Böyük Britaniyanın “Climate Home News” saytında COP29-un təyin olunmuş prezidenti Muxtar Babayevin iqlim sammiti ilə bağlı məqaləsi dərc olunub. Məqalədə bu həftə Bakıda BMT-nin iqlim danışıqlarının texniki və siyasi aspektlərinin müzakirəsinin iqlim sammiti ərəfəsində dönüş nöqtəsi olduğu və iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə lakmus kağızı rolu oynadığını bildirib.
Məqalədə deyilir: “COP28 keçirildiyi ilin ilk 6 ayında ekstremal hava hadisələri ölkələrə 41 milyard dollar ziyan vurdu ki, bu, qətiyyətli tədbirlərin görülməsinin vacibliyini təsdiqlədi. BMT-nin iqlim danışıqlarının texniki və siyasi aspektləri arasında qarşılıqlı əlaqənin sürətləndirilməsi vacibdir, çünki texnoloji tərəqqi siyasi qərarları məlumatlandırır və siyasi iradə texnoloji irəliləyişlərə imkan verir. Pre-COP öz işinə 2030-cu ilə qədər 250 milyard dollara qədər qənaəti təmin edə biləcək səmərəli karbon bazarların üçün çərçivə olan COP29-da 6-cı maddənin razılaşdırılması ilə bağlı texniki məsələlərdə irəliləyişlə başladı”.
COP29-un təyin olunmuş prezidenti daha sonra qeyd edib ki, iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi COP29 danışıqları üçün əsas prioritet olaraq qalır. Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün iqlim tədbirlərinin gerçəkləşdirilməsi vacibdir və burada problemin həm aktuallığı, həm də miqyası nəzərə alınmalıdır. Paris Sazişi üzrə öhdəliklərə uyğun şəffaflıq da eyni dərəcədə zəruridir. Bir sıra kritik məsələlərdə mövqelərin yaxınlaşmasının çox ümidverici əlamətləri var.
Muxtar Babayevin sözlərinə görə, iqlim dəyişikliyi idarəetmənin və cəmiyyətin bütün aspektlərinə təsir göstərir, buna görə də bütün müvafiq dövlət idarələri bu prosesdə maliyyə, enerji, kənd təsərrüfatı və səhiyyəyə mövzularında keçirilən müzakirələrdə fəallıq göstərməli, əsasən, COP28-də razılaşdırılmış iqlim fəaliyyətinə dair ilk qlobal hesabatın nəticələrinə əsaslanmalıdır.
“Hər şeydən əvvəl ədalətli iqlim maliyyəsini gerçəkləşdirmək üçün birlikdə işləməliyik. Biz, eyni zamanda, davamlılıq yaratmalıyıq və emissiyaları azaltmalıyıq. Bu, enerji sistemlərində qalıq yanacaqlardan uzaqlaşmanın ədalətli və nizamlı şəkildə təşviq edilməsini əhatə edir. Hər bir töhfə önəmlidir”, – məqalədə vurğulanıb.
Məqalədə bildirilib ki, iqlim sammiti ərəfəsində COP29-un Sədrliyi aparıcı rol oynayır və Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr üzərində genişmiqyaslı tədbirlər həyata keçirir. Şübhəsiz ki, bu məsələdə Birləşmiş Ərəb Əmirliyi və Braziliyadan olan həmkarların da rolu əvəzsizdir.
COP29-un Sədrliyi, həm də vədləri konkret fəaliyyətə çevirməyə diqqət yetirir. BMT-nin “Yaşıl iqlim” və “Adaptasiya” fondlarına töhfələrin əhəmiyyətli dərəcədə artırılmasına təcili ehtiyac var. İstixana qazları emissiyalarına dair iki illik şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsi də Paris Sazişinin bütün bəndləri üzrə ambisiyaların artırılması üçün mühüm önəm daşıyır.
“Azərbaycan COP29-da ölkələr arasında körpü rolunu oynamaq üçün əlindən gələni edəcək. Bu iqlim konfransı uğur sammitinə çevriləcək və hamımız böyük çağırışa cavab vermək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Danışıqlar zamanı bütün tərəflər bir-birinə necə yaxınlaşa biləcəkləri barədə düşünməlidirlər. Çünki biz birlikdə ambisiyaları yüksəltdiyimiz və fəaliyyət üçün şərait yaratdığımız uğurlu konfransa yol aça bilərik. Biz sabahı xilas etmək üçün bu günə sərmayə qoya bilərik”, – məqalədə qeyd olunub.