Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakteri iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək

post-img

Azərbaycanın Rusiya ilə əlaqələri çoxəsrlik tarixə malikdir və bu gün də bu münasibətlər dinamik inkişafdadır.  Azərbaycan Prezidentinin Rusiyaya, Rusiya Federasiyasının Prezidentinin isə ölkəmizə səfəri həmişə diqqət mərkəzində olub. Hazırda Cənubi Qafqazın lider dövləti olan Azərbaycan dünya və region ölkələri ilə əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir və balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirir. Bölgədə sabitləşdirici aktor kimi çıxış edən ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünya ölkələri arasında böyük etimad qazanıb. Dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu və uğurlu xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Dövltimizin başçısının Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı və çıxışı böyük maraqla izlənildi.

Bu fikirləri redaksiyamıza açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib. 

Hüquq müdafiəçisi deyib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri iki ölkə arasında  münasibətlərin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərin ardıcıl inkişafına təkan verəcək: “ Dövlətimizin başçısı tədbir iştirakçılarına Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilildiyi barədə məlumat verdi. Qeyd etdi ki,  MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Məlum olduğu kimi, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Bununla yanaşı, III MDB Oyunlarının növbəti il Azərbaycanda keçiriləcəyi barədə məlumat verildi. Bu yarışlarla əlaqədar  Azərbaycan qədinm şəhərlərindən biri olan Gəncə  idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Bundan başqa, Bir aydan sonra Bakının ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına evsahibliyi edəcəyi də diqqətə çatdırıldı. Sevindirici haldır ki,  200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul edib. Bu, bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirilir. 

Ç.Qənizadə Prezident İlham Əliyevin çıxışında Azərbaycanın İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında sanballı töhfə verdiyi barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Prezident dei ki, həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar”.

Hüquq müdafiəşisi dövlət başçımızın həmin gün Moskvada “Rossiya-1” televiziya kanalına verdiyi müsahibədən bəzi məqamları da diqqətə çatdırıb. Qeyd olunub ki, Amerikanın Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur. Sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq. Beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik.

XQ



Siyasət