Bakı daha bir möhtəşəm mədəni hadisəyə şahidlik etdi. Prezident İlham Əliyevin iştirak etdiyi Azərbaycanın aşıq yaradıcılığının görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Ələsgərin abidəsinin açılışı mərasimi oldu.
Əvvəlcə onu qeyd edək ki, ustad sənətkarın şərəfinə ucaldılan abidə Azərbaycan dövlətinin milli mənəvi dəyərlərimizə olan yüksək ehtiramının, adət-ənənələrimizə sadiqliyin nümunəsi idi. Formaca rəngarəng, məzmunca zəngin olan və xalqımızın mədəni sərvətinə çevrilmiş Aşıq Ələsgər yaradıcılığına göstərilən yüksək ehtiram ölkəmizin ədəbi ictimaiyyəti tərəfindən alqışla qarşılandı.
Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O bildirib ki, Prezident İlham Əliyevin mərasimdə səsləndirdiyi məzmunlu çıxışı xalq olaraq tariximizin, mədəniyyətimizin unutdurulmaması, yaşadılması, nəsildən-nəsilə ötürülməsi baxımdan olduqca əhəmiyyətli idi. Ölkə başçısı qeyd etdi ki, müəyyən müddətdən sonra Azərbaycan xalqı öz ata-baba yurdlarına qayıtdı, “yəni, hamısı olmasa da, böyük bir qisim qayıtdı”: “Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var”. Dövlətimizin başçısı diqqəti bu mövzuya yönəltməsi təsadüf deyildi. Çünki Aşıq Ələsgərin özü də Göyçə mahalından idi.
Bu gün Qərbi Azərbaycanda, tarixi torpağımızda etnik təmizləmə nəticəsində bir nəfər də olsun azərbaycanlı yaşamır. Orada mədəni irsimizin ya tamamilə məhv edildiyi, ya da ciddi şəkildə zədələnib saxtalaşdırıldığı məlumdur. Aşıq Ələsgərin yurdu Göyçə mahalı da qədim İrəvan xanlığının şimal-şərq hissəsində - Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin mərkəzlərindən biri hesab olunur.
Aşıq Ələsgər də bir çox azərbaycanlı kimi erməni şovinistlərinin etnik təmizləməsinin qurbanı olmuşdu. Böyük sənətkar ömrünün son illərində doğma yurdunu tərk etmək məcburiyyətində qalmışdı. Həmin vaxt onun 97 yaşı var idi.
Prezident İlham Əliyev Aşıq Ələsgərin taleyindən danışarkən bildirdi ki, 1918-ci ildə erməni vandalları azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular: “Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir”.
Dövlət başçısı maraqlı bir məqama toxunaraq qeyd etdi ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ötən əstin 70-ci illərində Sovet İttifaqı miqyasında qeyd olunan Aşıq Ələsgərin 150 illik yubileyi münasibətilə böyük ustadın doğma kəndi olan Ağkildə ona abidə ucaldılmışdı.
Dövlət başçısı əminliklə vurğuladı ki, gün gələcək Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edib Ağkilsə kəndində də analoji mərasim keçiriləcək.
Deputat yekunda bidirib ki, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyev daha bir milli məqsəd qoyur - azərbaycanlıların öz tarixi torpaqlarına, Qərbi Azərbaycana qayıtması. Ona görə də əminliklə demək olar ki, hazırda uğurla həyata keçirilən “Böyük Qayıdış” proqramı çox tezliklə bir vaxtlar deportasiya edilmiş azərbaycanlıları öz tarixi torpaqlarına - Qərbi Azərbaycana qayıdışına yol açacaq! Biz Prezident İlham Əliyevin qətiyyəti ilə tarixi yurd yerimizə qayıdacağıq, Qarabağa qayıtdığımız kimi. O gün uzaqda deyil.