görüşlər keçirib.

Missiyanın üzvləri, həmçinin seçkilərdə iştirak edən siyasi partiyaların rəhbərləri ilə görüşüblər.

Xatırladaq ki, azərbaycanlı deputatlar TÜRKPA müşahidə missiyasının tərkibində Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasına keçirilən seçkilərdə müşahidəçi qismində iştirak edib, seçki məntəqələrinin açılması və səslərin sayılması da daxil olmaqla, səsvermə prosesini müşahidə edib, səsvermə günü vətəndaşların fəallığını və seçki məntəqələrində yaradılmış şəraitlə tanış olublar.

Siyasət