Ayxan Hacızadə: Ermənistanın baş nazirinin iddiaları reallıqların təhrif olunması cəhdidir

post-img

Ermənistan baş nazirinin oktyabrın 12-də “Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti” adlı forumda çıxışı zamanı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların təhrif olunması cəhdidir.

Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş nazirinin çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində bildirib.

O qeyd edib ki, üçtərəfli Bəyanata istinadən kommunikasiyaların açılması məsələsində Ermənistan baş nazirinin açıqlaması bu ölkənin rəhbərliyinin üzərinə götürdüyü öhdəliklərə dair etinasızlığını növbəti dəfə nümayiş etdirir. Üçtərəfli Bəyanatın 9-cu bəndində Ermənistanın kommunikasiyaların açılması xüsusunda hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarətin hansı formada təşkil olunacağı açıq-aydın təsvir olunub.

“Ümumiyyətlə, Ermənistanın üçtərəfli Bəyanatdan irəli gələn digər öhdəlikləri pozan fəaliyyətlərinə nəzər salsaq, ilk növbədə, İrəvanın 2023-cü ilin sentyabr ayınadək öz qanunsuz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaması, humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar ötürməsi, ölkəmizə qarşı mina terrorunu davam etdirməsi xatırlanmalıdır.

Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan tərəfinin Azərbaycan ərazilərində saxladığı qondarma rejimin təbliğatını aparması və Ermənistan baş nazirinin 2023-cü il sentyabrın 2-də qondarma “müstəqillik” ilə bağlı separatçı xunta rejiminə təbriklərini çatdırdığını heç kəs unutmayıb. Bu baxımdan Ermənistan baş nazirinin Laçın dəhlizinin fəaliyyəti, qaçqın və məcburi köçkünlərin qayıdışına dair ritorik sualları yalnız təəccüb və istehza doğurur”, - deyə Ayxan Hacızadə bildirib.

Mətbuat katibi, həmçinin əlavə edib ki, Ermənistan tərəfinin hərbi əsirlərin qaytarılmadığını iddia etməsi gülüncdür. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib. Erməniəsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil.

“Sonda bir daha Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüququn prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü vəziyyətdən nəticə çıxarmayan Ermənistan rəhbərliyini heç bir çərçivəyə sığmayan, reallıqları təhrifə edən və nəticə etibarilə beynəlxalq ictimaiyyəti yanıltmağa yönələn açıqlamalardan çəkinməyə çağırırıq”, - deyə XİN-in rəsmisi vurğulayıb.

Siyasət