2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
• Müdafiə Nazirliyinin yaydığı məlumat görə, Azərbaycan Ordusu bütün cəbhəboyu əməliyyat üstünlüyünü qoruyub. İğalçı itirdiyi mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə–Ağdam və Füzuli–Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Ordumuzun mövqelərinə hücum etməyə cəhd göstərib.
Həyata keçirilən əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası sıradan çıxarılıb.
Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya bölməsi Hadrut qəsəbəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə hərbi texnikasını döyüş mövqelərində qoyub qaçıb. Qırmızı Bazar istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində düşmənin yeraltı sığınacağı dağıdılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
• Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibədə ölkəmizin erməni diasporunun qara təbliğat ilə uzun illərdir ki, üzləşdiyini diqqətə çatdırıb: “Bunun bir neçə səbəbi var, onlardan biri də bəzi ölkələrdə erməni diaspor təşkilatlarının fəaliyyətidir. Onların fəaliyyətinin hədəfində Azərbaycan dayanır. Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yalanlar yaymaq və beləliklə, ölkəmizin imicinə zərbə vurmaq məqsədləri daim onların gündəliyində olan məsələlərdir”.
Ölkə rəhbəri daha sonra bildirib ki, son döyüşlərlə əlaqədar erməni diaspor təşkilatları və onların havadarları, dünya erməniliyi Azərbaycana qarşı mətbuat savaşına başlayıb. Bunun nəticəsidir ki, hazırda dünya mətbuatında bir çox hallarda təhrif edilmiş məlumatlar yer alır. Ona görə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bizim böyük səylər göstərməyimiz gərəkdir. Bu baxımdan Türkiyənin mətbuat nümayəndələrinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Çünki demək olar, hər gün gecə-gündüz qardaş ölkənin aparıcı televiziya kanalları, digər mətbu orqanları bu münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırır.
Prezident İlham Əliyev müsahibədə vurğulayıb ki, atəşkəs rejimi tətbiq olunandan sonra Ermənistan demək olar ki, dərhal öz çirkin əməllərini davam etdirib: “Biz bir müddət ara vermişdik, çünki biz sözümüzə sadiqik. Bir halda ki, bu atəşkəs haqqında açıqlama verilmişdir, biz ümid edirdik ki, bundan sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll ediləcək. Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb, təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək. Ancaq təəssüf ki, biz bunu görmədik və saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulub”.
Müsahibədə diqqətçəkən bir məqama da toxunulub. Bildirilib ki, Ermənistan atəşkəsi pozduqdan sonra gecə saatlarında mülki şəxslərə qarşı dəhşətli cinayət törədib. Gəncə şəhəri bombardman edilib. Şəhər “Toçka-U” raketləri ilə atəşə məruz qalıb və bunun nəticəsində mülki vətəndaşlar həlak olub və yaralanıblar: “Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistanın havadarları, onların hamiləri və islamofob dairələr bu cinayəti gizlədə bilməyəcəklər. Çünki artıq hər şey göz qabağındadır”.
• Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Süleymanlı kəndinin videogörüntülərini paylaşıb.
• Ermənistan ordusuna məxsus üç pilotsuz uçuş aparatını Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri məhv ediblər.
• Baş Prokurorluğun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 12-si saat 12:00-dək 41 mülki şəxs həlak olub, 207 nəfər xəsarət alıb, 1185 ev, 57 çoxmənzilli yaşayış binası və 148 mülki obyekt yararsız vəziyyətə düşüb. Düşmənin atəşi nəticəsində Tərtərdə məcburi köçkünlər üçün salınan yaşayış kompleksinə böyük ziyan dəyib.
Rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.
XQ