Qərb, xüsusilə Birləşmiş Ştatlar ölkələrin daxili işlərinə qarışır, insan hüquqlarının qorunması adı altında faciələr yaşadır, nəticədə ölkələr dağıdılır. İraq, Suriya, Əfqanıstan və digər ölkələrə Qərbin vəd etdiyi “azadlıq” yerinə bu bölgənin normal, sabit həyatları olan insanları dağıdılmış şəhərlərin zirzəmisində bədbəxtlikləri ilə baş-başa qalıblar. Əslində, Qərbin mahiyyəti budur. Neokolonializm, istismar və insanlığa utanc gətirən ikili siyasət Qərbin həyat kredosudur. Azərbaycan üzərində siyasəti ilə uğursuzluğa uğrayan Qərb indi də Gürcüstanın daxili işlərinə qarışmaqla ümumilikdə Cənubi Qafqazı xaosa sürükləmək niyyətindədir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
Oktyabrın 26-na təyin edilmiş seçkilərdə əsas mübarizənin hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası və Avropa İttifaqı ilə yaxınlaşmanı müdafiə edən bir sıra müxalifət partiyaları, blokları arasında olacağını qeyd edən deputat əlavə edib: “Buna görə, seçki günü yaxınlaşdıqca ölkədə siyasi qüvvələr arasında mübarizə də getdikcə artır. Kollektiv Qərb isə odun üstünə yağ tökməklə məşğuldur. Xüsusilə də Avropa İttifaqı seçki ərəfəsində Tbilisiyə təzyiqi gücləndirir, onu Avropaya inteqrasiya kursundan yayınmaqda ittiham edir. Brüssel seçkilərdə onun istədiyi nəticənin əldə edilməyəcəyi təqdirdə Gürcüstan hökumətini bir çox problemlərlə üzləşəcəyi ilə hədələyir. Qərb iddia edir ki, hakim partiya ölkəni Avropadan üz döndərməyə, Rusiya ilə yaxınlaşmağa hazırlaşır. Halbuki Qərbin bu iradlarının heç bir ciddi əsası yoxdur, çünki rəsmi Tbilisi yalnız qonşuları ilə problemsiz əlaqələr qurmaq niyyətindədir.
Əlbəttə, Tbilisi haqlı olaraq kollektiv Qərbin bu davranışını ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirir. Qərb onun Gürcüstanın suverenliyini gücləndirən, kənar müdaxilələrin qarşısını alan qanunvericilik bazasını yaratmasından narazıdır. Çünki siyasi iradəsini həyata keçirən çoxsaylı qeyri-hökumət təşkilatlarına nəzarətin gücləndirilməsi Brüsselin planlarına uyğun gəlmir. Gürcüstan hakimiyyəti də dəfələrlə bəyan edib ki, xaricdən maliyyə alan gürcü qeyri-hökumət təşkilatları seçki kampaniyasında iştirak edir, müxalifət partiyalarını dəstəkləyir, onlar üçün müxtəlif tədbirlər, mitinqlər keçirir və mövcud hakimiyyət əleyhinə təbliğat aparırlar. Bundan əlavə, rəsmi Tbilisi bəzi Qərb siyasətçilərini açıq şəkildə müxalifət partiyalarını dəstəkləməkdə və hakimiyyətə qarşı çıxmaqda ittiham edirlər”.
R.Mahmudovun sözlərinə görə, Gürcüstan Qərblə Şərq arasında gedən geosiyasi mübarizənin mərkəzində olmaq istəmir. Qərbin siyasi iradəsinin obyekti olmamaq üçün hakim partiya Gürcüstan dövlətinin və xalqının maraqlarının qorunmasını daha vacib hesab edir. Gürcü xalqı da gözəl anlayır ki, Qərbin Gürcüstan və ümumilikdə Cənubi Qafqaz uğrunda apardığı geosiyasi mübarizənin məqsədləri regionda öz təsirlərini gücləndirməkdən, regional nəqliyyat kommunikasiyalarına nəzarət etməkdən və bu siyasi oyunun qalibi kimi qəbul olunmaqdan ibarətdir. Gürcüstanda da Qərbin siyasi iradəsini yerinə yetirən dövlətlərin aqibətindən çox gözəl xəbərdardırlar və buna görə də qeyri-regional dövlətlərin seçki prosesinə müdaxilələrinin yolverilməz olduğunu bəyan edirlər.
“Əminəm ki, 26 oktyabr seçkilərində qardaş gürcü xalqı seçimini edərək təhlükəsizliyə, sabitliyə səs verəcək. Necə ki, Azərbaycan xalqı bunu bacardı. Xalq şər qüvvələrin deyil, öz maraqlarını qorumaqla ölkəsinin, dövlətinin yanında durdu. Açıq şəkildə Qərbə, ABŞ-a bəyan etdi ki, bu ölkədə xalqın sözü və səsi keçir, bütün qüvvə xalqın iradəsi qarşısında acizdir. İnanırıq ki, gürcü xalqı doğru seçim edərək var-gücü ilə Cənubi Qafqazı qarışdırmaq istəyən Qərbə yerini göstərəcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.