I məqalə
Milli ideyanın fəlsəfəsi
Yeni tarixi mərhələdə milli ideyanın müəyyən edilməsi fonunda “millət” ideyasının da fəlsəfi dərkinin əhəmiyyəti aydın görünür. Mövcud fəlsəfi araşdırma təcrübəsinə baxanda burada mürəkkəb və dərin dinamikalı bir fenomenin olduğunu görürük.
Məsələ onunla bağlıdır ki, milli ideya çoxaspektli semantik, fəlsəfi, siyasi-nəzəri və sosial-mədəni anlamı olan məhfumdur. Həm də milli ideyada toplumun (millətin) geosiyasi, tarixi və mədəni özəllikləri ciddi rol oynayır. Bütövlükdə, milli ideyanın toplumun dünyaduyumu, həyat fəlsəfəsi, strateji məqsədləri, tarixi, sosial-mədəni özəllikləri ilə sıx bağlılıqda formalaşması haqqında yekdil mövqe mövcuddur. Daha geniş kontekstdə isə onun dövlətçilik ənənəsi, lider–toplum münasibətləri, milli xarakter, fərdi və kollektiv identikliyin nisbəti, milli özşüur, dövlətçilik şüuru və etnik identikliklə qarşılıqlı bağlılıqda yarandığını deyə bilərik.
Avropa və Rusiya filosofları bununla bağlı geniş araşdırmalar aparmışlar. Məsələn, indiki mərhələdə M.Hrox milli hərəkatın xarakter və məzmununu milli ideya ilə əlaqələndirir. O vurğulayır ki, bu zaman milli hərəkatı stimullaşdıran və yönəldən milli ideya konkret ölkənin tarixindən, sosial-psixoloji özəlliklərindən, mədəniyyətindən və milli özşüur tərkibində dövlətçilik şüurundan asılı olur.
Beləliklə, hər bir tarixi dönəmdə milli ideya geniş anlamda geosiyasi və tarixi-mədəni xüsusiyyətlərin qarşılıqlı münasibətləri fonunda formalaşa bilər. Təbii ki, ümumfəlsəfi aspektdə məsələnin belə qoyuluşunun mənası vadır. Bununla yanaşı, söhbət konkret cəmiyyətdən gedəndə milli ideya kontekstində həm geosiyasi amilləri, həm də tarixi-mədəni özəlliyi ayrıca nəzərə almaq gərəkdir. Bu da məsələnin həm fəlsəfi, həm də praktiki reallaşma aspektini daha da aktuallaşdırır.
Geosiyasi və tarixi-mədəni amillər
Milli ideya haqqında söylənilən fikirlər onu göstərir ki, o, toplumun mövcudluğunun geosiyasi və tarixi-mədəni şərtləri ilə sıx əlaqəlidir. Bu keyfiyyətdə milli ideya üçün meydana çıxan əsas suallardan biri konkret tarixi dönəmdə tarixi-mədəni, yaxud geosiyasi amillərin həlledici rol oynaması ilə bağlıdır.
Onu da deyək ki, geosiyasi kontekst milli ideya baxımından heç də ikincidərəcəli amil deyildir. XIX əsrdə yaşamış T.Rasselin milli ideya ilə bağlı 1898-ci ildə yazdığı məşhur məqalədə geosiyasi kontekst ciddi surətdə nəzərə alınmışdır. Konkret olaraq, T.Rassel milli ideyanı, bütövlükdə, dövlətin və millətin təhlükəsizliyi ilə sıx əlaqələndirmişdir.
Eyni mövqe XX əsrin sonu və XXI əsrin ilk onilliklərində də geostrateqlərin və filosofların əsərlərində özünü göstərir. 1994-cü ildə Henri Kissincer yazırdı ki, hər bir dövlətin “həyati əhəmiyyətli maraqları” mövcuddur. Dövləti əhatə edən “beynəlxalq aləmdə elə dəyişikliklər” baş verə bilər ki, “böyük ehtimalla milli təhlükəsizliyin dağılmasına səbəb olar”. Bu halda dövlət və cəmiyyət təhlükənin hansı formada olmasından asılı olmayaraq, ona qarşı durmalıdır.
Başqa bir nümunə kimi keçən əsrin sonlarında Rusiyada aparılan tədqiqatlarda yer almış fikirləri göstərmək olar. A.Arbatov yazırdı ki, “rus ideyası” milli ideya kimi rus milli xarakteri ilə sıx bağlıdır. Eyni zamanda, bu məsələ Rusiyanın geosiyasi durumu ilə birbaşa əlaqəli olmuşdur. Hətta XX əsrin sonlarında rus milli ideyası daha çox geosiyasi amildən asılı hala gəlmişdir.
Milli ideya, milli kimlik və siyasi identiklik
Frensis Fukuyamanın milli kimlik və milli identiklik aspektində “siyasi identiklik” anlayışını təhlili milli ideyanın fəlsəfi anlamı baxımından maraqlıdır. F.Fukuyama müasir mərhələdə toplumsal miqyasda identikliyin siyasi və geosiyasi anlamlar kəsb etdiyini vurğulayır və belə qənaətə gəlir ki, milli identikliyə sayğılı münasibət həm də siyai identikliyi beynəlxalq miqyasda qəbul etməyə imkan yaradır. O yazır ki, “öz identikiliyinə sayğılı yanaşma və etiraf etdirmə tələbi universal anlayışdır” ki, bu da müasir dünya siyasətində “çox şeyi əhatə edir”.
Belə görünür ki, F.Fukuyama kollektiv identikliyi qəbuletdirməni müasir dövlətçilikdə mühüm fenomen hesab edir. Bu yanaşma çərçivəsində özlüyündə milli identikliklə siyasi identiklik və milli ideya sıx bağlı görünür. Onun fəlsəfi təməli kimi, F.Fukuyama “öz ləyaqətini daxilən duyma” ilə həmin ləyaqəti ətraf aləmə qəbuletdirmə arasında sıx əlaqənin olmasını bildirir.
Buradan F.Fukuyama identikliyin müəyyən edilməsini XXI əsrdə dünya siyasətində ciddi hadisə kimi təqdim edir. Bu mənada o, identikliyin hətta “solçuluq” və “sağçılıq”dan daha çox cəmiyyət və dövlətin ümumi obrazını müəyyən etdiyini ifadə edir.
Nəhayət, “inkişaf etmiş milli identiklik” “etnomillətçiliyə” yuvarlanırsa, bir növ cəmiyyət və deməli, milli ideya formalaşdırır, başqa struktur-funksional özəllik kəsb edirsə, fərqli milli ideya formalaşdırır .
Frensis Fukuyamanın bu ideyaları Qərbdə maraqla qarşılanmışdır. Bütün hallarda tədqiqatçılar milli və siyasi identiklikdə geosiyasi və tarixi-mədəni amillərin qarşılıqlı əlaqəsini inkar etmirlər.
Milli ideya və “millət” ideyası anlayışı
Yuxarıdakı fikirlərdən belə çıxır ki, hər bir ölkənin konkret tarixi mərhələdə milli identikliyinə tarixi-mədəni amillər ciddi təsir edir. Bu proses müxtəlif aspektlərdə həmin dövrün geosiyasi xüsusiyyətləri ilə qarşılıqlı əlaqədə özünü göstərir. Məhz buna görədir ki, eyni tarixi mərhələdə müxtəlf ölkələrin milli ideyaları bir-birindən fərqlənirlər. Bu özəllik hətta eyni regionda yerləşən iki qonşu dövlətə xas ola bilər.
Tarixi-mədəni kontekstdə milli ideyanın fəlsəfi dərki üçün əhəmiyyətli olan bir özəlliyi vurğulamaq gərəkdir. Filosoflar “milli ideya” ilə “millət ideyası” arasında fərq qoyurlar. Bu anlayışlar ilk baxışdan bir-birinə sinonim kimi görünürlər, lakin dərinliyə varanda aralarında ciddi məna fərqlərinin olduğu üzə çıxır. Həmin fərqlər məhz toplumun tarixi-mədəni təkamül bağlılığında dərki zamanı özünü göstərir.
Bu baxımdan ingilis tarixşünası Benedikt Andersonun millətçiliklə və millətlə bağlı maraqlı araşdırmasına baxmaq olar. B.Anderson, ümumiyyətlə, “millət” anlayışını təxəyyülün məhsulu hesab edir. Kollektiv zəka özü haqqında “millət anlamını” yaradır. Reallıqda bunun belə olub-olmadığı isə tam aydın deyildir. Əslində, burada ingilis tədqiqatçı hər bir toplumun özünün daxili tarixi-mədəni dinamikası olduğuna işarə edir. Toplum özünü həmin çərçivədə dərk edir. Bu özünüdərk digərlərindən fərqlənir. Ona görə də “millət” konkret şərtlər daxilində hər şeydən öncə ideyadır.
Belə alınır ki, “millət” ideyası tarixi sosial-mədəni varlığın aktual anlayışlarından biridir. Müasir sosial-mədəni varlıq kontekstində “millət” ideyası milli ideyadan etno-mədəni identiklik aspektində fərqlənir. Milli ideya baxımından da məsələnin maraqlı və aktual tərəfi həmin məqamla əlaqəlidir. Səbəbi milli ideyanın “milliliyi”nin hansı məzmun, forma və məqsəd alması ilə bağlıdır.
Bunun təməlində isə milli ideyanın “millilik” xüsusiyyətinin “kültür varisliyi” və “sivil özünəməxsusluğu”ndan qaynaqlanması dayanır. Bununla, “milli ideya” və “millət” ideyasının mümkün qarşılıqlı müqayisəsinin ortaq idraki (koqnitiv) sahəsini müəyyən etmək mümkün olur: vurğulanan anlayışlar tarixi sosial-mədəni gerçəklik fonunda toplumun mədəniyyət varisliyi (və ya kültür dəyərlərinin irsiliyi) ilə sivil özünəməxsusluğunun vəhdəti sərhədləri daxilində konkret məzmun alırlar.
Milli ideyanın formaları
Aydındır ki, müəyyən səbəblərdən bir cəmiyyət məhdud radikal ultramillətçi milli ideya formalaşdırır, digərləri sırf dini maraqlara görə milli ideyaya məzmun verir (onlar, adətən, özünü böyük sayan dövlətlərdə olur və uzaq strateji məqsədə xidmət edir), bir başqa dövlət isə demokratik müstəvidə yerli (milli) dəyərlərlə bəşəri dəyərlərin (qlobal, beynəlxalq, multikultural) sintezi kontekstində milli ideya müəyyən edir. Dünya tarixində rast gəlinən bir neçə nümunənin timsalında milli ideyanın vurğulanan növlərini görmək olar.
Ultramillətçi milli ideya faktiki olaraq eyni ruhda dərk edilən millət ideyasından qaynaqlanır. Filosoflar bunu cəmiyyətin tarixin gedişində özünü itirməmək üçün müraciət etdiyi və sosial-mədəni praktikanın özəlliyi ilə izah edirlər. Əgər bu praktikada qərəzli və başqalarına yönəlik aqressiv elementlər varsa, toplumun özünün millət haqqında təsəvvürlərində mütləq radikal ultramillətçi məqamlar üstünlük təşkil edəcəkdir. Misal olaraq keçən əsrin başlanğıcında alman cəmiyyətində qisas amili üzərində dövlətin inkişaf etdirilməsini göstərmək olar.
Almanlar öncəki tarixi mərhələlərdə Avropanın bir sıra dövlətlərindən zərbələr aldıqlarından XIX-XX əsrlərdə qisas duyğusu üzərində toplumsal sosial-psixoloji dəyişikliklər etdilər. Nəticəsi o oldu ki, XX əsrdə iki dəfə dünya savaşına qatıldılar və hər ikisində məğlub oldular.
II Dünya savaşında A.Hitlerin ideologiyası sırf ultraradikal, qisasçı və məhdud etno-mədəni xüsusiyyətlərə əsaslanırdı. Bunun təzahür forması faşizm oldu və dünya tarixində bu məsələyə görə almanlar müsbət olmayan imicə sahib oldular. Lakin kökdən alman toplumunun yaradıcı etnomədəni və sivil keyfiyyətələri K.Adenauerə imkan verdi ki, XX əsrin ikinci yarısında milli ideyanı yeniləşdirərək “barış strategiyası” tezisi müstəvisinə gətirə bilsin. Bu barədə Henri Kissincer XX əsrin dünya strategiyalarına həsr edilmiş əsərində vurğulayır.
Erməni ultramillətçiliyi
Kiçik dövlət olan Ermənistan başqa məzmun və formada millət ideyasından milli ideyaya keçid etmişdir. Ermənilər uydurma müstəsnalıq təsəvvürü əsasında “ən qədim dini və mədəni millət” xülyasına uymuşlar. Bu əsasda onlar “hər bir qonşudan daha yaxşıyıq” xəyalına qapılmışlar. Nəticədə, “soyqırım” nağılı əsasında qonşu ölkələrə, mədəniyyətlərə, dövlətlərə qarşı radikal ultramillətçi baxışlar qazanmışlar.
Onlar almanlardan fərqli olaraq, toplum kimi təməldən güclü yaradıcılıq və dünyəvilik keyfiyyətlərinə malik olmadıqlarından millət anlayışında və milli ideyada hələ də radikal ultramillətçi mövqeni tərk edə bilmirlər. Konstitusiyalarında hələ də qonşu dövlətlərə ərazi iddiaları qalmaqdadır. Hətta təhlükəsizlik doktrinalarında Azərbaycanın Gəncə şəhərinə iddia yer almışdır.
Milli ideyanın ultramillətçi formasından fərqli növləri də vardır. Onlar dini təsəvvürlərə dayanan milli ideya və demokratik dəyərlərə söykənən müasir və sivil xarakterli növləridirlər. Dini təsəvvürlər üzərində bərqərar olan milli ideyaya nümunə olaraq Avropa dövlətlərini və Rusiyanı göstərə bilərik. Onlardan fərqli olaraq, Azərbaycan Respublikası demokrtatik dəyərlərə söykənən müasir və sivil xaraktrli milli ideya formalaşdırır. İndi Azərbaycan hakimiyyəti və cəmiyyəti yeni tarixi mərhələ üçün belə milli ideyanı formalaşdırır.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru