Qərbin Ermənistana dəstəyi bu ölkəni məhvə doğru sürükləyir

post-img

“Bu gün səhər mənə məlumat verildi. Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır. O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün. Axı, biz nə etmişik? Biz öz doğma torpaqlarımızı azad etmişik”. – Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı ABŞ-nin Azərbaycana qarşı münasibətindəki son dövrlər özünü daha qabarıq göstərən riyakarlıq məqamı üzərində dayanıb. Birləşmiş Ştatların bu dəst-xətti, bütövlükdə, kollektiv Qərbin anti-Azərbaycan ritorikasının məhsuludur. Bu ritorikanın güclənməsində məqsəd isə məlumdur. Ölkəmizi BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu konfransı – COP29 müstəvisində ləkələmək, Bakının nüfuzlu toplantıya evsahibliyinə kölgə salmaq. Əlbəttə, daha böyük məqsədlər də var. Yazımızda bu barədə də söhbət açacağıq.

Məlumdur ki, ABŞ başda olmaqla, kollektiv Qərb Cənubi Qafqazda erməni avantürizminin saxlanılmasında maraqlıdır. Qərb bu yolla, həm Rusiyanı regiondan sıxışdırmaq, həm də Azərbaycana qarşı təzyiq alətlərini diri tutmağı düşünür. Özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan modeli ona, qətiyyən, sərf eləmir. Ona görə hərəkətə keçir, ölkəmizi beynəlxalq ictimaiyyətin gözündən salmaq yolunu tutur. COP29 isə bu baxımdan kifayət qədər, münbit platforma kimi dəyərləndirilir. Axı dünyanın gözü ölkəmizdədir. Deməli, belə demək mümkünsə, erməni avantürizmini COP29-la əlaqələndirmək mümkündür. Daha doğrusu, belə bir “əlaqələndirmə” gündəmdədir.

Bəli, tam əminliklə deyə bilərik ki, Qərb, o cümlədən, ABŞ Ermənistanın, erməni millətçiliyinin Qarabağ avantürizmi üzərinə siyasi sərmayə yatırmaqla məşğuldur. Beynəlxalq hüquqa zidd olan bu yanaşmanın tərkib hissəsi kimi, Bakı həbsxanalarında saxlanılan Qarabağdakı keçmiş separatçı rejimin təmsilçilərinin azadlığa çıxmaları ilə bağlı kampaniya aparılmaqdadır. Rəsmi İrəvan bu “kampaniyadan” uzaq kimi görünsə də, məlumdur ki, mövcud istiqamətdə ciddi koordinasiyaya malik birgə fəaliyyət mövcuddur.

Hər halda, Qarabağ separatçı rejiminin İrəvandakı təmsilçilərinin ABŞ Konqresinə dəvət edilmələri, qurumda “Dağlıq Qarabağın süqutu”na həsr olunmuş tədbirin düzənlənməsi, Birləşmiş Ştatların hökumət, parlament və vətəndaş cəmiyyəti institutlarının Qarabağdan köç etmiş ermənilərə dəstək xarakterli çoxsaylı təşəbbüsləri, konqresmen Adam Şiff və həmkarları tərəfindən irəli sürülmüş 2024-cü il üçün “Artsax gəlirlərinin bərpası aktı”, USAID-in rəhbəri Samanta Pauerin “ermənilərin Qarabağdan kütləvi köçü”nə dair bəyanatı və ümumən bu qurumun Ermənistan təəssübü baş nazir Nikol Paşinyan administrasiyası ilə razılaşdırılmamış proses ola bilməz.

“Artsax respublikası”nın keçmiş “ombudsmanları” Yuri Ayrapetyan, Ruben Melikyan, Artak Beqlaryan, eləcə də Ermənistanın keçmiş ombudsmanları Arman Tatoyan və Larisa Alaverdyan oktyabrın 11-də BMT-nin Ermənistandakı ofisinin, Ermənistan Xarici İşlər Nazirliyinin, habelə ABŞ-nin, Rusiyanın və Fransanın Ermənistandakı səfirliklərinin binası yaxınlığında etiraz aksiyaları düzənləməyi planlaşdırırlar. “Ombudsmanlar” aksiya ilə Bakıda həbsdə olan separatçıların və Azərbaycan ərazilərində kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyə çalışan ermənilərin azadlığa çıxmalarını tələb etmək istəyirlər. Təşkilatçılar COP29 məsələsində ölkəmizə təzyiq göstərilməsini hədəflədiklərini gizlətmirlər. Yada salaq ki, ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvü 2024-cü il oktyabrın 3-də ölkənin dövlət katibi Antoni Blinkenə ünvanladıqları müraciətdə də müharibə cinayətkarlarının azadlığa buraxılmalarına və Ermənistanın hərbiləşdirilməsinə dair çağırış səsləndiriblər. Şübhəsiz, bütün bunlarda da rəsmi İrəvanın əli var.

Göründüyü kimi, Qərb müxtəlif istiqamətlərdən Azərbaycana qarşı təzyiq yolu tutub. Mövcud istiqamətdəki məqsədlərdən söz açdıq. Ən başlıca məqsəd isə Bakının İrəvanla sülh prosesində yumşalmalara getməsinə nail olmaqdır. Ermənistanın sürətlə silahlandırılması da buna xidmət edir, Birləşmiş Ştatların ölkəmizə ünvanlanan sanksiya hədə-qorxuları da həmçinin. Bildirdiyimiz kimi, Qərb Cənubi Qafqazda erməni avantürizmini diri saxlamaq barədə düşünür. Bunun yolu isə həmin avantürizm üçün münbit zəmin formalaşdırmaqdan keçir.

Qərbdə hesab edirlər ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməməlidir. Mühüm şərt isə Naxçıvana maneəsiz, yəni, heç bir gömrük və sərhəd nəzarəti olmayan yolun təminatıdır. O yol ki, ölkəmiz onu “Zəngəzur dəhlizi” adlandırır. O dəhliz ki, Şərqlə Qərbi birləşdirəcək Orta dəhliz məntiqindəki başlıca halqadır. İrəvan buna qarşılıq özünün “Dünyanın kəsişməsi” ideyasını ortaya atır. Bu ideya Ermənistanı qlobal nəqliyyat xabının əsas fiquruna çevirə bilər. Bu status ölkəyə həm iqtisadi, həm hərbi gücünü artırmaq, üstəlik, istənilən an mühüm nəqliyyat kommunikasiyalarının işini iflic etmək imkanı yaradır.

Deməli, əgər hazırda Azərbaycana Qarabağ məsələsində təzyiq etmək əldən çıxıbsa, Qərb təzyiqin yeni seqmentini işə salır. Eyni zamanda, nəzərə alaq ki, “Dünyanın kəsişməsi” prinsip etibarilə “Rusiyasız Cənubi Qafqaz” planının tərkib hissəsidir. Əlbəttə, Azərbaycan üçün Rusiyanın bölgədə varlığı ilə yoxluğu elə bir əhəmiyyət daşımır. Eləcə də Qərbin anti-Rusiya köklənişinin ölkəmiz üçün hansısa önəmi yoxdur. Bizim üçün erməni avantürizminin Cənubi Qafqazdakı sülh və əməkdaşlıq formulunu təhdid etməməsi, onun heç bir təhdid rıçaqına malik olmamasıdır.

Rusiyanın üçtərəfli bəyanat məsələsindəki rolunun nəzərə alınması isə oyun qaydalarının düzgünlüyü baxımından vacibdir. Axı üçtərəfli bəyanat Moskvanın Ermənistanla bağlı üzərinə götürdüyü öhdəlikdir. 2020-ci ildə hazırda İrəvanın sığındığı Qərb belə bir öhdəliyi üzərinə götürə bilirdimi? Xeyr! Rusiya üçtərəfli bəyanatla Ermənistanı, necə deyərlər, Azərbaycanın əlində qalıb tamamilə məhvə sürüklənməkdən qurtarıbsa, deməli, onun həmin sənədlə malik olduğu imtiyazların nəzərə alınması şərtdir. O cümlədən, Naxçıvana yol məsələsində yaratmalı olduğu təhlükəsizlik tədbirləri də.

Sonda qeyd edək ki, hazırda Qərb istər COP29 məsələsində, istərsə də digər müstəvilərdə anti-Azərbaycan fəaliyyət gerçəkləşdirib ermənipərəst mövqeyə köklənirsə, yaxın keçmişi yada salmalıdır. Daha doğrusu, həm 44 günlük müharibə, həm də lokal xarakterli antiterror tədbirləri dönəmini. Qərbin İrəvana illüziya vədindən başqa hansısa real dəstəyi, faydası olubmu? Xeyr! Ermənistanda bunu düşünməlidirlər. Ancaq düşünmürlər, baş nazir Nikol Paşinyan və komandası reallığı dərk etməyəcək qədər iflic durumdadır.

Ə.CAHANGİROĞLU
XQ



Siyasət