Moldovada prezident seçkiləri və Avropa İttifaqına üzv olmağa dair Konstitusiya referendumu ilə bağlı səsvermə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlamasına görə, prezident seçkiləri və referendum baş tutmuş hesab edilib.
MSK-nın məlumatına görə, prezident seçkilərində səsvermə hüququ olan vətəndaşların 50 faizindən çoxu iştirak edib. Ən fəallar arasında Kişineu, Donduseni, Taraclia, Falesti sakinləri və xaricdəki seçicilər olub. Moldova vaxtı ilə saat 19:45-ə qədər 1 milyon 498 min 505 seçici səs verib.
Prezident seçkiləri və respublika Konstitusiya referendumu üçün MSK 7,3 milyondan çox bülleten çap edib. Onlardan 1,7 milyona yaxın bülleten xaricdə olan seçicilər üçün çap edilib. Bu seçkidə bülletenlər beş etnik azlığın dillərində çap olunub.
Ölkədə və xaricdə yaşayan vətəndaşlar şəxsiyyət vəsiqəsi və ya pasport ilə səsvermədə iştirak ediblər. Ümumilikdə 42 minə yaxın gənc ilk dəfə səs verib.
Seçkiləri 2061 milli və beynəlxalq müşahidəçi izləyib. Onlar səsvermə proseduruna, bülletenlərin hesablanmasına və nəticələrin hesablanmasına nəzarət ediblər.
Seçki bülletenində ali dövlət postu uğrunda 11 namizəd mübarizə aparıb.
Eyni zamanda, bu gün Moldova Respublikasında Konstitusiya referendumu keçirilib. Vətəndaşlar “Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün Konstitusiyanın dəyişdirilməsinin tərəfdarısınızmı?” sualına cavab veriblər. Referendumla bağlı sual ayrıca seçki bülletenində çap olunub və vətəndaşlar Konstitusiyaya dəyişikliklərlə bağlı suala “HƏ” və ya “YOX” cavabını veriblər.