Minskdə Azərbaycanın və Belarusun baş nazirlərinin görüşü olub

post-img

Minskdə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 3-də Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə hökumət başçılarının məhdud tərkibdə görüşü keçirilib. Sonra müzakirələr hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkənin prezidentlərinin sıx təmasları və birgə səyləri nəticəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafı qeyd edilib.

Bu xüsusda Belarus Prezidentinin bu ilin mayında Azərbaycana dövlət səfərinin əhəmiyyəti vurğulanıb.

Hökumət başçıları iqtisadi-ticari əməkdaşlığa dair cari məsələləri müzakirə ediblər. Bildirilib ki, bu ilin 8 ayının yekunları üzrə qarşılıqlı ticarətin həcmində 39 faiz artım müşahidə olunub. Ticarət dövriyyəsinin artması tendensiyasının dəstəklənəcəyinə əminlik ifadə edilib.

Vurğulanıb ki, dövlət başçılarının qarşılıqlı maraq doğuran bir sıra perspektivli istiqamətlər üzrə layihələrin hazırlanması ilə bağlı birgə qərarı çoxşaxəli qarşılıqlı fəaliyyətə mühüm təkan verib.

Bu baxımdan iki ölkənin prezidentlərinin razılaşmalarının və tapşırıqlarının icrasına xüsusi diqqət yetirilir.

Bir sıra sahələrdə, o cümlədən sənaye kooperasiyası, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aqroşəhərciklərin salınması, həmçinin peşə təhsili sahəsində konkret layihələrin işlənib hazırlanmasında əldə olunan uğurlardan məmnunluq ifadə edilib.

Sənaye kooperasiyası Azərbaycan-Belarus əməkdaşlığının əsas istiqaməti kimi qiymətləndirilib, Gəncə Avtomobil Zavodu ilə Belarusun aparıcı maşınqayırma müəssisələri arasında uzunmüddətli uğurlu qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilib.

Hökumət başçıları aqrar sahədə əməkdaşlığın sabit inkişafını qeyd edib və hər iki tərəfin kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünü artırmağa hazır olduğunu təsdiqləyiblər.

Tərəflər nəqliyyat və tranzit sektorunda əməkdaşlığın dərinləşdirilməsini zəruri hesab ediblər.

Ənənəvi olaraq mədəni-humanitar əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Hökumət başçıları mədəni, elmi və gənclər mübadiləsinin intensivləşdirilməsini, eləcə də təhsil sahəsində qarşılıqlı fəaliyyətin inkişafını təqdir ediblər.

Tərəflər, həmçinin Belarus Prezidentinin dövlət səfəri zamanı iki ölkənin bir sıra şəhərləri arasında qardaşlaşmış şəhərlər əlaqələrinin yaradılmasına dair sazişlərin imzalanmasının göstəricisi kimi regionlararası əməkdaşlığın genişləndirilməsini qeyd ediblər.

Turizm sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.

Əli Əsədov və Roman Qolovçenko, həmçinin qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, Azərbaycan və Belarus üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə birgə fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər.

Danışıqların yekununa dair Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, səhiyyə sahəsində əməkdaşlıq, Ağdam rayonunun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi və yanğınsöndürmə avadanlığının tədarükü ilə bağlı bir sıra sənədlər imzalanıb.





Siyasət